Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75980
az

Güclü Azərbaycan konsepsiyasının reallaşdırılmasında Prezident İlham Əliyevin rolu

19:5407 Noyabr, 2022
92
  • A

Müasir dövrdə dünyanın mənzərəsi olduqca ziddiyyətli hal alıb. Sosial-iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, ictimai münasibətlərdə xaos, ideoloji boşluqlar, xarici qüvvələrin müdaxilələri və digər bu kimi mənfi hallar müxtəlif ölkələrin real mənzərəsini təşkil edir. Belə vəziyyətin yaranmasının səbəbləri siyasi hakimiyyətin təcrübəsizliyi, nüfuzunun olmaması, səmərəli idarəetmə sisteminin yaradılmaması, xarici siyasətdə çoxsaylı qüsurlardır. Elə bu səbəbdəndir ki, kənar müdaxilələr, xaos, iğtişaşlar, inqilablar, çevrilişlər yaratmaq cəhdləri xroniki geosiyasi xəstəlik halını alıb. Xüsusilə vurğulamalıyıq ki, postsovet ölkələrinin əksəriyyəti bu problemlərdən əziyyət çəkir. Qonşu dövlətlərdən isə İranı, Gürcüstanı və Ermənistanı misal göstərə bilərik. Azərbaycandan fərqli olaraq bu ölkələrdə siyasi və hakimiyyət böhranı, iqtisadi problemlər, xarici siyasətdə krizis halları inkaredilməz gerçəkliklərdir.

Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla formalaşdırdığı Azərbaycan nümunəsi isə müsbət təcrübəni, mütərəqqi modeli ifadə və ehtiva edir. İstər siyasi ekspertlərin şərhlərinə, istər müxtəlif araşdırma mərkəzlərinin strateji tədqiqatlarına, istərsə də reytinq institutlarının hesabatlarına nəzər salsaq aydın görərik ki, Azərbaycanın sabitlik diyarı kimi özünü təsdiq etməsi və milli gücünü davamlı olaraq artırması məhz lider amili ilə əlaqədardır. O Lider ki, adı inkişaf və sabitlik anlayışları ilə assosiasiya olunur, islahatçı və yenilikçi yanaşması ilə fərqlənir, yürütdüyü mükəmməl siyasətlə milli həmrəyliyin qarantına çevrilib. Ən əsası, Prezident İlham Əliyevin güclü dövlət konsepsiyası hakimiyyətin mühafizəsinə deyil, dövlətçiliyin qorunmasına və gücləndirilməsinə hədəflənib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Vətən müharibəsində qazandığı şanlı Qələbə güclü Azərbaycan konsepsiyasının reallaşdırılması yolunda mühüm addım oldu.

Prezident İlham Əliyev hakimiyyətinin ilk vaxtlarından etibarən Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi ordu quruculuğunda əsas istiqamətləri müəyyənləşdirdi və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirdi. Bu istiqamətlər hərbi büdcənin artırılmasından tutmuş, hərbçilərin sosial durumunun yaxşılaşdırılması, ordumuzun ən müasir silah-sursatla təchiz olunması, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi, qardaş Türkiyə dövləti başda olmaqla, digər ölkələrlə hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsinə qədər bir sıra mühüm sahələri əhatə etdi. Bu uzaqgörən addım hərbi sahəyə ayrılan büdcə baxımından da özünü göstərir. Azərbaycan hərbi arsenalını müasir silahlarla zənginləşdirmək üçün silah tədarükünü şaxələndirərək ayrı-ayrı ölkələrdən müxtəlif təyinatlı silah və texnikalar, o cümlədən Türkiyədən “Bayratkar TB2” pilotsuz uçuş aparatları (PUA), İsraildən “Harop”, “Hermes” PUA-ları, Rusiyadan TOS-1A “Solntsepyok” ağır artilleriya sistemləri, T-90 tankları və sair silahlar əldə etmişdi.

Prezident İlham Əliyev ordu quruculuğu siyasəti ilə yanaşı, ölkəmizin iqtisadi qüdrətinin artırılması, beynəlxalq əlaqələrinin gücləndirilməsini də xüsusilə diqqət mərkəzində saxlayırdı. İkitərəfli və regional iqtisadi əməkdaşlıqla yanaşı, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu xətlərinin istifadəyə verilməsi, nəhəng Cənub Qaz Dəhlizi layihəsinin inşası, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanı nəinki regional, dünya miqyaslı nəhəng aktora çevirdi. Bu uzaqgörən addımların nəticəsidir ki, bu gün Avropa enerji təhlükəsizliyinin təmin olunmasında ən etibarlı tərəfdaş kimi məhz Azərbaycana üz tutmaqdadır.

Bu mühüm uğurlar xarici siyasətdə qazanılan nailiyyətlərlə müşayiət olunurdu. Belə ki, dünyaya daim sülh və əməkdaşlıq mesajları verən Azərbaycanın 2011-ci ildə dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin beynəlxalq aləmdə qazandığı dərin hörmət və nüfuzun parlaq göstəricisi idi. Bundan sonra Azərbaycanın BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatının sədri seçilməsi, xüsusilə COVID-19 pandemiyası dövründə dünyaya örnək təşkil edən addımlar atması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırdı.

Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi bu uzaqgörən siyasət nəticəsində Azərbaycanın güclü iqtisadiyyata və qüdrətli orduya malik olması ölkəmizin İkinci Qarabağ müharibəsində şanlı Qələbəsini təmin etdi. Vətən müharibəsində öz liderinin ətrafında “Dəmir yumruq” kimi birləşən, bütün imkanlarını vahid amala səfərbər edən xalqımız Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Böyük Zəfər qazandı. İşğal altındakı torpaqlarımızda otuz il ərzində güclü müdafiə xətti və istehkamlar yaradaraq möhkəmlənən düşmən məhz Prezident İlham Əliyevin hakimiyyəti dövründə peşəkar ordular sırasında layiqli yerini tutan Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəmi 44 gün ərzində darmadağın edildi.

Düşünülmüş addımları, prinsipiallığı, qətiyyəti ilə milli maraqları hər şeydən uca tutan Prezident İlham Əliyev şanlı Vətən müharibəsində Ali Baş Komandan kimi döyüş əməliyyatlarına birbaşa rəhbərlik edirdi. O, cəbhədə baş verənləri, əməliyyat şəraitindəki dəyişiklikləri yüksək bacarıqla yönləndirirdi. Belə ki, Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə hərb tarixinə düşəcək cəsarətli taktika və manevrlərlə unikal hərbi əməliyyatlar icra edir, düşməni darmadağın edirdi. Bu əməliyyatların ən nümunəvisi isə Şuşanın işğaldan azad edilməsi oldu. Yüksək peşəkarlıqla icra edilmiş Şuşa əməliyyatı nəticəsində bu qədim şəhərin azad edilməsi düşmənin müqavimətini qırdı və Ermənistan kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdıqdan sonra hərbçilərlə görüşündəki çıxışı zamanı da bu çətin, amma uğurlu əməliyyat barədə danışıb: “Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi”.

Vətən müharibəsində döyüş meydanında qazanılan qələbələr diplomatik müstəvidə də uğurla davam etdirilirdi. Bütün dünya azərbaycanlıları bir yumruq kimi birləşərək beynəlxalq ictimaiyyəti əsl həqiqətlər barədə məlumatlandırırdı. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin bu dövrdə 30-dan artıq xarici KİV-ə müsahibələrində, dünyanın ən böyük dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların rəhbərləri ilə danışıqlarında Azərbaycanın haqlı mövqeyini, Ermənistan ordusunun mülki şəxsləri hədəfə almasını, misli görünməmiş vandalizm aktları törətməsini bütün dünyaya bəyan etməklə informasiya savaşında da ölkəmizin qələbəsini təmin etdi.

Prezident İlham Əliyev Azərbaycan tarixinin şanlı səhifəsini yazan, böyük Qələbə uğrunda canında keçən mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna dərin ehtiram göstərir və onların ailəsini dövlət qayğısı ilə əhatələyir. Dövlətimizin başçısının tapşırığı ilə şəhid ailələrinin və qazilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət proqramları həyata keçirilir, onları qayğılarının həlli üçün intensiv tədbirlər görülür. Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edən dövlətimizin başçısı İlham Əliyev deyib: “Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah sizə səbir versin. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı”.

Artıq İkinci Qarabağ müharibəsinin şanlı Qələbə ilə başa çatmasından iki il ötür. Qırx dörd günlük Zəfər yürüşü ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğu həmin dövr gələcək nəsillərə nümunə göstəriləcək. İşğaldan azad edilmiş tarixi ərazilərimizdə indi genişmiqyaslı bərpa-quruculuq işləri görülür. Azərbaycan kənardan heç bir kömək almadan dövlətimizin başçısı İlham Əliyevin tapşırıqları və göstərişləri ilə Qarabağın əvvəlki həyatını özünə qaytarmaqdadır. Otuz il həsrətini çəkdiyimiz Qarabağ, Şərqi Zəngəzur artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Vətən müharibəsinin başa çatmasında 6 ay sonra, tariximizdə ilk dəfə olaraq Azərbaycan Prezidenti xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olunub. Bundan başqa, hər il Azərbaycanın mədəniyyət paytaxtında “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçirilir. Bizi qarşıda hələ nə qədər belə unudulmaz, gözəl hadisələr, el bayramları gözləyir. Bütün bunların özəyində isə heç şübhəsiz, Vətən müharibəsinin gətirdiyi tarixi Zəfər dayanır.

Prezident İlham Əliyevin uzaqgörən, məntiqli, elmi əsaslara söykənən fəaliyyətinin siyasi-praqmatik müstəvidən real müstəviyə keçməsi bir daha təsdiq edir ki, dövlətimizin başçısının siyasi, iqtisadi və sosial cəhətdən yüksək peşəkarlıqla əsaslandırılmış strateji fəaliyyət proqramları vardır. Bütün bunlar deməyə əsas verir ki, siyasi və hüquqi liberallaşdırmaya, vətəndaş cəmiyyətinin inkişafına xidmət edən islahatların sürətləndirilməsi millətin intellektual potensialının reallaşdırılmasına, ölkənin tərəqqisinə və innovasiyalı modernləşdirməyə istiqamətlənib. Elə buna görə də Azərbaycan qarşıda duran ümummilli məqsədlərin reallaşdırılması istiqamətində ardıcıl və sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yüksəliş fenomeninə çevrilməkdədir.

Hikmət Əhmədov, AZƏRTAC

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan üçüncü tərəfi danışıqlara qoşmaqla nəticə əldə etməyəcəyini anlayıb - VİDEO
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi