Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102008
az

“Mağazada çörək satıram, görüb heyrətlənirlər” - “Faytonçu Nazim"

10:3802 Fevral, 2024
249
ŞOU-BİZNES
  • A

Nə vaxtsa "Faytonçu Nazim"in mənə çörək satacağını düşünməmişdim. Faytonçu indi çörəkçi olub. Müsahibəmiz də müğənnin yeni açdığı çörək dükanında baş tutur.

Milli.Az bildirir ki, Lent.az-ın müsahibi müğənni Nazim Pişyaridir.

-    "Faytonçu Nazim" niyə məhz çörək dükanı açdı?  

-     Çörək bərəkətdir də. Bu çörəkləri xüsusi alman və fransız texnologiyası ilə, kimyəvi qatqı olmadan, kişmişlə mayalayaraq hazırlayırıq. Sağlam qida olsun, insanlara faydam toxunsun istədim. Bütün sənət adamları özlərinə əlavə bir iş qururlar. Sənətin də müəyyən bir ömrü var. Hara qədər oxuya biləcəm? Bilmirəm axı. Həm yavaş-yavaş toy bazarından çəkilmək istəyirəm.

-    Niyə? İndi səsi olan da, olmayan da toy biznesinə can atır?

-    Mən həmişə individual düşünmüşəm. Efirə şlyapada, pançoda ilk dəfə mən çıxmışam. Hamı necə edirsə elə yox, öz istədiyim, düz bildiyim kimi yaşayıram. Atam həmişə klassik üslubda, kostyum, qalstuk, şlyapa geyinirdi. Mən də düşünürdüm ki, böyüyüb onun kimi geyinəcəm. İndi sima olaraq bənzəməsəm də, atamın geyim üslubuna sadiqəm. Klassik estrada ifaçısıyam. Konservatoriyanı klassik estrada müğənnisi olaraq bitirmişəm. Sonradan bir az pul-paraya görə, üslubumu dəyişib fərqli janrlarda ifalar elədim.

-    O cümlədən də şanson. Sizi şanson ifaçısı hesab eləmək olar?

-    Şanson da ciddi  janrdır, bu janrda ifalarım olub. Efirdə ancaq klassika, toylarda şanson, ritmik musiqilər ifa edirəm. Şanson asan deyil. Mirzə Babayev kimi böyük müğənni Azərbaycanda ilk şanson ifaçısıdır. Toy bazarından getmək istəyimə gəlincə, yolu cavanlara vermək lazımdır. İstəmirəm kimsə məni toyuna çağıranda kənardan desinlər o qocalıb, daha oxuya bilmir. Hər aşiqin öz dövranı var. Vaxtında çəkiləndə daha qiymətli olursan, sənin üçün darıxmağa başlayırlar. Məsələn Elmira Rəhimova, Müslim Maqomayev vaxtında getdilər. Mən böyük sənətkarların keçmiş hörmətlərini qorumasının tərəfdarıyam, nəinki çıxıb sosial proqramlarda ekspert kimi çıxmalarına. O gərək öz səviyyəsini qorusun, vaxtilə mədəniyyətə verdiyi töhfələri öz əli ilə məhv eləməsin. Yaşlı nəsil səhnədən getməyi, cavanlara yol açmağı bacarmalıdır.

-    Yol açdığınız cavanlar olub?

-    Aygün Şükürova, Sevda Yəhyayevanın  və bir neçə müğənninin yetişməsində rolum var. Müəllimlik etməmişəm, istiqamətləndirmişəm, yol göstərmişəm.

-    Toy sənəti, sənətkarlığı böyüdür yoxsa kiçildir?

-    Toy bilirsiniz nədir? Pul qazanmaq yeri. Oxuya bilən də, bilməyən də toya gedir. Əsl sənət başqadır. Heyf ki, indi efirlərimiz də pis gündədir. Keçmişdə yarımçıq müğənniləri efirə dəvət etmirdilər. İndi pulun var çıx oxu. Efir olub toyxana, kimi gəldi buraxırlar.

-    Sizcə "Toylar kralı" kimdir?  

-     Hansı toya kim dəvət alıbsa, o toyun kralı odur. Elə bir titul yoxdur, öz aramızda uydurulmuş şeydir. Nə kral?  

-    Fəxri adınız yoxdur.  30 ildir səhnədəsiniz. Ad almamağınız sizi küsdürür?

-    Yox. Çıxaq xalqın arasına, görək məni çox sevirlər, yoxsa o heç tanınmamış Xalq artistini. Gərək xalqın adamı olasan. Bu adları ucuzlaşdırdılar, ona görə, mənim üçün önəmi yoxdur. Nə qədər çox sevildiyimi xəstələnəndə anladım. 2017-ci ildə ödümü kəsən həkim xətaya yol vermişdi, fəsad yarandı, pis günə qaldım. Onda mənə gələn SMS-lərin, mesajların ardı-arası kəsilmirdi. Braziliyadan, Almaniyadan, Fransadan, İsraildən, Türkiyədən, Rusiyadan məktub yazmışdı soydaşlarımız. Bilirsiniz neçə SMS gəlmişdi? Düz 1 milyon. Bu xalqın artisti olmaq deyilmi? 

-     Başqa ölkələrə konsertlərə dəvət almısınız?

-     Əlbəttə. Son səfərim Almaniyaya olub. Hamburqda solo konsertim vardı. Ondan öncə İsrailin 3 böyük şəhərində konsertlər vermişdim. 2023-cü ildə Amerikanın 3 ştatının 7 şəhərində solo konsertim oldu. Texas, Kaliforniya, Nyu-York  ştatlarında konsertlərim oldu. Yeni il ərəfəsində ABŞ-da "Devidson" radiosunun "Karavan" verilişində müsahibəm yayımlandı.

-    Estetik əməliyyatlarla gəncləşməyə,  əməliyyatla arıqlamağa necə baxırsınız?

-     Ehtiyac varsa, elədənlərə heç nə demirəm. Amma gərəksiz yerə bıçaq altına yatmaq xəstə təfəkkürün məhsuldur, buna pis baxıram. İradəsi olmayan adamlar mədə kiçiltmə əməliyyatına gedir. Yemə kökəlmə, ağzını kilidlə. Üzümü dartdırmaqla cavan olacam? Üzümdəki hər qırışın bir xatirəsi var,  ömrümün izidir.  İllər gəncliyimizi alıb əvəzinə müdriklik, kamillik verib. Mən necə mənimlə eyni nəsildən olan insanlardan fərqlənim? Pərəstişkarlarım qocalacaq, mən cavan qalacam? 55 yaşım var, hələ saçıma boya qoymuram. Qocalıq özünü başın yox, qaşın ağarması ilə göstərir. İnsan sabaha yaşamaq şövqü olmayanda qocalır. Xəstələnəndə 25 gün yataqdan qalxa bilmədim. Amma özümə dedim ki,  yaşamaq istəyirəm, qabaqda hələ çoxlu işlərim var, qız köçürməliyəm, oğul evləndirməliyəm, baba olmalıyam. 

-    Baba oldunuz?

-     Qızımı da köçürdüm, oğlumu da evləndirdim, bir nəvəm var, Aylin. Uşaqlar Kaliforniyada yaşayırlar.

-     Bu günlərdə sosial şəbəkədə "dost bildiyiniz maskalı adamlar" deyə bir şərh yazdınız. Ünvanlı idi sanki.

-      Dost, qardaş bildiyimiz maskalı adamlar var. Onların bir adı var - Yaramaz. Bəxtiyar Vahabzadə deyirdi ki, adam çoxdur insan azdır.

-     Sizinlə dost olmaq üçün hansı xüsusiyyətləri daşımaq lazımdır?

-    Sadəlik, dürüstlük, səmimilik. Mən ona necəyəmsə dostumdan da eyni münasibət gözləyirəm. Mənim eqoyla filan işim olmaz. Milyardların sevimlisi olsam da yenə sadə Nazim olacam. Bu dükana alıcılar gəlir, görürəm əməkdaşlarım çatdıra bilmirlər, özüm keçirəm piştaxtanın ardına, çörək satmağa. Alıcıların çoxu görüb təəccüblənir. Deyirəm eybi yox qoy gedib desin ki, Nazim mənə çörək satdı, xidmət göstərdi. Kişi üçün pul qazanmaq ayıb deyil.

-    Gənclikdə də belə olmusunuz, yoxsa yaş gətirib bu sadəliyi?

-     Həmişə kiçiklə kiçik, böyüklə böyük olmuşam. Ömrüm boyu bir prinsipim olub. Qəlb qırmayım, dilimlə incitməyim. Hərdən özümlə danışıram,  deyirəm sən kimsən? Allahsan?  Nəyinə güvənib özünü yekə tutmalısan, nə ixtiyarla Allahın yaratdığı bəndənin qəlbini qıra bilərsən? 

-    Mənfi xüsusiyyətiniz yoxdur?

-     Var, mənfi cəhətim də var. Tez özümdən çıxıram, çılğınlaşıram. Amma unutqanam, kin saxlamıram.

-    Lənkəranlısınız ya bakılı? Özünüzü haralı hesab edirsiniz?

-    1968-ci il avqustun 26-da Lənkəranda  doğulmuşam, amma  mən qundaqda olanda ailəm Bakıya köçüb. Ruh etibarilə bakılıyam.

-     Musiqiyə həvəs, sənətə gəlmək istəyi necə yarandı bəs?

-     Dayım Əməkdar incəsənət xadimi Tələt Şahverdiyev truba  ifaçısı idi. Maestro Niyazi ilə dünyanı gəzmişdi. Uşaqlıqda tez-tez dayımgilə gedirdim, Şövkət Ələkbərovanı, Nəsibə Zeynalovanı, Mirzə Babayevi, Gülağa Ağayevi, Anatollu Qəniyevi dayımgilin evində görüb tanımışam. Tez-tez ləziz Lənkəran mətbəxindən dadmağa gəlirdilər. Onların sənət barədə söhbətlərini eşidə-eşidə məndə musiqiyə məhəbbət yarandı. Klassik gitara və fortepiano siniflərini bitirdim, konservatoriyada Firudin Mehdiyevdən fərdi dərslər aldım. Akif İslamzadə, Nərminə Məmmədova, Rəşid Behbudov, Flora Kərimova kimi sənətkarların əhatəsində böyüdüm, onlardan öyrəndim. Hamısını ustadım hesab edirəm. Səhnəyə çıxarkən Flora xanımdan çox şey öyrənmişəm - düzgün tələffüz, duruş, ifa, səhnə geyimi. Ustad kimi ona borcluyam. 

-     Bahalı müğənnisiniz? Ürəyi istəyən adam sizi toyuna çağıra bilər?

-    Əlbəttə çağıra bilər. Mən fəhlə ilə milyoner arasında fərq qoymuram. Bir dəfə bir kişi gəldi, dedi məni qızımın yanında utandırma, başıaşağı eləmə, gücüm yetmir, amma toyunda sənin oxumağını istəyir. Getdim oxudum.  

-    Getdiyiniz məclislərdən yadınızda maraqlı nə qalıb? 

-    Bir dəfə toyda qızın anasının adı Gilas idi, oğlanın anasının adı Alma. Bu təsadüfə çox gülmüşdüm. Bir dəfə də toy sahibinin adı Bəbir, xanımının adı Maral, qızlarının da adı Ahu idi. Maraqlı gəlmişdi mənə. 

-    Toy idarə eləmək asan iş deyil, hər xasiyyətdə insan olur. Üstəlik də içki içəndən sonra insanlar özlərini fərqli şəkildə aparırlar. Bu mənada özünüzü necə qoruyursunuz? Müğənnilərin toy məclisinə mühafizəçi ilə girməsinə necə baxırsınız?

-     Görəndə ki, toyda həlləm-qəlləm adamlar var, onda ev sahibinə deyirəm ki, yaxın bildiyin adamlardan biri gəlib yanımda dayansın, o cavab versin qonaqlarına. O da ya qardaşını, ya oğlunu otuzdurur yanımda. Mühafizəçi ilə toya getmək nədir, özünü kimdən qoruyursan? Səni adam eləmiş xalqdan? O xalq olmasa kimsən sən axı? Sıfır. Toyu idarə edən müğənni psixoloq olmalıdır. İçki məclisində hər şey ola bilər. Mən bu günə qədər özümə qarşı pis münasibət görməmişəm. Gərək özünü o yerə qoymayasan axı. Mən "atdanıb-düşən" müğənni deyiləm. İfamla yadda qalmaq istəyirəm. Oynayanlara pis baxmıram ha, mənə yaraşmaz, gülərlər.

-    Azərbaycan musiqisinin bu günü, təqdimat forması sizi qane edir?

-     Rəzil vəziyyətdədir. AzTV və İctimai kanalı çıxmaq şərti ilə bütün kanallar rəzil vəziyyətdədirlər. Çağırdıqları müğənnilər də, elədikləri verilişlər də, qurduqları dekorasiyalar da, aparıcılar da bəsitdir. Çağırır, imkan vermir qonaq danışsın, özün danışacaqdınsa, məni niyə çağırırdın? Efir mədəniyyəti deyilən şey yoxdur. Çünki məktəb yoxdur, hamısı sağdan-soldan, dal qapıdan gəlib  girənlərdir. Qeyri peşəkar müğənnilər at oynadırlar. Efir olub toyxana. Sonra da deyirlər bədnam qonşularımız mahnılarımızı oğurladı. Sən oxumayandan, qiymət verməyəndən sonra oxuyacaq da. İstəmirəm hər adamla, hər efirdə olum. Efirə qalmaqal üçün yox, sənət göstərmək üçün çıxıram. 

-     Yaradıcılığınızla bağlı nə planlar var?

-     Mart ayında Almaniyaya və İsraildə konsertim olmalıdır. Payızda Heydər Əliyev sarayında növbəti solo konsertim olacaq. Yeni mahnılar üzərində çalışıb konsertlərə hazırlaşıram.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günel xəstəxanadan görüntüsünü paylaşdı - Nə olub? - FOTO
Elzadan tanınmış jurnalistə:

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü