Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66758
az

Qarabağdan gələcək sensasion xəbərlərə hazır olaq - Əliyev-Ərdoğan görüşünün nəticələri...

09:0612 Mart, 2022
537
SİYASƏT
  • A

Martın 10-da Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya səfər etməsi maraqlı müzakirələrə yol açıb. Çankaya köşkündə prezident Rəcəb Tayyib Ərdoğanla keçirilən 3 saat 45 dəqiqəlik danışıqdan sonra verilən açıqlamada görüşdə Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq, Azərbaycan-Ermənistan münasibətləri və Ukraynadakı vəziyyətin müzakirə olunduğu bildirildi.

Görüşdə həmçinin Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşması perspektivləri, eləcə də Zəngəzur dəhlizi və Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsi mövzuları müzakirə olunub. 

Söhbət zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi qeyd edilib, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparılıb.

Bütün bunlar görüşlə bağlı rəsmi açıqlamadan seçmələrdir. Aydın məsələdir ki, Azərbaycan prezidentinin Ankaraya qəfil səfərinin arxasında ciddi səbəblər olub. Çünki az qala iki aydan bir canlı görüşən, tez-tez telefon əlaqəsi saxlayan Ərdoğan və İlham Əliyevin Çankaya sarayında 4 saatlıq söhbət etməsinin başqa izahı yoxdur. Prezidentlərin görüşündən verilən açıqlamada “ənənəvi” mövzularla yanaşı Azərbaycan üçün maraq doğuran məqamlara da işarə olunub. Açıqlamada vurğulanır ki, prezidentlər söhbət zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyini qeyd ediblər. Belə anlaşılır ki, Əliyevin Ankara səfəri həm də, yaxın zamanlarda atılacaq yeni addımlarla bağlı mövqe uzlaşdırmaq məqsədi daşıyıb. Türkiyə üçtərəfli sazişdə iştirak etməsə də, Ankaranın münaqişə regionunda tərəf kimi mövcudluğunu Rusiya qəbul edib və Bakı təbii ki, atacağı addımları ilk növbədə Ankara ilə müzakirə edir. Bu mənada düşünürəm ki, Azərbaycan prezidentinin Ankara səfəri yaxın günlərdə Qarabağ cəbhəsində baş verəcək ciddi hadisələrin xəbərçisidir.

Yeri gəlmişkən, bu gün Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu görüşdə bildirilib ki, Azərbaycan və İran hökumətləri arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanacaq. Anlaşma Memorandumu yeni nəqliyyat yollarının açılmasına xidmət edəcək.

Vurğulanıb ki, bu gün “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir qolu olacaq yeni nəqliyyat yolunun işə salınması istiqamətində çox mühüm addımlar atılır və bu, həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində əməkdaşlıq üçün gözəl zəmin yaradacaq.

Bu arada, İranın xarici işlər nazirinin müavini Mehdi Səfəri deyib ki, Azərbaycanda bir neçə tikinti layihəsinin İran şirkətləri tərəfindən həyata keçirilməsi üçün lazımi icazə alınıb. Azərbaycan və İran müştərək iqtisadi komissiyanın 15-ci iclasının indi keçirilməsi Bakı və Tehran arasında əlaqələrin müsbət yöndə inkişaf etdiyini göstərir.

Bu görüş və İranla bağlı verilən mesajlar regionda hazırda baş verən müharibənin yaratdığı gərginliyin fonunda Azərbaycanın siyasi-diplomatik mövqelərini möhkəmləndirməyə çalışdığını göstərir. Tehranla əlaqələrdə son iki ildə yaşananlar göstərir ki, 44 günlük müharibədən sonrakı mürəkkəb və gərgin dövrdə xarici siyasət uğurlu olub. Rəsmi Bakı müharibədən sonra qonşu ölkələrlə həssas münasibətləri qaydaya salıb, İranla yanaşı Türkmənistanla da əlaqələri inkişaf etdirib. Çünki hər iki ölkə ilə əlaqələr heç də hər zaman hamar olmayıb.

Hazırda Bakının qarşısında dayanan daha bir mühüm vəzifə Ukraynada davam edən münaqişəyə cəlb olunmamaqdır. Ukraynada müharibənin uzanması region ölkələri, xüsusən də Azərbaycan və Türkiyə kimi hər iki tərəflə əlaqələri olan dövlətlər üçün çətin sınaq olacaq. Çünki müharibə uzandıqca Qərb ölkələri daha çox dövlətin tərəf olmasını, Rusiyaya qarşı sanksiyalara qoşulmasını tələb edəcək. Paralel olaraq Rusiya da müəyyən ixrac məhdudiyyətlərinin götürülməsi qarşısında güzəştlər tələb edə bilər. Aydın məsələdir ki, qarşıdakı BMT və digər beynəlxalq təşkilatlarda tərəfsiz qalmaq mümkün olmayacaq. Bu gün NATO baş katibinin Ankaraya gələrək Türkiyə hakimiyyətindən dəstək istəməsi bunun ilkin əlaməti hesab oluna bilər.

Bakı və Ankara isə “uzaqdakı qohumlara” görə “yaxın qonşu” ilə aranı açmaq istəmir. Bir qədər əvvəl Britaniya parlamentində Bakıya qarşı çağırış, Avropa Parlamentinin Azərbaycan hökumətinin Dağlıq Qarabağda erməni mədəni irsini məhv etmək, inkar etmək siyasəti aparmaqda ittiham edən qətnaməsi Bakıya birbaşa olmasa da dolayısı ilə təzyiqdir. Fikrimcə, qarşıdakı dövrdə bu təzyiq daha da artacaq.

Lakin rəsmi Bakı ənənəvi kursa sadiq qalmaqda israrçıdır. Azərbaycan münaqişə tərəfinə çevrilməyəcək, Bakı Rusiyaya qarşı cəbhədə yer almayacaq. Lakin eyni zamanda, Rusiyanın da yanında yer almayacaq.

Göründüyü kimi, həddən artıq həssas və mürəkkəb vəziyyətdir. Bu vəziyyətdən çıxmaq üçünsə indi həddən artıq tədbirli siyasət və incə diplomatiya lazım gələcək. Yaranmış hazırkı mürəkkəb vəziyyətdən ölkəni sağ-salamat, “zədə almadan” çıxarmaq asan olmayacaq.

Kənan Rövşənoğlu,
Musavat.com

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verildi
Putin hökumətin yeni tərkibini təsdiqlədi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA