Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103968
az

Ceyhun Mirzəyevin yeganə qızı haradadır?

18:4506 Mart, 2024
236
ŞOU-BİZNES
  • A

Dünən - 5 mart tarixi Azərbaycanın tanınmış aktyoru, məşhur "Fəryad" filminin rejissoru mərhum Ceyhun Mirzəyevin anım günü idi.

Milli.Az xəbər verir ki, modern.az-ın məlumatına görə, C.Mirzəyev 1946-cı il aprelin 9-da Bakıda anadan olub. Ceyhun Mirzəyevin atası Cəmil Mirzəyev Qarabağdan - Ağdamın Abdal-Gülablı kəndindəndir. Anası isə Qarabağın məşhur Sarcalı soyundan olub.

Ceyhun Mirzəyevin özündən böyük (ana eyni, ata ayrı) ögey bacısı da vardı. Onun atası anası ilə ailə quranda hər ikisinin ikinci evliliyi olub.

Ceyhun atasını 5 yaşında ikən - 1951-ci ildə itirib. O, anasının və əmisinin himayəsində böyüyüb.

Lap kiçik yaşlarından kinoya gələn Ceyhun Mirzəyevin adı çəkiləndə ilk olaraq "Ögey ana" və "Fəryad" filmləri yada düşür. Əvəzedilməz sənətkar taleyinin birinci dönəmində "Ögey ana"dakı balaca İsmayılla tanınmışdısa, ikinci dövründə "Fəryad"dakı İsmayılla məşhurlaşmışdı.


O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmiş, daha sonra təhsilini Moskvada təkmilləşdirmişdi.

Kinoda müxtəlif rollara çəkilən C.Mirzəyev 5 yaşı olanda "Görüş" filmində (Şıxəlinin oğlu), 11 yaşı olanda "Ögey ana"da oynayıb.

Daha sonra o, "Axırıncı aşırım", "Bəyin oğurlanması", "Cazibə qüvvəsi", "Dəli Kür", "Ən vacib müsahibə", "Əsl dost", "İşarəni dənizdən gözləyin", "İstintaq davam edir", "Koroğlu", "Qanlı zəmi", "Qanun naminə", "Qara qağayı" ("Lenfilm"), "Lətifə", "Mateo Falkone", "Snayperlər" ("Mosfilm"), "Yenilməz batalyon", "Yol əhvalatı", "Fəryad" kimi ekran əsərlərində maraqlı obrazlar yaradıb. Sonralar rejissor köməkçisi və rejissor kimi də özünü sınayıb.

"Fəryad" filmi onun rejissor və aktyor kimi son filmi oldu. Deyilənə görə, Qarabağın işğalını özünə dərd eləyən Ceyhun Mirzəyev bir müddət hətta içkiyə də qurşanıbmış...

Ceyhunun çəkdiyi Qarabağ dərdi və düşmənə hədsiz nifrət onun "Fəryad" filmini çəkməsilə nəticələnib.

O, özünün çəkdiyi və baş rolda oynadığı bu filmə tam baxa bilmədi. Filmin premyerasından öncə infarkt keçirən C.Mirzəyev 47 yaşının tamamına az qalmış - 1993-cü il martın 5-də vəfat etdi.

Ceyhun Mirzəyev milliyyətcə tatar olan Lidiya Qriqoryevna ilə evlənmişdi. 1973-cü ildə ailə quran cütlüyün Cəmalə adlı bir qızları dünyaya gəlib.


Lidiya Mirzəyeva Azərbaycanda ədliyyə sistemində işləyib, baş ədliyyə müşaviri olub. Lidiya xanım 11 iyun 2015-ci il tarixində dünyasını dəyişib.

Bəs Ceyhun Mirzəyevin qızının taleyi necə olub və o, hazırda haralardadı?

Ceyhun Mirzəyevin xalası oğli ilə yaxın dost olmuş və vaxtilə mərhum sənətkarla şəxsi münasibətlər qurmuş Hollandiyada yaşayan diaspor fəalı, "Xudafərin" jurnalının rəhbəri  Elman Mustafazadə hələ bir neçə il öncə sosial şəbəkədə belə bir açıqlama yaymışdı:

"Ceyhunun ölümündən sonra, o ağır illərdə həyat yoldaşı Bakıdakı evini satıb qızı ilə birlikdə Rusiyanın Pyatiqorsk şəhərində ev alaraq orada yaşayırdılar...
 

Bir necə il bundan öncə Azərbaycan diasporunun nümayədə heyətinin tərkibində Şimali Qafqazda olduğum dönəm bu ailəni tapa bilmədim. Dedilər harasa səfərə gediblər. Sonra bir acı xəbər məni çox sarsıtdı...

Ceyhunun həyat yoldaşı rəhmətə gedib, onun gözəl-göyçək nakam qızına isə bir alçaq evlənməyi söz verib və ona öz evini satdırıb. Bir muddət qızla birgə yaşayan oğlan bu zavallını zərərli vərdişlərə  alışdırıb, sonra da atıb gedib...

Bu xəbəri eşidən kimi həmin vilayətdə Azərbaycan diasporunun rəhbərlərindən olan Təhmasib Zeynalova zəng edib qıza sahib çıxmalarını xahiş etdim. Təhmasib bəy dəfələrlə qızla görüsüb, hətta onu müalicə etdirmək istəyib, təssüflər olsun ki, qız hər bir yardımdan imtina edib".

Elman Mustafazadənin sözlərinə görə, Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Şimali Qafqazda - Stavropol vilayətinin Pyatiqorsk şəhərində evsiz-eşiksiz sərgərdan həyatı sürür. Ehtimallara görə, hazırda 47 yaşı olan Cəmalə Mirzəyevanın maddi və mənəvi dəstəyə, psixoloq köməyinə ehtiyacı var.

Ceyhun Mirzəyevin tələbə yoldaşı, dostu, aktyor, kinorejissor, ssenarist Əbdül Mahmudovun Modern.az-a müsahibəsindən:

"Ceyhun Azərbaycan kino tarixində, mədəniyyətində o şəxsdir ki, barəsində gecə-gündüz danışmağa mövzu var.

Ceyhun Mirzəyev instituta təzə gələndə artıq məşhur aktyor idi. Biz ilk dəfə Ceyhunu görəndə hamımız çaşıb qaldıq. Ondan avtoqraf alırdıq. Çünki o, "Ögey ana"da İsmayıl kimi sevilən obraz yaratmışdı...

Ceyhun çox istedadlı insan idi. İstedadlı olduğu qədər də, səmimi, gözəl dost, qardaş idi...

Ceyhun bakılı idi, şəhər mühitində, mədəni mühitdə, çox ziyalı bir ailədə böyümüşdü. Onun yüksək intellektual səviyyəsi vardı, iki-üç dil bilirdi.

Ceyhun Mirzəyev həm də rusdilli idi. Amma rusdilli olsa da, Azərbaycan dilində təmiz danışırdı.

Onunla ailəvi dost idik. Hətta, tələbəlik vaxtı mənim toyumu Ceyhun Mirzəyev başda olmaqla dostlarım ediblər. Təşkilatçılar Elxan Qasımov, Ceyhun Mirzəyev, bir də rəhmətlik Şahmar Ələkbərov idi. Ağsaqqalımız, bizə rəhbərlik edən də Həsənağa Turabov idi. Rəhmətlik Həsənağa Turabov mənim ailə işimin elçisi olub...

Ceyhun çox gec evləndi, başqa milliyətdən olan xanımla ailə qurdu. O, dünyasını dəyişəndən bir müddət sonra xanımı uşağını da götürdü, doğmalarının yaşadığı Rusiyanın Stavropol diyarına köçüb getdi...

Ceyhun kinoda çox iş gördü, böyük bir məktəb qoyub getdi. Amma o boyda böyük sənətkar haqqını ala bilmədi. Son illər o Azərbaycan kinosunda rejissor kimi fəaliyyət göstərir, "Mozalan" telejurnalına rəhbərlik edirdi, 2-3 film çəkdi. Bu cür adama heç "Əməkdar artist" adı da verilmədi. Hansı ki ona gərək birbaşa "Xalq artisti" adı verəydilər...

Son günlərində mənə çox giley-güzar edirdi. Deyirdim, "sən fikir vermə, bu gün "zvaniya"nı gərəksiz, istedadsız adamlar, kimlərinsə qohum-əqrəbaları alır. Sən isə başdan-ayağa istedadsan.
Sənə ad versələr, olacaqsan onların tayı".

Bunu zarafata salıb deyirdim, ona təsəlli verirdim. Amma Ceyhun çox xiffət edirdi. İnsan istəyirdi ki, haqqını alsın, layiq olduğu yerdə otursun.

Kim də bu işdə haqsızdırsa, Allah onun bəlasını verəcək, inşallah! Çünki həm bu dünyada, həm axirətdə hər kəs layiq olduğu cəzanı alır.

Ceyhun iki dəfə çox ağır xəstəlik keçirdi - infarkt oldu. Ürəyi ilə bağlı müalicə almışdı. Sonra elə ürəktutmasından da dünyasını dəyişdi".

P.S. Ceyhun Mirzəyevin yeganə qızı Cəmalə Mirzəyevanın hazırkı taleyi haqda yeni məlumat yoxdur. Nə Ceyhun Mirzəyevin qohumları, nə də mərhum sənətkarın sənət yoldaşları bu haqda bilirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günel xəstəxanadan görüntüsünü paylaşdı - Nə olub? - FOTO
Elzadan tanınmış jurnalistə:

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO