Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84376
az

Fərid Səfərli oğurlanıb, yoxsa...?

10:0411 Mart, 2023
102
REDAKTORUN SEÇİMİ
  • A

Hüquqşünas: “Dostlarından ona İstanbula gəlməsi üçün bilet almalarını istəməsi şübhələr yaradır”
“Mütləq Təbrizdəki konsulluqdan, gömrük orqanlarından, sərhəd xidmətindən, hüquq-mühafizə orqanlarından məlumat tələb etmək lazımdır”

Almaniyada yaşayan Azərbaycan vətəndaşı Fərid Səfərli İranda yoxa çıxıb. Bu barədə 26 yaşlı Fəridin anası Dilarə Əsgərova bildirib. Gəncin tapılması üçün rəsmi qurumlara müraciət olunub. Qadın qeyd edib ki, srağagün Azərbaycanın Almaniyadakı səfirliyinə bu barədə məlumat verib və onların tövsiyəsi ilə də Xarici İşlər Nazirliyinə rəsmi məktub ünvanlayıb: “Hazırda aidiyyəti qurumlarımız onun tapılması üçün çalışırlar. Ötən gün (srağagün - red.) sənədlərini məndən alıblar. Amma hələ bir məlumat yoxdur”.

Dilarə Əsgərova APA-ya deyib ki, oğlu Yena Universitetində təhsil alıb. Bir müddət əvvəl Almaniyaya praktikaya gəlmiş İran vətəndaşı olan xanımla tanış olub və onunla görüşmək üçün İstanbula gedib: “Lakin dostlarından öyrəndiyimə görə, həmin xanım Türkiyəyə gəlmədiyi üçün Fərid özü İrana gedib. Ötən həftənin 5-ci günündən telefonu bağlıdır, sosial şəbəkələrdə görünmür. Düşünürəm ki, telefonu itmiş olsaydı, hardansa sosial şəbəkə üzərindən mənimlə əlaqə saxlayardı. Lakin o vaxtdan bəri heç bir xəbər yoxdur. Sonuncu dəfə kartı işləmədiyi üçün dostlarından ona İstanbula gəlməsi üçün bilet almalarını istəyib. Dostları da Tehran-İstanbul-Berlin reysi üzrə bilet alıblar. Lakin İstanbul aeroportundakı polisdən aldığımız məlumata görə, həmin reyslə İstanbula daxil olmayıb. Artıq 6 gün keçir. 5 martda Almaniyaya qayıtmalı idi. 4 martdan telefonu sönüb, xəbər yoxdur”.

Dilarə Əsgərova onu da qeyd edib ki, oğlunun tanış olduğu xanımın kimliyi barədə tələbə yoldaşlarından məlumat almağa çalışıb, lakin onu tanıyan olmayıb: “İndi dostları iranlı tələbələrdən bir məlumat öyrənməyə çalışırlar. Bəlkə onların vasitəsilə qızı tapmaq olar”.

O, “Fərid Səfərlinin itkin düşməsi Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla əlaqəli ola bilərmi” sualına belə cavab verib: “Bu da bir ehtimal ola bilər. Amma ümumilikdə Fərid siyasət adamı deyil, İran əleyhinə heç bir paylaşımları da olmayıb”.

Təbii ki, Azərbaycan vətəndaşı olduğu üçün olayla bağlı əsas iş dövlətimizin üstünə düşür. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Fərid Səfərli barədə məlumat daxil olub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Məlumdur ki, Tehrandakı səfirliyimiz iki aydır qapadılıb. Ancaq Təbrizdə konsulluğumuz işləyir. Konsulluq hansı köməyi göstərə bilər?

Əlavə edək ki, artıq Azərbaycan öz vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub: “Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə, Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hal-hazırda qarşı tərəfdən cavab gözləyir. Azərbaycan vətəndaşı Fərid Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Hacızadə həmçinin bildirib: “Azərbaycan Respublikasının vətəndaşlarına bir daha xatırlatmaq istərdik ki, 2023-cü il yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə qarşı baş vermiş terror hücumundan sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkəmizin vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri barədə səyahət xəbərdarlığı yayıb”. Məsələ ilə bağlı bir çox suallar ortaya çıxır. Ümumiyyətlə, bu, bir tələ ola bilərdimi?

Mövcud vəziyyətlə bağlı son durumu öyrənmək üçün aidiyyəti qurumlara müraciət etdik. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Yeni Müsavat”a dedi ki, hazırda İrandan cavab gözlənilir: “Hələ ki, xəbər yoxdur. Eyni zamanda, Təbrizdəki Baş konsulluğa da məlumat vermişik. Hazırda onlar da araşdırırlar, hər hansı məlumat yoxdur, olan kimi ictimaiyyətə açıqlayacağıq”.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Əli Musəvi ilə də əlaqə saxladıq. Seyyid Əli cavab verəcəyini bildirsə də, sonradan telefona cavab vermədi.

Fəridin anası Dilarə Əsgərova isə “Yeni Müsavat”a dedi ki, universitetdən ona zəng vurublar: “Universitet rəhbərliyindən istəyim o idi ki, qız haqqında məlumat alım. Onlar da bildirdilər ki, ora təcrübəyə gələn qızlar çox olub. İranlılar da çox olub. Adını bilmədiyimizə görə onlar tapa bilməyiblər. Baxmayaraq ki, Fərid universiteti bitirib, hər bir köməkliyi göstərəcəklərini dedilər. Hələ ki, Fəriddən xəbər yoxdur, qurumlara müraciət etmişik, gözləyirik”. 

Onu da qeyd edək ki, Fərid Səfərli fars dilini öyrənirmiş. Anası D.Əsgərovanın sözlərinə görə, Fəridin sevdiyi xanım milliyyətcə fars olub və onunla daha yaxşı ünsiyyət qurmaq üçün fars dilini öyrənib.

Tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu hadisə ilə bağlı detallar məlum olmadığı üçün əvvəldən qəti qərar, yaxud fikir bildirmək mümkün deyil: “Bunun məişət zəminində, yoxsa hansısa təsadüf, qəza ilə bağlı olub-olmadığını demək tezdir. Nəticə etibarilə burada hər hansı siyasi yaxud digər məqsədli yox, daha çox ikili münasibətlər zəminində olan bir münasibət olub, İran vətəndaşı olan xanımın ziyarətçisi kimi İrana gedib. Amma onun Tehrandan İstanbula gəlməməsi şübhəlidir. Öncədən planlaşdırdıqları kimi İstanbulda görüşməli idilər, burada düşünmək olar ki, bilavasitə İrana çəkilmək üçün bu addım atılıb. Amma ”nədən" sualı hər zaman verilməlidir. Düşünürəm ki, Almaniyadakı gəncin İranda hansısa formada daha öncə siyasi fəaliyyəti olmayıbsa, - bununla bağlı hər hansı məlumat bilmirik, böyük ehtimalla olmayıb, - onda bunun arxasında konkret məqsəd axtarmaq və düşünmək ki, bu hansısa siyasi sistemlə bağlıdır, bir az mübahisəlidir. Çünki bu nəticəyə gəlmək üçün arqumentlər yetərli deyil.

Digər tərəfdən, İranın proseslərə müdaxiləsi və Azərbaycanla münasibəti problemlidir. Son dəfə səfirliyə olan hücum zamanı və ondan sonrakı davranışlar, ikinci Qarabağ müharibəsindən sonrakı İran tərəfinin çox bariz şəkildə özünü ələ verən yanlış hərəkətləri təbii ki, burada İran rejiminin də şübhə altında olduğunu deməyə əsas verir. Amma hadisəyə bizə məlum olan məlumatlar yetərli olmadığına görə qiymət vermək, bu nəticəyə gəlmək kifayət etmir. Ümid edirəm, Fərid öz ailəsinə qovuşacaq. Əlbəttə, müxtəlif versiyalar ola bilir. Amma düşündürücü bir məqam var, onun kart hesablarından İranda istifadə etmək mümkün olmur və İranda bloklandığını bildirib, ona başqasının bilet almasını istəyirsə, burada artıq müəyyən şübhələr rəsmi qurumlarla əlaqəni labüd edir. Buna görə də mütləq Təbrizdəki konsulluqdan, gömrük orqanlarından, sərhəd xidmətindən, hüquq mühafizə orqanlarından məlumat tələb etmək lazımdır. Çünki ikili müqavilələr, ölkələr arasında öhdəliklər var və vətəndaşların təhlükəsizliyi dövlətlərin öhdəliyidir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏTLİ OLUN! Bu məlumatı verən şəxsə 2000 manat mükafat veriləcək (VİDEO)
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ!
Elşad Nağıyev saxlanılıb

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR