‡агрузка...

"Diqlas"dakı yanğına görə məsuliyyəti KİM DAŞIYIR? - ŞOK DETALLAR+FOTOLAR

loading...
 
Martın 26-da “Diqlas” Ticarət Mərkəzindəki yanğın yüzlərlə obyektin yerləşdiyi binanı yararsız hala saldı. Qeyri-rəsmi məlumatlara görə, sahibkarlara milyonlarla manat ziyan dəydi. Yanğın nəticəsində ticarət mərkəzinin binası tam yararsız hala düşdü. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzov yanğın bildirdi ki, ticarət mərkəzinin heç bir mərtəbəsində yanğınsöndürmə sistemi yoxdur. Yanğın söndürmək üçün su 2 kilometr uzaqdan gətirilib. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizlik qaydalarına ciddi nəzarət olunmadığından yanğın bu cür geniş yayılıb.

Femida.az   məsələnin  hüquqi  tərəflərini araşdırıb. Ortaya çıxan 2 əsas suala sahənin mütəxəssisləri vasitəsi ilə aydınlıq gətirmişik.

1. Binada yanğınsöndürmə sistemi yoxdursa və təhlükəsizlik tədbirləri lazımi səviyyədə deyilsə, buna görə məsuliyyəti kim daşımalıdır? Mağaza icarədarları, obyekt sahibi, yoxsa FHN?

Vəkil  Absələddin Əliyev  Femida.az-a açıqlamasında bildirib ki, bu məsələlər “Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu” ilə tənzimlənir:

“Qanunun 5-ci maddəsində dövlət orqanının, 7-ci maddəsində isə vətəndaşın hüquq və vəzifələri göstərilib. Bu vəzifələrin yerinə yetirilməməsi məsuliyyət yaradır. Burada insanların maddi sərvətinə ziyan dəydiyinə görə, ilk növbədə mülki məsuliyyət yaranır. Yalnız o halda mağaza sahiblərinin mülki məsuliyyəti müəyyən oluna bilər ki, onlar hər hansı yanan əşyanın ortada buraxılması, ocağın yandırılması, elektrik əşyalarının nəzarətsiz buraxılmasına və s. səbəb olsun.


Ticarət Mərkəzinin sahiblərinə gəlincə, onların da burada məsuliyyəti var. İcarə müqaviləsi bağlanarkən, təhlükəsizlik tədbirləri həyata keçirilməli idi. Obyekt sahibləri nəzarəti keçirən dövlət orqanlarının tapşırıqlarını yerinə yetirməli idilər.

Dövlət orqanlarının məsuliyyətinə gəlincə, maarifləndirmədən tutmuş konkret tədbirlərə qədər olan məsələlər var. Mağazalarda yanğın təhlükəsizliyinə qarşı qurğular müvafiq qaydada quraşdırılmalıdır. Yalnız bundan sonra tikili istifadəyə verilə bilər. Buna nəzarəti isə FHN aparır”.

“Zərər çəkən sahibkarlar kompensasiya ala bilər. FHN burada öz vəzifələrini lazımınca icra etməyibsə, vətəndaşlar ziyan görübsə, bu halda vətəndaşların mülki qaydada kompensasiya tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ yaranır”, - deyə vəkil qeyd edib.

Məsələnin ikinci tərəfi isə zərərçəkən sahibkarların sığorta və kompensasiya ödənişi ilə bağlıdır. Belə ki, Nizami rayon icra başçısı Arif Qasımovla görüşə çıxış edən sahibkarlar bildiriblər ki, mallarını sığorta etdirməsələr də, hər ay küllii miqdarda obyekt sahibinə pul ödəyiblər. Buna görə də, obyekt sahibinin maddi imkanları var ki, dəymiş ziyanı ödəsin.


Sual yaranır:

Əgər mağaza sahiblərinin sığortası yoxdursa, bu halda dəymiş zərər kim tərəfindən və necə qarşılanmalıdır?

Sığorta eksperti Ceyhun Əsgərov Femida.az məsələni diqqətdə saxlayacaq.-a açıqlamasında bildirib ki, ticarət mərkəzindəki malların heç birinin sığortası yoxdursa, bu qanunla nə dövlət tərəfindən, nə də sığorta şirkətləri tərəfindən qarşılanmalıdır:

“Burada nə dövlət, nə də sığorta şirkətləri heç bir məsuliyyət daşımır. Çünki bu şirkətlər xeyriyyə müəssisəsi deyil ki, sığortası olmayan şəxslərə ödəniş etsin. Burada məsuliyyət sahibkarların üzərinə düşür. Onlar vaxtında əmlakını sığorta etdirməli idi.

Düzdür, sığorta şirkətlərinin özləri də iri ticarət mərkəzləri ilə sığorta müqaviləsi bağlamaqda maraqlı deyil. Fikir verin, son 2-3 ildə “Sədərək”, “Binə”, Sumqayıtda “Karvan” ticarət mərkəzləri yanıb. Özü də bir dəfə yox. Yəni bu cür iri mərkəzlərdə yanğına qarşı qabaqlayıcı tədbirlər görülmür. İşçilərin əksəriyyətinin yanğın təlimatından xəbəri yoxdur. Arakəsmələr nazik taxtadan qoyulur. Bütün bunlar göz görə-görə hadisəyə addımlamaq deməkdir. Ona görə, sığorta şirkətləri bu cür ticarət mərkəzlərində sığorta etməklə böyük riski üzərinə götürmüş olur”.



“Allah kərimdir, ürəyim təmizdir, Allah məni qoruyur”

C.Əsgərov bildirib ki, bu cür iri obyektlərdə ən qorxulu hadisə yanğındır:

“Oğurluq olanda, oğru gücü çatan qədər mal apara bilir, yanğında isə bütün mallar tələf olur. Sığorta şirkətləri belə yerlərə gedib sığorta müqaviləsi təklif edəndə, mağaza sahibləri deyir ki, “Allah kərimdir, ürəyim təmizdir, Allah məni qoruyur”. Bizim cəmiyyətmizdə bu fikirlərlə yaşayan insanlar az deyil.

Bağlanan icarə müqaviləsindən asılı olaraq, sığortanı ticarət mərkəzinin sahibi və ya mağaza sahibi etməlidir. Azərbaycan praktikasında bunu daha çox mağaza sahibləri edir. Sahibkarlar şikayət edir ki, bizə ziyan dəyib. Bəzisi deyir, mənə 5 milyon, bəzisi 100 min, bəzisi 2 milyon manat ziyan dəyib. Əgər sənin burada 2 milyonluq malın varsa, nəyə görə, sən il ərzində 2 min manatından keçib mallarını sığortalamamısan?


Qanunla bu vəziyyətdə bu ziyanı aradan qaldırması dövlətin borcu deyil. Amma bildiyiniz kimi son dövrlərdə dövlətimiz tərəfindən vətəndaşların rifahı adına bir çox sosial islahatlar aparılır. Odur ki, prezidentin sahibkarlara dövlət tərəfindən kompensasiya edilməsi qərarını alqışlamaq lazımdır. Bu obyekt yüzlərlə ailənin qazanc yeri idi. İstənilən halda FHN-in araşdırması sona çatmalıdır, yekun rəy verilməlidir. Yalnız bundan sonra dövlət konkret addımlar atacaq”.

Qeyd edək ki, bu gün Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov bildirdi ki, yanğından zərərçəkənlərə konpensasiya ödəniləcək. PA rəsmisi bildirib ki, Prezidentin tapşırığı ilə hər bir kəsə dəymiş ziyan dövlət tərəfindən ödəniləcək.

Əldə etdiyimiz digər məlumata görə isə, yanğında zərər çəkmiş 7 mağazanın sığortası olub. Həmin mağaza sahibləri sığorta ödənişi üçün "Azsığorta" ASC-yə müraciət edib.

Femida.az məsələni diqqətdə saxlayacaq.
loading...




Paylaş:


28-mar, 2019 347
Загрузка...

loading...