Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60923
az

Laçın dəhlizi niyə qapadılmışdı: Erməni təxribatları Azərbaycan-Rusiya qarşıdurmasına hədəflənib

10:4710 Noyabr, 2021
296
REDAKTORUN SEÇİMİ
  • A

Rəsmi İrəvanın son hərbi-siyasi təxribatları ilə ABŞ və Fransanın mövqeyi arasında paralellik müşahidə olunur; Azərbaycanı yeni silahlı toqquşmaya çəkib, Rusiyanı atəşkəsi təmin edə bilməməkdə suçlamaqla, Minsk Qrupunu regiona qaytarmağa cəhd göstərirlər...
Cənubi Qafqaz regionu növbəti erməni təxribatlarına məruz qalmaqdadır. Ermənistanın yeganə işlək mexanizmi olan "təxribat maşını" bütün gücü ilə fəaliyyətini davam etdirir. Və hərbi-siyasi təxribatlar əvvəlcədən planlaşdırılmış, ardıcıl xarakter daşıyır.

Maraqlıdır ki, bütün erməni təxribatları 10 noyabr üçtərəfli anlaşmasının ildönümünə təsadüf edir. Bu isə o deməkdir ki, Ermənistanın biabırçı hərbi məğlubiyyət tarixi olan həmin günə əvvəlcədən hazırlaşırlar. Və bu təxribatların konkret hədəflərinin olduğu da qətiyyən şübhə doğurmur.

Əvvəlcə bir qrup qazıntı işləri aparan şəxslərə atəş açılması ilə bağlı məlumat yaydılar. Bir erməninin öldürüldüyünü və dörd nəfərin də yaralandığını iddia etdilər. Ancaq nə qədər qəribə olsa da, hadisə yerindən yaydıqları fotolarda müxtəlif alətlər var, ölən və yaralanan ermənilərin qan izləri isə yoxdur.

Belə anlaşılır ki, Rusiya kino sənayesində çoxsaylı təmsilçiləri olan ermənilər növbəti dəfə "hərbi-siyasi tamaşa" ssenariləşdirməyə çalışıblar. Halbuki belə qondarma "tamaşalar" ilə uğur qazanmağın mümkün olmadığını ermənilərdən başqa hər kəs bilir. Və bu təxribatın yalnız Azərbaycana deyil, həm də Rusiyaya qarşı yönəldiyi artıq ortaya çıxmağa başlayıb.

rus-sulhmeramlilari-ermeni-qadinlari.jpg (38 KB)

Məsələ ondadır ki, Ermənistan mətbuatında yayılan son məlumatlara görə, Xankəndi şəhərində bir qrup erməni etiraz aksiyası təşkil etməyə hazırlaşır. Etiraz aksiyasının əsas səbəbi kimi isə bölgədə müvəqqəti dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətindən narazılıq qabardılır. Erməni tərəfi iddia edir ki, rus sülhməramlılar onların təhlükəsizliyini təmin edə bilmirlər.

Təbii ki, bu, həm təəccüb doğurur, həm də bir qədər gözlənilməz xarakter daşıyır. Çünki ermənilər adətən, rus sülhməramlıların bölgədə uzun müddət qalmasının vacibliyini vurğulayırdılar. Hətta rəsmi İrəvan hər imkanda Rusiyanın Xankəndi və ətraf bölgədə fəaliyyətinə görə Kremlə təşəkkür də edirdi.

Digər tərəfdən, ermənilər rus sülhməramlıların bütün yay fəslini onlara su daşımaqla, məşğul olduqlarını da deyəsən, unudublar. Hətta rus hərbçilərin erməni yeniyetmələr ilə müxtəlif hərbi təlim oyunları təşkil etdiklərini də xatırlamırlar. Və ən əsası Azərbaycan ərazisində hazırda məhz Rusiyanın sayəsində qala bildikləri barədə də düşünmürlər.

Görünür, bunun olduqca ciddi səbəbləri var. Məsələn, ermənilərin ABŞ və Fransadan yeni təlimatlar aldıqlarını qətiyyən istisna etmək mümkün deyil. Bu iki dövlətin Cənubi Qafqaza dönmək üçün regionda yenidən gərginliyin artması vacib şərtdir. Yəni, elə bir vəziyyət yaradılmalıdır ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətini bərpa etmək mümkün olsun.

Maraqlıdır ki, Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ-ın son açıqlaması da erməni təxribatlarına paralellik təşkil edir. Belə ki, ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanı atəşkəs rejiminə riayət etməyə çağırıb: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hələ həll edilməmiş problemlərin nizamlanması üçün Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi çərçivəsində Azərbaycan və Ermənistan arasında təmasların davam etməsi vacibdir".

ermeni-texribat.PNG (240 KB)

Göründüyü kimi, Azərbaycanı atəşkəsi pozan tərəf kimi təqdim etməyə çalışırlar. Eyni zamanda, Rusiya sülhməramlı qüvvələrinin də atəşkəs rejiminə nəzarət edə bilmədiyi barədə rəy yaratmağa cəhd göstərirlər. Əsas məqsəd isə məhz bu erməni təxribatlarından dərhal yararlanmağa can atan ABŞ-ın açıqlamasında ortaya çıxır. Və Minsk Qrupunun dirçəldilməsinə cəhd göstərildiyi məlum olur.

Bu niyyəti Ermənistan XİN-nin açıqlamasında da müşahidə etmək mümkündür. Belə ki, rəsmi İrəvan "münaqişənin nizamlanması"nın yalnız Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar sayəsində mümkün ola biləcəyini iddia edir: "Bunun üçün Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə xalqların özünütəyinetmə haqqı çərçivəsində "Artsax"ın statusunun müəyyən olunması vacibdir".

Ermənistan XİN-in bu açıqlaması birmənalı şəkildə siyasi təxribatdan başqa bir şey deyil. Əsas hədəf Rusiyanın qarantor rolunda çıxış etdiyi üçtərəfli anlaşmaları əhəmiyyətdən salıb, ermənipərəst ABŞ və Fransanı Minsk Qrupunun çətiri altında yenidən regionda cərəyan edən proseslərə ortaq etmək cəhdindən ibarətdir. Və rəsmi İrəvanın bu siyasi təxribatları hələlik Rusiya ilə Azərbaycanın ortaq mövqeyi sayəsində nəticəsiz qalmaqdadır.

Ona görə də, rəsmi İrəvan Azərbaycan və Rusiya arasında ciddi narazılığın yaradılması istiqamətində də müxtəlif cəhdlər sınaqdan çıxarılmaqdadır. Buna misal olaraq, Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Azərbaycanın rus sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgəyə qeyri-qanuni səfərini göstərmək olar. Və bu, Ermənistanın rəsmi səviyyədə törətdiyi siyasi təxribatdır.

685772a6f686fcd5fd6be7a9165c38a8.jpg (98 KB)

Təbii ki, rəsmi İrəvan bu siyasi təxribata Azərbaycanın səssiz qalmayacağını anlamamış deyil. Ancaq rəsmi İrəvan çalışır ki, Azərbaycanın reaksiyası Rusiya ilə narazılığın yaranması üçün yetərli olsun. Və hadisələrin sonrakı inkişafı da bunu təsdiqləyir.

Məsələ ondadır ki, rəsmi İrəvanın siyasi təxribatı barədə məlumat yayılmazdan öncə rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu bölgədə hansısa xoşagəlməz hadisələrin baş verməkdə olduğuna eyham vuran xəbərləri dövriyyəyə buraxdılar. Belə ki, erməni politoloq Tatul Akopyan öz sosial şəbəkə səhifəsində Xankəndidən Şuşa və Ermənistan istiqamətində gedən yolun bağlanması barədə məlumat yaydı: "Hazırda yolun açılmasını gözləyirik. Yolun bağlanma səbəbini bilirəm. Ancaq rus sülhməramlılar da daxil olmaqla, baş verənlərə rəsmən aydınlıq gətirilməyənə qədər mən bu barədə yazmayacam".

Ermənistan mətbuatı isə bu məsələ ilə bağlı ziddiyyətli məlumatlar yaydı. Belə ki, bəziləri həmin yolun (Laçın dəhlizi) Azərbaycan ordusu tərəfindən, digərləri isə rus sülhməramlı qüvvələri tərəfindən qapadıldığını iddia etdi. İstənilən halda, bu addımın məhz rəsmi Bakının israrlı tələbi ilə atıldığını düşünmək olar.

Çünki, Ermənistan müdafiə nazirinin Azərbaycan ərazisinə icazəsiz daxil olması, üstəlik, orada qeyri-qanuni erməni terrorçu dəstələri ilə görüşməsi yolverilməzdir. Bu, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş hərbi-siyasi təxribatdır. Və bu hərbi-siyasi təxribat qətiyyən cavabsız buraxıla bilməzdi.

Təbii ki, bu baxımdan, Laçın dəhlizinin müvəqqəti də olsa, qapadılması Ermənistana sərt xəbərdarlıq xarakteri daşıyır. Rəsmi İrəvan bu təxribatları davam etdirməkdə israrlı olarsa, Laçın dəhlizinin birdəfəlik bağlanması da gündəmə gələ bilər. Və rəsmi Bakı belə bir addımın atıla biləcəyinin mesajını artıq verib.

1b9252b959aa86f2a8a0f903b467a677.jpg (102 KB)

Onu da qeyd etmək lazımdır ki, bu hadisə Rusiya sülhməramlı qüvvələri ilə bağlı da müəyyən şübhələr yaradır. Çünki, erməni nazirin Azərbaycan ərazisinə belə asanlıqla, daxil olub, sonra da geri dönə bilməsi onların öz işlərinə məsuliyyətlə yanaşmadığını göstərir. Və Kreml belə hərbi-siyasi təxribatların qarşısını almağa borcludur.

Əks halda, bunu Azərbaycan ordusu etməli olacaq. Artıq Azərbaycan Müdafiə Nazirliyi bu təxribatla bağlı Ermənistana sərt şəkildə xəbərdarlıq edib. Bu xəbərdarlıq həm də dolayısı ilə Rusiya sülhməramlı qüvvələrinə də aiddir. Və Kreml rəsmi İrəvanın belə təxribatlar ilə Azərbaycan-Rusiya münasibətlərində ziddiyyətlərə yol açmaq cəhdlərinin baş tutmasına imkan verməməlidir.

Ən azından ona görə ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında hərbi-siyasi təxribatlarına seyirçi qalınmayacağı birmənalı şəkildə vurğulanır: "Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edirik ki, Azərbaycan ərazilərinə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda, Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq, aqressiv separatizm və terror-təxribat əməllərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçiriləcək".

Göründüyü kimi, rəsmi Bakı Azərbaycanın suveren hüquqlarına qarşı yönələcək istənilən addımlara qarşı sərt reaksiya vəd edir. Onu da nəzərə almaq lazımdır ki, rəsmi Bakı öz vədlərinə həmişə sadiq qalır. Bu, təxribatların təkrarlanacağı tədbirdə Laçın dəhlizinin tamamilə bağlana biləcəyini ehtimal etməyə əsas verir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
Rəisinin öldüyü qəzanın yeni detalları – Məşhur rus generallar SİRLƏRİ AÇIR