İcra başçısını kim və niyə güllələdi; qanlı olayın arxasındakı sirr pərdəsi; Gəncənin rəhbərinə atəş açan şəxsin Rusiya vətəndaşlığı alması...
Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. Nəticədə başçı və onun mühafizəçisi yaralanıb. Baş verən olayla bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti birgə rəsmi məlumat yayıb. Həmin məlumatda deyilir:
“İyulun 3-də saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Cinayəti törədən - 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərk-silah edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılıb. Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Hazırda cinayətdən zərər çəkmiş Elmar Vəliyevin və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə edilib. Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı görülən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir”.
Elmar Vəliyevə sui-qəsdlə bağlı prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “BBC News Azərbaycan”a danışıb.
“Bununla bağlı narahatlığa əsas yoxdur. Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Mühafizəçisi xəsarət alıb. Söhbət adi kriminal hadisədən gedir. Cinayəti törədən şəxs polis tərəfindən yaxalanıb” - deyə, Əli Həsənov vurğulayıb.
Prezident Administrasiyası da hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada təəssüflə bildirilir ki, əhali Mingəçevir İES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı qayğıları yaşadığı bir zamanda Gəncə şəhərində cinayət hadisəsi baş verib:
“Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Məsələ barədə dərhal Azərbaycan prezidentinə məlumat verilib və müvafiq tapşırıqlar alınıb, cinayəti törədən şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib. Göründüyü kimi, Azərbaycan hökuməti bütün vəziyyətlərdə, o cümlədən fövqəladə hallar zamanı ölkənin və əhalinin təhlükəsizliyini, habelə cəmiyyətin normal həyat ritmini təmin etmək iqtidarındadır. Baş vermiş hadisə zamanı görülən işlər bunu əminliklə deməyə tam əsas verir.
Qeyd edilməlidir ki, kütləvi informasiya vasitələri Mingəçevir İES-də qəzanın baş vermə səbəbləri, onun aradan qaldırılması ilə bağlı dövlət orqanlarının gördüyü işlər barədə cəmiyyəti operativ və obyektiv şəkildə məlumatlandırıb, olduqca təmkinli və məsuliyyətli davranaraq, əhali arasında ajiotaj yaranmaması üçün üzərlərinə düşən vəzifələri icra ediblər. Əfsuslar olsun ki, bəzi müxalif dairələr nəzarətlərində olan xəbər saytları və sosial şəbəkələr vasitəsilə Mingəçevir İES-də baş vermiş qəzadan və Gəncə şəhərində vəzifəli şəxsə qarşı həyata keçirilmiş silahlı basqından məqsədyönlü şəkildə yararlanmağa çalışıb, dövlət və xalq mənafelərinə zidd mövqe tutaraq cəmiyyətdə ajiotaj yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və respublikada sabitliyi pozmaq əhval-ruhiyyəsi nümayiş etdirmişlər. Həmçinin özlərini müstəqil sayan bir sıra xəbər saytları da bu eyforik əhval-ruhiyyəyə qoşularaq, dəqiqləşdirilməmiş şayiələri baş vermiş hadisə kimi təqdim etmiş və vətəndaşları yalan informasiyalarla çaşdırmağa cəhd göstərmişlər. Mingəçevir İES-də baş vermiş qəzanın, o cümlədən bu hadisənin müxtəlif sahələrdə yaratdığı problemlərin aradan qaldırılması üçün dövlət orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilib və qısa müddətdə respublika həyatının bütün sahələrində normal iş fəaliyyəti bərpa olunub. Görülən işlər barədə müntəzəm qaydada əhaliyə məlumat verilib və qarşıdan gələn dövrdə bu fəaliyyət davam etdiriləcək"...
***
İcra başçısına sui-qəsd etmiş Y.Səfərovun tutulandan az sonra Rusiya vətəndaşı olmasını təsdiqləyən pasportunun fotosurəti yayılıb. Məlum olub ki, Y.Səfərova həmin pasport Gəncədə mühafizə polisinə xəsarət yetirib silahını oğurlayandan sonra verilib. Yəni Yunis Səfərov polisi döyüb silahını əlindən aldığına görə axtarışa verildikdən sonra Rusiyaya qaçıb və orada pasport alaraq yenidən Gəncəyə qayıdıb. Rusiyaya gedib qayıdana qədər onun bir hadisə ilə bağlı icra başçısı ilə qarşı-qarşıya gəldiyi, hətta hadisə zamanı icra başçısını ölümlə hədələdiyi haqda da iddialar var. 2011-ci ildə Gəncənin icra başçısı təyin olunan E.Vəliyev yaxşı idarəçi hesab edilir. Onun Gəncəyə rəhbərlyi dövründə şəhərin görkəmi yaxşı mənada dəyişib. Bununla belə, Elmar Vəliyevi tanıyanlar bilir ki, başçı Gəncəni özünün mal-mülki kimi idarə edir, bir çox hallarda tabeçilik məsələlərini də unudur.
Başçının ətrafı, yerli məmurlar və əhali ilə münasibətləri həmişə yaxşı olmayıb. Bunu əsas səbəbi isə Elmar Vəliyevin kobud, əksər hallarda etik normalardan kənar rəftarı olub. Ehtimallar var ki, Yunis Səfərovla qarşılaşdığı zaman da tərəflər arasında yaranan mübahisə və başçının ölümlə hədələnməsi də məhz bu səbəbdən olub. Həmin vaxt Elmar Vəliyevin Yunis Səfərovun hədələrinə müvafiq qaydada reaksiya vermədiyi deyilir. Bildirilir ki, başçı onun sözlərini ciddiyə almayıb, məmur olaraq baş verən hədələmə haqda rəsmi müraciət etməyib. Ona görə də Yunis Səfərov ilk mübahisədən sonra polis əməkdaşına qarşı məlum zorakılığı edib və Rusiyaya gedərək oradan bu ölkənin vətəndaşı olaraq qayıdıb. Baş verən olayın gedişatından belə aydın olur ki, o, başçıya qarşı atacağı addımları əvvəlcədən planlayıb. Polisdən zor gücünə silah alıb, xarici dövlətin vətəndaşlığını almaqla törətdiyi cinayətdən sonra həmin ölkəyə ekstradisiya olunmasını hesablayıb.
Bilib ki, cinayəti törədəndən sonra Azərbaycanda qalsa, Elmar Vəliyevin yaxınları onun məhbəsdə rahat cəza çəkməsinə susqunluqla reaksiya verməyəcəklər. Onu da qeyd edək ki, Elmar Vəliyev baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyevin qardaşdır. Bunu Yunis Səfərovun bilməməsi inandırıcı görünmür. Törətdiyi cinayətdən sonra o, Rusiyaya ekstradisiya olunmasını tələb edə bilər...
Belə məlumatlar da var ki, Elmar Vəliyevlə sui-qəsdçinin konflikti ötən il Məhərrəm ayında baş verib. Başçı kütləvi tədbirə qarşı çıxıb və həmin vaxt Yunis Səfərovla arasında söz davası olub. Başçının hədələnməsi də həmin vaxt baş verib...
Hələlik başçıya qarşı sui-qəsdin əsl səbəbi rəsmi olaraq açıqlanmayıb. Ona görə də cinayətin konkret olaraq hansı motivlə törədilməsi də bilinmir.
Bəzi mənbələr isə iddia edir ki, ölkədə enerji böhranının yaşandığı bir vaxtda Elmar Vəliyevə atəş açılması Azərbaycanda vəziyyəti daha da gərginləşdirmək məqsədilə törədilən təxribat da ola bilər.
Xatırladaq ki, hələ prezident seçkiləri ərəfəsində rəsmilərin dilindən səslənən izahlardan belə aydın oldurdu ki, Azərbaycanı qarışdırmaq istəyən qüvvələr var. İddialara görə, işıq gərginliyi və xeyli insann əsəblərinin də gərildiyi bir vaxtda başçının güllələnməsi də kəmfürsətcəsinə təxribat ssenarisinin başqa bir formada reallaşdırılması cəhdidir...
Region olaraq Gəncəbasar zonası Azərbaycanın əksər regionlarından fərqlənir. Gəncə ölkənin o zonalarındandır ki, burada ehtiyatsız bir kəlmə, yerində deyilməyən söz böyük mübahisəyə səbəb ola və qanla nəticələnə bilər. Elmar Vəliyev Gəncədə qanı tökülən ilk icra başçısı deyil. 1993-cü ildə Gəncənin icra başçısı olan Hacı Vaqif Vəliyev öz xidməti kabinetində qətlə yetirilib. Həmin qətlin tarixçəsi belə olub ki, Gəncədə kriminal avtoritet kimi tanınan “Zobik” başçının kabinetinə daxil olub və Hacı Vaqifə deyib ki, onun istədiyi adamları vəzifəyə təyin etsin. Hacı Vaqif də bildirib ki, heç kimə özbaşına vəzifə verə bilməz. “Zobik” də bundan əsəbiləşib Hacı Vaqifə bir sillə vurub. Hacı Vaqif də şəxsiyyətli adam olduğundan tapançanı çıxarıb “Zobik”in düz alnından güllə ilə atır. Orada olan “Zobik”in cangüdəni avtomatla yanında olan adamların hamısına atəş açır. Daha sonra Hacı Vaqifi və onun müavinini öldürəni tutdular, məhkəməsi oldu və ona 15 il iş verdilər.
Ən son məlumatlara görə, hazırda Elmar Vəliyevin və mühafizəçisinin həyatları üçün ciddi təhlükə yoxdur. Hadisə zamanı Elmar Vəliyevin yıxılaraq başının yerə zərblə dəyməsi zamanı xəsarət aldığı da bildirilir. Ümumilikdə isə başçı üçün həyati təhlükə aradan qaldırılıb.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat” Oxu24.com
ŞƏRHLƏR