Qaynar xətt:

(+99450) 247 90 86

Bu virusa yoluxanları Dövlət pulsuz müalicə edir   —  Həkimlə İİV virusu mövzusunda MÜSAHİBƏ

AKTUAL

5943

26.04.2025, 11:51

Bəşəriyyətin İİV,yaxud QİÇS adlandırılan bəlası var. Əsasən qan vasitəsi ilə yoluxan bu virus  ömürlük insan orqanizmində qalmaqla onunla bir ömür boyu addımlayır. Cəmiyyətin bir qismi bəlkə də bu sağalmaz virusla bağlı məlumatlı deyildir.

Oxu24.com cəmiyyətdə maarifləndirmə aparmaq,gəncləri bu dəhşətli bəladan qorumaq məqsədi ilə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova ilə görüşüb,onunla həbsöhbət olub.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova ilə müsahibəni təqdim edirik:

Günəş xanım, İİV(QİÇS) nədir?

İİV infeksiyası – İnsanın immunçatışmazlığı virusu tərəfindən törədilən və immun sistemin getdikcə artan zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir. 

QİÇS isə İİV-infeksiyasının sonuncu mərhələsidir ki, bu mərhələdə artıq immun sistemin daha proqressiv zədələnməsi müşahidə edilir və xəstələrdə çoxsaylı ağırlaşmalar – vərəm, mərkəzi sinir sisteminin zədələnməsi, mədə-bağırsaq sistemində patologiyalar, bədxassəli şişlər inkişaf edir.

Virus hansı yollarla keçir?

İnfeksiyaya yoluxmanın 3 əsas yolu vardır:

Cinsi yol - İİV-ə yoluxmuş şəxslə qorunmamış cinsi əlaqələr nəticəsində;

Parenteral yol - İİV-ə yoluxmuş qan və qan preparatlarının köçürülməsi, İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı, İİV-lə çirklənmiş tibbi ləvazimat və məhlullardan istifadə edərkən, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında qeyri steril şprislərdən ümumi istifadə zamanı, İİV-lə çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarının istifadəsi nəticəsində;

Üçüncü yol isə İİV-ə yoluxmuş anadan uşağa hamiləlik dövründə, doğuş zamanı və ana südü ilə qidalanma zamanı.

İİV-ə yoluxduğumuzu necə hiss edə bilərik? İlkin əlamətləri varmı?

İlk öncə onu qeyd etmək istərdim ki, İİV-infeksiyası spesifik əlamətləri olmayan bir infeksiyadır. Xəstəliyin gedişində 4 kliniki mərhələ ayırd olunur. Bu mərhələlərdən asılı olaraq, İİV-ə yoluxmuş şəxslərdə müxtəlif kliniki simptomlar müşahidə oluna bilər. İlkin mərhələdə xəstələrdə digər virus mənşəli xəstəliklərdə müşahidə olunan simptomokompleks, yəni ümumi halsızlıq, iştahasızlıq, arıqlama, tez yorulma, limfa düyünlərinin böyüməsi, periodik olaraq hərarətin yüksəlməsi, ishal və s. hallar  müşahidə olunur. Daha sonrakı mərhələlərdə isə digər ağırlaşmalar- dəri və daxili orqanların göbələk mənşəli zədələnmələri, vərəmə xas əlamətlər, bədxassəli şişlər qeyd olunur. Xəstəliyin sonuncu, dördüncü mərhələsi QİÇS sindromu, yəni Qazanılmış  İmmunçatışmazlığı sindromu adlanır. Bu mərhələdə xəstələrdə onkoloji xəstəliklər, Mərkəzi sinir siteminin zədələnməsi, ağ ciyərdən kənar üzvlərin vərəmi ilə ağırlaşmalar baş verir. Bəzən, xəstəlik illərlə gizli şəkildə, heç bir kliniki əlamətlər müşahidə olunmadan davam edə bilər və təsadüfi müayinələr zamanı qanda virus aşkarlanır. Bu səbəbdən də, insanların ən azı ildə iki dəfə İİV-ə görə testdən keçmələri tövsiyə olunur. Müayinələr Respublika QİÇS-lə Mübarizə mərkəzində və regional laboratoriyalarda , könüllü müayinə məntəqələrində dövlət hesabına, ödənişsiz, anonim qaydada həyata keçirilir.

İİV-li xəstələrlə cinsi əlaqədə olan şəxslər mütləq İİV-ə yoluxurmu?

İİV virusu ilə yoluxma bir neçə faktorların təsirindən asılıdır. Bunlara İİV-ə yoluxmuş şəxsin qanında virusun səviyyəsi, virulentliyi, İİV-ə yoluxmuş şəxsin antiretroviral müalicə qəbul edib-etməməsi, İİV-lə yaşayan şəxslə kontaktda olan partnyorun İmmunoloji statusunun vəziyyəti, həmin şəxsdə yanaşı xəstəlik və patologiyaların olması və s. faktorlar aiddir. Lakin, bir məqamı yadda saxlamalıyıq ki, İİV virusları ilə yoluxma irqindən, yaşından, cinsindən, sosial statusundan asılı olmadan bütün insanlarda baş verə bilər. Bu məqsədlə, İİV-ə yoluxmanın qarşısının alınmasında profilaktikanın mühüm əhəmiyyəti vardır. Burada ən vacib məqam insanların İİV/QİÇS mövzusunda, profilaktik tədbirlər barədə maariflənməsidir. Biz hər zaman qeyd edirik: “Profilaktika müalicədən daha yaxşıdır”. Riskli davranışlardan çəkinmək, qoruyuculardan istifadə, zərərli vərdişlərdən uzaqlaşmaq, gigiyenik qaydalara əməl olunması İİV-ə yoluxmanın qarşısının alınması üçün əsas tədbirlərdir. Eyni zamanda istərdim, təmasdan öncə və təmasdan sonra profilaktika barədə də məlumat verim. Artıq ölkədə risk qrupları arasında təmasdan öncə profilaktika həyata keçirilir. Bu İİV-ə yoluxmamış şəxslərin İİV-lə yaşayan insanlarla kontaktından öncə virusa yoluxmasının qarşısını almağa yönəldilmiş antiretrovirus preparatının  sxem üzrə qəbulundan ibarətdir. 

Təmasdan sonra profilaktika isə artıq uzun illərdi ölkədə uğurlu şəkildə həyata keçirilir. İİV-li şəxslərlə, təsadüfi, qorunmamış təmasdan sonra, İİV-lə təmas etmiş şpris ucluqları batan zaman, həmçinin, tibb işçiləri arasında İİV-ə yoluxmuş biomateriallarla tibbi zədələnmə baş verdikdə yoluxmanın qarşısının alınması üçün Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etmək tövsiyə olunur. 

Qeyd edim ki, burada vacib məqam təmasdan sonra 72 saat ərzində müraciət olunmasıdır.

Əlavə olaraq, qeyd olunmalıdır ki, ARV terapiyanın da ən əsas məqsədlərindən biri qanda virusun səviyyəsini müəyyən olunmayan səviyyəyədək endirməklə, epidemioloji təhlükənin, İİV-in yayılmasının qarşısını almaqdan ibarətdir. Ona görə də, İİV-ə yoluxmuş şəxslər müalicə rejimlərinə düzgün əməl etdikləri təqdirdə virusun öz partnyorlarına yoluxmasını minimuma endirirlər.

İİV-in müalicəsi mümkündürmü?

İİV-ə yoluxmuş şəxslərin müalicəsi ARV terapiya adlanır. ARV terapiyanın bir neçə məqsədləri vardır:

Epidemioloji – orqanizmdə İİV-virusunun səviyyəsinin minimuma qədər azaldılması ilə virusun bir şəxsdən digərinə ötürülməsinin qarşısını alır;

Virusoloji - qanda İİV viruslarının müəyyən olunmayan səviyyəyədək enməsinə səbəb olur;

İmmunoloji- immunitetin bərpa olmasını və davamlı yüksəlməsini təmin edir;

Kliniki- İİV-ə yoluxmuş şəxslərdə ikincili ağırlaşmaların və fəsadların inkişafıının qarşısını alır;

Sosial-həyatın uzadılması və onun keyfiyyətinin yaxşılaşdırılması, ölüm hallarının azaldılması. 

Burada ən vacib nüans müalicənin ömürlük olmasıdır. Müalicənin əsas şərtlərindən biri xəstələrin müalicəyə sadiqliyidir. Xəstələr ART rejiminə düzgün əməl etmədikdə əlavə fəsadlar müşahidə oluna bilər. Bu hallar Mərkəzin həkimləri tərəfindən nəzarətə götürülür və xəstələrə lazımi xidmət göstərilir. Onu qeyd edim ki, müalicənin bütün xəstələrə əlçatanlığını təmin etmək məqsədilə dərman preparatları dövlət tərəfindən, ödənişsiz şəkildə, konfidensiallıq prinsipi qorunmaqla təmin olunur. Dərman preparatlarının təminatı hər bir İİV-lə yaşayan şəxsə Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən həyata keçirilir. Regionlarda yaşayan xəstələrin müalicəyə əlçatanlığının təmin olunması məqsədilə, ARV preparatların təminatı regional mərkəzlər tərəfindən davamlı aparılır. 

İİV-in müalicəsində hansı dərmanlardan istifadə olunur?

İİV/QİÇS-in müalicəsi ilə bağlı çoxsaylı tədqiqatlar aparılıb və aparılmaqdadır. Hazırda ÜST-ün tətbiq etdiyi son müalicə strategiyasını bütün dünya ölkələri tətbiq edir. İİV-ə yoluxmuş şəxslərin müalicəsi Antiretrovirus terapiya adlanır. Məlumat üçün bildirmək istərdim ki, İİV infeksiyası xroniki xəstəliklər qrupuna aid olduğu üçün müalicəsi də ömürlükdür. Hazırda müalicənin əsas məqsədi orqanizmdə İİV-virusunun replikasiyasının qarşısını almaqla  onun qanda müəyyən olunmayan səviyyəyə qədər endirilməsi və immun sistemin bərpasından ibarətdir. Nəticədə İİV-ə yoluxmuş şəxslərdə həyatın uzadılması və onun keyfiyyətinin yaxşılaşdırılması, ikincili xəstəliklərin inkişafının qarşısının alınması, ölüm hallarının azaldılması və İİV-in ötürülmə tezliyinin azaldılması baş verir. 

Əlbəttə, İİV infeksiyasının müalicəsində ötən illər ərzində çox mühüm irəliləyişlər əldə olunub. Hazırda müalicədə ÜST tərəfindən aparılan tədqiqatlarla effektivliyi sübut olunaraq tövsiyyə edilən müalicə sxemlərindən istifadə olunur. İnfeksiyanın yeni aşkarlandığı və müalicənin ilk tətbiq edildiyi illərdə müalicə sxemində çoxlu sayda həblərin qəbulundan istifadə olunurdusa, bu gün artıq xəstələr rahat qəbul olunan, əlavə təsirləri qeydə alınmayan kombinəolunmuş 1 tabletin qəbulu ilə müalicələrini davam etdirirlər. Azərbaycanda da İİV-ə yoluxmuş şəxslərin müalicəsi ÜST-ün son tövsiyələrinə uyğun qaydada Respublika QİÇS-lə Mübarizə Mərkəzində aparılır. İİV-ə yoluxmuş şəxslərin müayinə və müalicəsi dövlət hesabına, ödənişsiz, konfidensiallıq prinsipi qorunmaq şərtilə, könüllü qaydada həyata keçirilir. Onu qeyd edim ki, müalicənin bütün xəstələrə əlçatanlığını təmin etmək məqsədilə regionda yaşayan pasiyentərə ARV preparatlar regional İİV laboratoriyaları vasitəsilə çatdırılır.

İİV-li xəstə evlənə, ərə gedə bilərmi?

       İİV-ə yoluxmuş şəxslər ailə həyatı qura bilər. İİV müsbət statusu olan şəxsin İİV infeksiyasını öz partnyoruna yoluxdurmasının qarşısının alınması məqsədilə, həmin şəxsə veriləcək vacib tövsiyələrdən biri vaxtında antiretrovirus preparatlarının qəbuluna başlamasıdır. Çünki, ARV terapiya İİV-ə yoluxmuş şəxslərdə virusun qanda müəyyən olunmayan səviyyəyədək enməsini və immunitetin bərpasını təmin etməklə yanaşı, eyni zamanda epidemioloji cəhətdən virusun bir şəxsdən digərinə ötürülməsinin qarşısını alır. Lakin, burada vacib məqamlardan biri pasiyentin ARV terapiyaya sadiqliyidir. Xəstələrin müalicə rejiminə düzgün əməl etməməsi, ARV terapiyada uzunmüddətli və periodik fasilələrin verilməsi virusun yenidən aktivləşməsinə, rezistent ştammların yaranmasına səbəb ola bilir. Belə hallarda hətta öncələr müalicə proqramında olmuş xəstələr virusu asanlıqla öz partnyoruna yoluxdura bilər. 

Nikahdan doğulan uşağın virusa yoluxmama şansı nə qədərdir? Buna zəmanət vermək mümkündürmü?

İİV-ə yoluxmuş anadan sağlam uşaq dünyaya gələ bilər. Ölkədə İİV-infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikası (AUÖP) uğurlu şəkildə həyata keçirilir və son illər ərzində qeydiyyata götürülən və antiretrovirus terapiya qəbul edən hamilələrdə virusun uşağa ötürülmə halı qeydə alınmamışdır. Vurğulamaq istərdim ki, hər bir hamilə qadın mütləq şəkildə qadın məsləhətxanalarında qeydiyyata durmalı və İİV-ə müayinələrdən keçməlidirlər. Hamilə qadın antiretrovirus terapiya qəbul etdiyi təqdirdə virus yükü qanda müəyyən edilməyəcək səviyyəyə qədər enir və dölün yoluxma ehtimalı azalır. Qeydiyyatda olan hər bir qadın hamiləlik planlaşdırmadan öncə mütləq şəkildə davamlı antiretrovirus preparatları qəbul etməlidir.

İİV-li xəstənin müəyyən olunmuş dərmanları içməklə ortalama ömrü nə qədər davam edə bilər? Praktika nə deyir?

        

   İİV-li xəstələrin yaşama müddəti erkən diaqnoz və müalicəsinin erkən başlanmasından asılı olaraq önəmli dərəcədə uzanmışdır. Son araşdırmalara əsasən ART qəbul edən və mütəmadi müayinələrdən keçib, nəzarət altında saxlanılan xəstələrlə İİV-neqativ insanların yaşama müddəti eyni ola bilər. Hazırda antiretrovirus terapiyasının (ART) əlçatan olduğuna görə, İİV-pozitiv insanların həyat keyfiyyəti və yaşama müddəti İİV-neqativ (infeksiyaya yoluxmamış) şəxslərdən fərqlənmir. Yaşama müddətinə təsir edən faktorlar var: Müalicəyə tez başlamaq, dərman qəbulunda sadiqliyin olması, sağlam həyat tərzi, immunitetin səviyyəsi: CD4 hüceyrələrinin yüksək olması, virus yükünün təyin olunmayacaq səviyyəyə gəlib çatması, yanaşı xəstəliklərin olmaması.

İşləriniz göz qabağındadır.Sizi mətbuatdan izləyirik. Növbəti planlarınız nədir?

