‡агрузка...

İmam Əlinin ədaləti və haqpərəstliyi

And olsun Allaha, səma altda olanlarla birlikdə yeddi iqlimi mənə versələr ki, arpa qabığı aparan qarışqanın haqqını pozum, bu işi etmərəm. Sizin bu dünyanız mənim nəzərimdə çəyirtkənin ağzında yarpaqdan da dəyərsizdir. Əlinin (ə) ötəri dünya ne'mətləri, davamsız ləzzətlərlə nə işi?!" ("Nəhcül-bəlağə" 215-ci xütbə)
 
Oxu24.com  bildirir ki, Təlhə və Zübeyr həzrət Əlinin (ə) xilafəti dövründə varlı olsalar da, həzrətdən umacaqları vardı. Həzrət onların bu istəklərini təəccüblə qarşılayıb, hansı dəlilə əsaslandıqlarını soruşdu. Ərz etdilər: "Ömərin xilafəti dövründə bizim maaşımız daha çox idi". Həzrət buyurdu: "Deyin görüm, Peyğəmbərin dövründə sizin maaşınız nə qədər idi?" Ərz etdilər: "Başqaları kimi". Həzrət buyurdu: "İndi də sizin alacağınız başqaları qədər olacaq. Mən Peyğəmbərin yolunu gedim, yoxsa Ömərin yolunu?" Həzrətin məntiqi qarşısında cavab tapmayan Təlhə və Zübeyr dedi: "Bizim xidmətlərimiz var". Həzrət buyurdu: "Mənim xidmətlərim sizdən də çoxdur. Mən xəlifə olduğum halda ən fəqir adamla mənim aramda nə fərq görürsünüz?" Bir sözlə, Təlhə və Zübeyr ümidlərini üzüb geri döndülər.
 
Həzrət Əli (ə) bütün sahələrdə ədaləti qoruyurdu. Həqiqət nəyi tələb edirdisə, onu da yerinə yetirirdi. Onun öz əyalət hakimlərinə göndərdiyi məktublar hüquqi və əxalqi nəsihətlərlə zəngin idi. Mütəxəssislər həzrətin bu məktublarından xeyli istifadə etmişlər. Corci Zeydan "İslam mədəniyyəti tarixi" kitabında belə yazır: "Biz ki, nə Əlini (ə), nə də Müaviyəni görmüşük, onların haqqında necə mühakimə edə bilərik?" Xeyir belə deyil! Həzrət Əli (ə) və Müaviyədən qalmış məktublar on dörd əsr sonra onların haqqında mühakimə yürütməyə ciddi əsas verir.
 
Müaviyənin öz hakimlərinə yazdığı əksər məktublarından belə görünür ki, onun məqsədi xalqı əsarət altına almaq, var-dövlət toplamaq olmuşdur. Hakimlər xalqdan topladıqları məbləğin bir hissəsini özlərinə götürür, bir hissəsini isə Müaviyəyə göndərirdilər. Həzrət Əli (ə) isə bütün məktublarında öz hakimlərini pəhrizkar olmağa, Allahdan qorxmağa, namaz və digər vacib əməlləri yerinə yetirməyə, oruc tutmağa, əmr be məruf və nəhy əz münkərə, yoxsullarla mərhəmətli davranmağa, fəqirlərdən muğayat olmağa, imkansızlardan xəbərsiz qalmamağa çağırır. Həzrət tabeliyində olanlara  bildirir ki, Allah onların bütün əməllərini görür və həyatın sonu bu dünyadan köçdür.
 
Dar baxışlı insanlar belə düşünürlər ki, Həzrət Əli (ə) siyasətçi olmamışdır. Onlar həzrətin Müaviyəni işdən dərhal kənarlaşdırmamasını, altı nəfərlik şurada Əbdürrəhman ibn Ovfun təklifi ilə razılaşmamasını, Süffeyn döyüşündə Əmr Ası azad buraxmasını onun siyasətlə tanış olmaması ilə izah edirlər. Amma unutmaq olmaz ki, həzrət Əli (ə) səxavətli, nəcib, mərhəmətli, haqq-ədalət tərəfdarı olan bir insan idi. O, xalqa Müaviyə və onun kimi dünyapərəstlər tək rəhbərlik edə bilməzdi. Çünki həzrətin xilafəti ilahi bir xilafət idi. Bu xilafətdə ilahi əxlaq, haqq-ədalət prinsipləri əsas götürülmüşdü. Hiylə işlətmək, tələ qurmaq həzrət Əliyə (ə) yaraşmayan işlər idi. Onun belə yollara əl atmaması bu işləri bacarmaması demək deyildi. Həzrət özü bu barədə buyurur: "And olsun Allaha, Müaviyə məndən zirək, bacarıqlı deyil. O sadəcə hiylə işlədir, günaha batır". Başqa bir məqamda həzrət buyurur: "Əgər təqva olmasaydı, mən bütün ərəbdən zirək olardım. Amma Əlini (ə) başdan ayağa haqqın təcəllası bürümüşdü. O, haqqı deyirdi, haqqı görürdü, haqqı axtarırdı, haqqı müdafiə edirdi.
 
Həzrət Əlinin (ə) ədaləti haqqında belə bir əhvalat nəql olunur: "Əmarə Həmdaninin qızı Sudə həzrət Əlinin (ə) şəhadətindən sonra Müaviyəyə onun hakimi Bosr ibn Ərtatdan şikayət etdi. Müaviyə onu Siffeyn döyüşündə Əlini (ə) müdafiə etdiyi üçün qınadı və dedi: "İstəyin nədir ki, bura gəlmisən?" Sudə dedi: "Bosr bizim var-dövlətimizi aldı, kişilərimizi öldürdü. Sən Allah yanında hakimlərinə görə məs'ulsan. Biz nizam-intizamı qorumaq üçün sənə görə ona toxunmadıq. İndi mənim şikayətimə baxsan, sənə təşəkkür edərik, yoxsa səndən üz döndərərik". Müaviyə dedi: "Ey Sudə, məni hədələyirsən?" Sudə başını aşağı salıb dedi:
 
Ya Rəbb, salam göndər sən o kəsə ki,
Ədalət dəfn oldu onunla sanki.
 
Müaviyə soruşdu: "Kimi nəzərdə tutursan?" Sudə dedi: "And olsun Allaha, o Əmirəl-mö'minin Əli (ə) idi. Onun xilafəti dövründə bir nümayəndəsi ədalətdən kənar rəftar etdiyi üçün həzrətin yanına şikayətə getdim. Xidmətinə çatdığım vaxt həzrət namaz üçün müsəllada dayanmışdı. Təkbir demək istədiyi vaxt məni görüb dayandı və mehribanlıqla gəlişimin səbəbini soruşdu. Mən onun nümayəndəsinin ədalətsizliyi haqqında danışdım. Bu sözləri eşitdikdə həzrətin gözləri yaşardı, üzünü göyə tutub dedi: "Ey qahir və qadir Allah, Sən bilirsən ki, mən həmin şəxsi xalqa zülm-sitəm üçün göndərməmişəm". Sonra cibindən bir dəri parçası çıxarıb həmin nümayəndəyə məzəmmətli bir məktub yazdı. Əmr etdi ki, həmin şəxs bir daha xalqın qapısına getməsin və onun yerinə bir başqası göndəriləcək.
 
Müaviyə bu sözləri eşitdikdən sonra katibinə göstəriş verdi ki, Bosra məktub yazsın. Müaviyə məktubunda Bosra əmr edirdi ki, Sudənin qəbiləsindən aldığı mal-mülki onlara qaytarsın.
 
Bəli, həzrət Əli (ə) öz hakimlərinə yazdığı bütün məktublarda onları ədalətə çağırırdı. Bunu Corci Zeydan da öz kitabında təsdiq edir. Əgər həzrətin hakimiyyəti uzun çəksəydi, onun beş illik hakimiyyəti dövründə daxili müharibələr, hərc-mərclik olmasaydı, müsəlman cəmiyyətinin vəziyyəti başqa cür olardı. Çünki həzrətin hakimiyyət üsulu ədalətin zahiri bir nümunəsi idi. Bu mövzunu daha da aydınlaşdırmaq üçün həzrətin Malik Əştərə yazdığı əhdnaməyə nəzər salaq: "Ey Malik, səni elə bir yerə göndərmişəm ki, orada səndən qabaq zalımlar hakimlik edib. Xalq sənin işinə elə baxır ki, sən əvvəlki hakimlərin işinə elə baxırsan. Sən əvvəlkilərin haqqında nə deyirsənsə, onlar da sənin haqqında onu deyirlər. Sən yaxşıları Allahın onlar haqqında xalqın dilinə gətirdiyi sözlərlə tanıyarsan. Ona görə də sənin üçün ən yaxşı ehtiyat yaxşı əməl olsun. Ey Malik, nəfs istəklərinin cilovunu əlinə al. Nəfsini caiz və halal olmayan şeylərdən qoru. Nəfsin istəyib-istəmədiyi şeylərdə xəsislik etmək ədalət və insafdır. Xalqla qəlbən mehriban ol, onlarla xoş və dostcasına rəftar et. Onları parçalamağı qənimət sayan heyvan kimi rəftar etmə. Çünki onlar iki dəstədirlər: Ya din qardaşlarındır, ya da sənin kimi Allah məxluqlarıdır. Onlardan xətalar baş verir, bilərəkdən və ya bilməyərəkdən günaha yol verirlər. Buna görə də onları bağışla. Necə ki, özünün bağışlanmağını istəyirsən. Çünki sən onların rəisisən. Səni onlara hakim tə'yin edən səndən yuxarıdır. Allah isə səni vali tə'yin edəndən də uca və üstündür. Allah səndən onların istəklərini yerinə yetirməyini gözləyir və onları sənin üçün imtahan qərar vermişdir.
 
Ey Malik, məbada Allahla döyüşə çıxasan. Çünki nə Onun qəzəbi qarşısında durmaq qüdrətin var, nə də mərhəmətindən ehtiyacsızsan. Başqalarını bağışladığın üçün peşman olma. Başqalarına verdiyin cəza səni sevindirməsin. Udmaqla ucalacağın qəzəbə tələsmə. Sən deməməlisən ki, mənə əmirlik verilib, mən göstəriş verirəm. Çünki bu üsul qəlbin xarabalığına, dininin zəifləməsinə, hadisələrin yaxınlaşmasına və ne'mətlərin əvəz olmasına səbəb olar.
 
 Ey Malik, hakimlik sənə qürur gətirəndə səndən uca olan Allahın əzəmətinə, özünə münasibətdə onun qüdrətinə, gücün çatmayacaq işlərə nəzər sal. Bil ki, belə bir baxış və düşüncə sənin azğınlığını və təkəbbürünü azaldar".
 
Göründüyü kimi, həzrət Əlinin (ə) bütün göstərişləri təqva, ədalət, haqpərəstlik, mehribanlıq haqqındadır. Həzrət (ə) təkcə Malikə belə tövsiyə verməyib. O bütün hakimlərinə bu sayaq nəsihətlər buyurmuşdur.
loading...




Paylaş:


22-mar, 2019 176
loading...
Загрузка...
loading...