Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101615
az

Namizədlərdən ilginc vədlər: GUAM-dan çıxmaq, Pakistanla Xankəndi bəyannaməsi...

14:1524 Yanvar, 2024
208
SİYASƏT
  • A

Seçkiyə qoşulanlar arasında Şanxay Əməkdaşlıq Təşkilatına və Avrasiya İqtisadi Birliyinə qoşulmaq təklifi səsləndirənlər var; bəs bunlar bizə nə qazandıracaq?

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisinə sayılı günlər qalır. İctimai Televiziyanın efirində namizədlərdən bəzilərinin xarici siyasətlə bağlı seçki vədləri isə diqqət çəkir. Məsələn, namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev prezident seçilərsə, ölkəni GUAM təşkilatından çıxaracağını bildirib. Onun hədəfləri aşağıdakılardır: 

-  Azərbaycanın neytral ölkə statusunun rəsmi elan edilməsi; 

- NATO və KTMT-yə bitərəf münasibətin saxlanması;

- Şanxay Əməkdaşlıq Təşkilatına və Avrasiya İqtisadi Birliyinə qoşulmaq istiqamətində fəaliyyət göstərilməsi və Türkdilli dövlətlərlə əməkdaşlığın gücləndirilməsi.

- Ölkəmizin GUAM təşkilatından çıxması;

- Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə ata-baba torpaqlarına qayıdışının beynəlxalq müstəvidə ədalətli həllinə nail olunması. 

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev xarici siyasət sahəsində Türkiyə ilə strateji müttəfiqlik əlaqələrinin daha da dərinləşməsinin təmin olunması, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi üçün ölkəmizin səylərinin daha da artırılması, Vətən müharibəsi dövründə Azərbaycana dəstək verən ölkələrlə münasibətlərin daha da dərinləşdirilməsi kimi təkliflər var. Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev isə hesab edir ki, Türkiyə ilə Şuşa Bəyannaməsi imzalandığı kimi, Pakistanla da Xankəndi bəyannaməsi imzalamalıyıq. 

Fuad Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü

İTV-dəki çıxışını “Yeni Müsavat”a dəyərləndirən prezidentliyə namizəd Fuad Əliyevin sözlərinə görə, onun təklifləri xarici siyasət kursumuzun daha da güclənməsinə xidmət edə bilər. F.Əliyev hesab edir ki, GUAM-a sədrlik bu il Azərbaycana keçsə də, bu platforma faktiki olaraq formal fəaliyyətdədir: “Əvvəla, bu təşkilatda Azərbaycan istisna olmaqla, hər üç ölkə Rusiya ilə münaqişə vəziyyətindədir. Azərbaycan GUAM-da yeganə dövlətdir ki, işğal faktına son qoyub. Ukraynadakı vəziyyət hər kəsə məlumdur, Moldovanın Dnestryanı ərazi problemi var və Rusiya ilə münasibətləri gərgindir, Gürcüstanın da Abxaziya və Cənubi Osetiya əraziləri bu gedişlə Rusiyaya birləşdiriləcək. Ona görə vaxtilə yaranmış bu təşkilat indi uğurlu deyil. Və hər üç ölkə Avropa İttifaqına üzvlük həvəsindədir, ikisinin namizəd statusu irəli sürülüb. Ona görə mən burada təmsilçilikdə bir perspektiv görmürəm. Üstəlik, həmin dövlətlərdən fərqli olaraq, Azərbaycan Rusiya ilə çox yaxşı əlaqələrə malikdir”. 

Prezidentliyə namizəd səsləndirdiyi digər təkliflərə də aydınlıq gətirərək hesab edir ki, Azərbaycanın neytral ölkə statusunun rəsmi elan edilməsi ilə NATO və KTMT-yə bitərəf münasibətin saxlanması sinxronluq təşkil edən məsələlərdir: “Biz Qoşulmama Hərəkatının üzvüyük. Azərbaycan dövlətinin düzgün xarici siyasət kursu bizi təhdidlərdən uzaq saxlayır, hərbi bloklara qoşulmaq məcburiyyəti qarşısında saxlamır. Ancaq bu siyasəti daha da təkmilləşdirə bilərik. Bitərəfliyi elan etməklə hər iki hərbi blokun bizə yaxınlaşmaq cəhdlərini neytrallaşdırmaq mümkündür. Azərbaycan Türkiyə ilə hərbi müttəfiqliyini artırmalıdır, amma ərazilərimizdə heç bir dövlətə, yaxud alyansa məxsus baza olmamalıdır. O ki qaldı Şanxay Əməkdaşlıq Təşkilatına və Avrasiya İqtisadi Birliyinə qoşulmaq istiqamətində fəaliyyət göstərilməsi və Türkdilli dövlətlərlə əməkdaşlığın gücləndirilməsinə, bunlar regional aspektdən də, iqtisadi dividentlər baxımından da səmərəli ola bilər. Azərbaycan dünyanın nəhəng iqtisadi gücü olan Çinlə əməkdaşlığını bu halda genişləndirəcək, Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq yeni imkanlar açacaq, Orta Asiyaya açılmaq fürsətləri daha da çox olacaq, Pekin-Bakı arasında ticarət dövriyyəsi artacaq, Zəngəzur dəhlizinin açılacağı təqdirdə Şanxay Əməkdaşlıq Təşkilatı platformasında olmağımız əlavə üstünlüklər qazandıracaq. Hər halda, iqtisadçılar bunu daha yaxşı izah edə bilərlər”. 

F.Əliyevin fikrincə, bütün bunlar türkdilli dövlətlərlə əməkdaşlıq, Türk Dövlətləri Təşkilatının fəaliyyətinin güclənməsi baxımdan önəmli məsələlərdir: “Avrasiya İqtisadi Birliyinə Ermənistanla sülh müqaviləsi imzalandıqdan sonra qoşulmaq mümkündür. Mən bunu nəzərdə tutmuşam. Necə ki, Avropa İttifaqı "qoca qitə"də özünün siyasi-iqtisadi formasiyasını qurub, biz də türk və slavyan xalqlarının, region dövlətlərinin birgə vahid platformasını yaratmalı, genişləndirməli, nəqliyyat kommunikasiyaları blokadadan çıxdıqdan sonra ticarətin genişlənməsinə nail olmalıyıq. Avrasiya İqtisadi Birliyinə üzvlük Rusiya və digər üzv ölkələrə idxal-ixrac əməliyyatları zamanı gömrük, rüsum kimi məsələlərdə müsbət töhfə verə bilər. Azərbaycanlılar arasında nə qədər insan var ki, Rusiya bazarlarından dolanırlar, Avrasiya İqtisadi Birliyinə qoşulmaq onların məhsullarını bazara çıxarmaq üçün imkanlarını daha da yaxşılaşdıracaq. Bizim Qarabağ müharibəsindən sonra şimal qonşumuzla əlaqələr əvvəlkindən də yaxşılaşıb, Türkiyə-Azərbaycan-Rusiya tandemi yaranıb, bu tarixi imkanı dəyərləndirməli, region ölkələri ilə birlikdə inkişaf yolu tutmalıyıq". 

Oqtay Qasımov - Teleqraf.com

 Oqtay Qasımov

Politoloq Oqtay Qasımovun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan bu günə kimi xarici siyasətini ölçülü-biçili həyata keçirib və bu da öz nəticələrini verib. O.Qasımov hesab etmir ki, xarici siyasətimizdə kəskin dönüşlər etməliyik. Onun fikrincə, bizim maraqlarımıza uyğundur ki, Qərblə əlaqələrimizi davam etdirək, hərçənd Avropada əleyhimizə kampaniya aparılır: “Amma bunun gözlənilən olduğunu bilirdik və əsas vermir ki, Qərblə əməkdaşlıq platformalarından imtina etməliyik. NATO-ya gəldikdə, üzvlük niyyətimiz yoxdur, ancaq o demək deyil ki, üzümüzü Şərqə çevirməliyik. Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Birliyinə üzvlüyə gəlincə, bu günə qədər müraciət edilməyibsə, deməli, bu səviyyədə əlaqələr uyğun görülüb. Əslində Azərbaycanın ŞƏT-ə üzv ölkələr arasında yaxşı münasibət qurduğu dövlətlər var. Sadəcə, Azərbaycanın qarşısında əsas istiqamət Türk Dövlətləri Təşkilatını inkişaf etdirməkdir, onun güclənməsində də maraqlıyıq və iştirak edirik”. 

O.Qasımovun sözlərinə görə, GUAM-dan çıxmaq, Pakistanla sənəd imzalamaq məsələləri təklif kimi səsləndirilə bilər: “GUAM vaxtilə effektiv qurum idi, separatizmdən əziyyət çəkən ölkələr idi. Hazırda əksəriyyətinin problemləri var, amma Avropaya inteqrasiya xəttini tutub, Azərbaycan isə öz yolu ilə gedir. Pakistanla hərbi müttəfiqlikdə hər hansı sıxıntımız yoxdur, bu ideya normal qarşılana bilər, amma coğrafi mənada yaxın müttəfiq qardaş Türkiyədir və Şuşa Bəyannaməsi münasibətlərimizi ifadə edir. Yəni bu gün ordumuz NATO standartlarına uyğun səviyyədə qurulur, bu alyansa üzvlük istəyimiz olmasa da, əməkdaşlıq edirik, müəyyən təlimlərin keçirilməsi mümkündür. Bir sözlə, xarici siyasət kursunda kəskin dönüş edilməsinə zərurət görmürəm”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
Prezident sərəncam İMZALADI
Təlxəklərin qurbanı olan Ermənistan yuxudan ayıla biləcək?

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı