Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77795
az

Azərbaycanın bu rayonlarında QİÇS yayılıb- ekspertlər səbəbləri  açıqladı

18:5401 Dekabr, 2022
320
TİBB
  • A

QİÇS xəstələrinə daha çox Şirvan, Hacıqabul, Sumqayıt, Astara, Lənkəran, Masallı, Yevlax rayonlarında rast gəlinir. Bu barədə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov bildirib. O qeyd edib ki, Bakıda isə hər 10 min nəfərdən 7,9 faizi bu xəstəliyə yoluxur: “Bu kifayət qədər yüksək göstəricidir. Yoluxma mənbəyi ərazi olaraq qiymətləndirilir. Bölgələrdə xəstəliyin aşkar edilməsi istiqamətində laboratoriyalarımız mövcuddur. Belə ki, xəstəliyə yoluxma ehtimalı olan insanlar müəyyən olunur və müalicəsi aparılır. Ötən 10 ildə inyeksion narkotik istifadəçiləri arasında QİÇS virusunun ötürülməsi və yayılması 2 dəfəyə qədər azalıb. Ölkəmizdə QİÇS virusunun yayılmasının lokallaşdırılmasına nail olunub. Virus daha çox 25-49 yaş qrupu arasında yayılıb. Bundan aşağı yaş qrupunda yoluxma halları o qədər də rast gəlinmir. Ümumilikdə isə, ölkə üzrə yoluxan şəxslərin statistikasına baxdıqda 70 faiz kişilərdə, 30 faiz isə qadınlarda yoluxma halları qeydə alınır”. Mərkəzin direktoru son 10 ayda QİÇS-ə yoluxanların statistikasını qeyd edib: “10 ayda virusa yoluxan 695 nəfər aşkar edilib. Onların 680 nəfəri Azərbaycan vətəndaşı olub. Bunun da 68 %-i kişi, 32 %-i isə qadın olub”.

Famil Məmmədov İİV-ə yoluxmuş şəxslər arasında daha çox ölüm hallarının vərəm xəstəliyindən olduğunu diqqətə çatdırıb: “2016-2021-ci illər ərzində ən çox ölüm halı 2018-ci ildə qeydə alınıb - 93 nəfər. Bu faktlar arasında vərəm xəstəliyindən ölüm daha çoxdur-27,3 faiz təşkil edir. İkinci yerdə isə, onkoloji xəstəliklərdir - 12,3 faiz. Qaraciyər sirrozundan 9,5 faiz, ürək-damar pataloji xəstəliklərindən ölüm isə 6,2 faiz təşkil edib. Ölkədə vəziyyət nəzarət altındadır. Heç bir sıçrama müşahidə olunmur. Azərbaycan region ölkələri arasında ən az yoluxma müşahidə olunan ölkədir. QİÇS-ə yoluxanların 90 faizini aşkarlasaq, onları müalicəyə cəlb edə bilsək və hamısında uğurlu nəticə əldə etsək, beynəlxalq səviyyədə müəyyənləşdirilmiş hədəflərə çatmış olacağıq. Artıq bu hədəflərə yaxınlaşmaq üzrəyik. Müalicələrdə uğurlu nəticələrimiz 86 faizə yaxınlaşıb. Region ölkələri üçün təcrübəmiz nümunə olaraq göstərilir”.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin müalicə işinin təşkili idarəsinin inspektoru Ziya Ağazadə məlumat verib ki, Azərbaycanda penitensiar müəssisələrdə İİV-ə yoluxmuş 398 təqsirləndirilən şəxs və məhkum var. Qurumun rəsmisi bildirib ki, bu vətəndaşlardan 392-si kişi, 6-sı qadındır: “İİV-li məhkumlar antiretrovirus müalicəyə (ARV terapiya) 695 cəlb olunur. Hazırda 398 məhkumun 369-u bu terapiyaya cəlb olunub. 2020-ci ildə terapiyaya cəlb olunanların faiz göstəricisi 90,2 faiz, 2021-ci ildə 91,1 faiz, 2022-ci ildə isə 92,7 faiz təşkil edib”, deyə Z.Ağazadə əlavə edib.Rəsmi statistikaya görə, İİV-lə yaşayan 38,4 milyon insan mövcuddur. Bu vaxta qədər dünyada 40 milyona yaxın insan İİV-dən vəfat edib.

İnfeksionist-hepatoloq Mərdan Əliyev Musavat.com-a  bildirdi ki, bu xəstəliyə Bakıda  orta dərəcədə rast gəlinir, bəzi bölgələrdə isə demək olar ki, rast  gəlinmir: “Açıqlamada da qeyd olunduğu kimi, Şirvan, Hacıqabul, Sumqayıt, Astara, Lənkəran, Masallı, Yevlax rayonlarında daha çox rast gəlinir. HIV/QİÇS əsasən cinsi əlaqə yolu ilə yayılır. Narkotik vasitə istifadəçilərinin də bu xəstəliyə yoluxma riski yüksəkdir. Vena daxilinə inyeksiya yolu ilə eyni iynədən istifadə olunduqda yoluxma ehtimalı var. Adiçəkilən rayonlarda xəstəliyin geniş yayılması bu iki səbəblə bağlıdır”.

İnfeksionist Nicat Əzimli də qeyd etdi ki, xəstəliyin insandan insana ötürülməsi cinsi mayelər və qan vasitəsilə  baş verir. Onun sözlərinə görə cinsi əlaqə və qanlı prosedurlar zamanı insan yoluxa bilər: “Xüsusilə, çox sayda cinsi partnyoru olan şəxslər qorunmadan cinsi əlaqədə olduqlarında onlar üçün real təhlükə var. Əlavə olaraq qanla təmasın mümkün olduğu mikro və ya makrotravmatik tibbi prosedurlarda sanitariya qaydalarına riayət olunmaması halında (stomatoloji, cərrahi, inyeksion və s), kosmetoloji prosedurlar zamanı (manikür, pedikür alətləri və s), narkotik maddələrin başqa şəxsdə istifadə olunmuş şprislərlə damara inyeksiyası ilə də insan yoluxa bilər. Bəzi hallarda isə təsadüfi olaraq xəstə şəxsdə istifadə olunmuş iynənin digər insanın dərisinə batması ilə (xüsusilə tibb işçilərində nisbətən çox rast gəlinir) yoluxmalar qeydə alınır. Qeyd olunan bölgələrdə bu faktorların hər hansı birinin və ya bir neçəsinin üstünlük təşkil etməsi həmin ərazilərdə QİÇS xəstəliyinin intensivliyini artıra bilər”.

Qeyd edək ki, etmək yerinə düşər ki, hər il 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ərəfəsində – noyabrın son həftəsində Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi” kütləvi maarifləndirmə tədbiri təşkil edir. “Avropa İİV-ə testləşmə həftəsi” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Birləşmiş Millətlər Təşkilatının İİV/QİÇS  (UNEYDS) üzrə Birləşmiş proqramının birgə təşəbbüsü ilə keçirilən kampaniyadır. Bu həftə ərzində ÜST-ün Avropa zonasının bütün ölkələrində kütləvi maarifləndirmə və İİV-ə testləşmə aksiyaları təşkil olunur. Aksiyaların məqsədi regionda daha çox insanın İİV infeksiyasına münasibətdə özünün statusu barədə öyrənə bilməsi və bu xəstəliyin diaqnostikasında gecikmə probleminin minimuma endirilməsidir. Strateji planda “Avropa İİV-ə testləşmə həftəsi” erkən diaqnostika və müalicənin başlanması hesabına virusun sonradan ötürülməsinin qarşısını almaqla İİV infeksiyası epidemiyasına son qoymaq məqsədini güdür. Testləşmə kampaniyası kimi xeyirxah təşəbbüs 2013-cü ildə yaranıb və bu, hamı tərəfindən qəbul edilmiş Avropa hadisəsi sayılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər