Sağlam qidalanma mövzusunda hər gün yeni bir tövsiyə eşidir, yaxud oxuyuruq. Sağlam orqanizm naminə çörəkdən imtina edən çox insan var. Hamısı da, öz əməlindən razıdırlar və çörəkdən imtina etdikdən sonra yaxşı nəticə əldə etdiklərindən əmindirlər.
Mən də, eləmədim tənbəllik, çörək sevən bir millətin nümayəndəsi olaraq, çörəkdən imtina etməyin nə ilə nəticələnə biləcəyini araşdırdım.
Təbii ki, çörəkdən imtina edib-etməmək şəxsi qərarınızdır. Mən, sadəcə, onu deyə bilərəm ki, çörək yeməsəniz, müsbət yöndə bir xeyli dəyişikliklərlə qarşılaşacaqsınız. Və onu da qeyd etməyi özümə borc bilirəm ki, qəfildən çörək yeməyi dayandırsanız, bir neçə problemin baş qaldırması da qaçılmaz deyil.
Kəpəkli çörək, çovdar çörəyi, içi ləpəli çörəklər ağ undan bişən çörəyə nisbətən, daha xeyirlidir. Mütəxəssislərin israrla: “Ağ çörəkdən uzaq durun!”-deməsinin səbəblərindən birincisi elə budur. Taxılın özü vitaminlərlə zəngindir. Amma uzun-uzadı emal prosesində bütün faydalı maddələr yox çıxır. Ən yaxşı növ ağ unun tərkibində belə taxıldakı faydalı maddələrin, sadəcə, 30%-i olur ki, onlar da 2 həftəyədək qalır.
Çörəksiz həyatda sizi, konkret olaraq, nələr gözləyir?
1. Diabet riski minimuma enər. Glisemik indeksi yüksək olan ağ çörək qanda şəkərin anidən yüksəlməsinə səbəb olur. Mütəmadi olaraq, bol-bol ağ çörək yeyənlərin diabet riski yüksəkdir. Çörəkdən imtina etsəniz, qanda şəkərin miqdarının stabil olmasından əmin ola bilərsiniz. Sınaqdan keçirin; ağ çörəyi yeyib doyduğunuzu hiss edirsiniz. Amma qısa zaman içərisində yenidən acırsınız. Səbəbi odur ki, ağ çörək sizdə yalançı doyma hissi yaradır. Qanda şəkərin səviyyəsi qəfil düşəndə isə orqanizm aclıq böhranı yaşayır.
2. Artıq çəkilərdən xilas olarsınız. Karbohidrat yemək adətindən əl çəksəniz, sürətlə arıqlayacaqsınız. Təbii ki, bütün karbohidratları həyatınızdan çıxarsanız, bu da səhv addım olar. Keyfiyyətli karbohidratları lazımi miqdarlarda qəbul etsəniz, həm sağlamlığınızın keşiyində dayanacaq, həm də artıq çəkilərdən xilas olacaqsınız.
3. İnfarkt riski azalır. Emal edilmiş karbohidratlar orqanizmdəki yağ turşusu səviyyəsini artırır. Bu da infarkta dəvətnamə yazmaqdır. Ağ çörək əvəzinə, qara və ya kəpəkli undan hazırlanan çörəkləri yesəniz, bu durumun əksi yaşanır, qanda xolesterolun səviyyəsi nizamlanır, ürək xəstəlikləri və diabet riski azalır.
4. Keyfiyyətsiz qidadan uzaq durarsınız. Ağ çörəyin qida dəyəri olduqca aşağıdır, amma buna baxmayaraq, yüksək kaloriyə malikdir. Qidalanmanıza heç bir müsbət təsiri yoxdur, sadəcə, yalançı doymaq hissi verir. Bayaq qeyd etdiyim kimi, bu da qısamüddətlidir.
Bəs, çörəyi qəfil kəssək, hansı problemlərlə qarşılaşarıq?
1. Qəbizlik. Çovdar çörəyi və ləpəli çörək lif baxımından çox zəngindir. Lifin bağırsaqlarımız üçü faydalı olduğu, həzm prosesini rahatlaşdırdığı barədə indiyədək bir çox videoda danışmışam. Liflə zəngin olan çörəyi qəfildən həyatımızdan çıxarsaq, bağırsaqların aktivliyi azalar və bu da qəbizliyə gətirib çıxarar.
2. Enerji itkisi yaşanar. Taxıl qaynaqlı qidalar orqanizmin enerji səviyyəsini qoruyan və yüksəldən bir çox vitamin və minerallarla zəngindir. Xüsusilə, maqneziumu bol olan çörəyi qəfil menyunuzdan çıxarsanız, hüceyrələriniz lazımi dəstəyi görməyəcək və orqanizmin enerji səviyyəsi aşağı düşəcək. Çörəyi qəfil kəsməzdən qabaq, dilimlərin sayını azaldın. Beləcə, orqanizmi çörəksiz yaşamağa hazırlayın.
3. Qeyri-stabil əhval yaşanar. Bütün karbohidratlar serotonin hormonunun ifrazatına kömək edir. Bildiyimiz kimi, serotonin xoşbəxtlik hormonudur. Qəfil çörək yeməyi dayandırsanız, stressə məğlub olarsınız və depressiv davranışlarınız artar. Bunun üçün çörəyi qəfil kəsməyin. Əvvəlcə, qara, yaxud ləpəli çörəyə keçid edin. Az-az da onlardan imtina etməyə cəhd göstərin...
Oxu24.com
ŞƏRHLƏR