İİV/QİÇS-lə mübarizədə ən vacib məqam insanların İİV/QİÇS mövzusunda, profilaktik tədbirlər barədə maariflənməsidir. Bizim də həyata keçirdiyimiz bütün tədbirlər cəmiyyətin, insanların maariflənməsinə xidmət edir. İİV-infeksiyasının daha çox risk qrupları arasında yayılmasına baxmayaraq, biz risk qrupları ilə yanaşı ümumi əhali arasında da əks epidemik tədbirlər həyata keçiririk. Bu mənada, Təhsil Nazirliyi ilə əməkdaşlıq şəklində paytaxtda və regionlardakı orta və ali təhsil ocaqlarında şagird-tələbə heyəti üçün təşkil etdiyimiz maarifləndirici tədbirləri, iri ticarət mərkəzlərində, zavod və fabriklərdə keçirdiyimiz silsilə tədbirləri, kütləvi müayinə aksiyalarını, eyni zamanda maarifləndirici videoçarxların və posterlərin Bakı metropoliteninin müxtəlif stansiyalarında, Bakı Nəqliyyat Agentliyinin mübadilə mərkəzində,  şəhərin mərkəzi küçələrində nümayişini misal göstərə bilərəm. Bundan əlavə, AFFA, Azərbaycan Velosiped və Boks Federasiyaları ilə əməkdaşlıq maarifləndirmə kompaniyamıza mühüm töhfələrini verib. Hər il 1 Dekabr- Ümumdünya QİÇS-lə Mübarizə günü ilə əlaqədar ictimaiyyətin diqqətini İİV/QİÇS-lə mübarizəyə cəlb etmək üçün tarixi Qız Qalası işıqlandırılır. Mobil operatorlarından maarifləndirici mesajlar minlərlə abonentə göndərilir. Daha çox əhalinin maarifləndirilməsi məqsədilə sosial şəbəkələr üzərində də aktiv şəkildə fəaliyyət göstəririk. Tərəfimizdən hazırlanan və hər gün yenilənən maarifləndirici materiallar, videoçarxlar daha çox izləyici kütləsinə çatdırılır. Respublika QİÇS-lə Mübarizə Mərkəzi daim bu kimi maarifləndirmə tədbirlərinə xüsusi önəm verməkdədir və növbəti hədəflərimizi də bu istiqamətdə seçməyi planlaşdırırıq.

Bu bəla ilə mübarizədə əmək sərf edən insanlardan biri kimi cəmiyyətə sözünüz nədir?

İlk öncə fərd olaraq, hər kəsə öz sağlamlığının qeydinə qalmağı tövsiyyə edirəm. İİV-ə yoluxmanın qarşısının alınması maariflənmədən başlayır. Xəstəlik barədə məlumatlı olmağı, ən azı ildə iki dəfə İİV-ə müayinələrdən keçməyi tövsiyə edirəm. Hər kəs öz İİV statusu barədə məlumatlı olmalıdır. Bəzən, bu virusa yoluxma təsadüfi müayinələr nəticəsində aşkarlanır. Bəzi hallarda İİV-ə yoluxmuş şəxs heç bir kliniki simptom və dəyişiklik hiss etmədən uzun müddət virusla yaşayaraq, başqalarını yoluxdura bilir. Bu mənada İİV-ə testdən keçməkdə fayda var. İİV-ə müayinələr Respublika QİÇS-lə Mübarizə Mərkəzində və regional laboratoriyalarda ödənişsiz, konfidensiallıq prinsipi qorunmaq şərtilə aparılır. 

Həmçinin cəmiyyətdə İİV-lə yaşayan insanlara qarşı formalaşan stiqma və diskriminasiyaya da diqqəti cəlb etmək istərdim. Hər kəs İİV-lə yoluxmaya məruz qala bilər. Xəstəliyin yoluxma yollarını bilib, profialktik qaydalara riayət etməklə özümüzü İİV-ə yoluxmadan qoruya bilərik.

Sonda həkim olaraq nə vaxtsa, İİV-in tam müalicəsinin dərmanının tapılacağını gözləyirsinizmi?

Əlbəttə, bugün dünyada bu istiqamətdə çox mühüm addımlar atılır. Artıq İİV-lə mübarizədə yeni müayinə və müalicə metodları tətbiq edilir. Bu gün dünya praktikasında İİV-in təmasdan öncə və təmasdan sonra profilaktikası tətbiq edilir. Bu yanaşma ölkəmizdə də həyata keçirilərək, İİV-in diaqnostikası məqsədilə yeni metodologiya tətbiq edilir, müalicədə əlavə təsirləri minimum olan, virusa həssaslığı daha yüksək olan yeni sxemlərin tətbiqindən istifadə olunur. Artıq illərdi ölkəmizdə uğurlu şəkildə İİV-in təmasdan sonra profilaktikası və həmçinin, təmasdan öncə profilaktika həyata keçirilir. Hazırda, xəstəliklə mübarizədə daha effektiv olan birdəfəlik dərmanların hazırlanması üzrə elmi araşdırmalar aparılmaqdadır.

Müsahibəni apardı: Miri Məcidli