İnsanların həyata baxışı iki cürdür. Birincilər gördüklərini olduğu kimi danışırlar. İkincilər isə görmək istədiklərin danışırlar. Politologiyada birincilərə realistlər, ikincilərə isə populistlər deyilir. Ermənistan cəmiyyətində populistlər ictimai fikrin əsas aparıcı qüvvələridir.
Ona görə də ermənilər heç zaman istədiklərinə nail ola bilmirlər. Azərbaycanda da populistlər var. Və onlar sayca az olsa da, ictimai fikrə müəyyən təsir imkanlarına sahibdirlər. Bu adamların çox zaman müstəqil fikirləri olmur. Kimlərinsə təsiri altında hərəkət edirlər. Və çox zaman da özlərinin yox, təsiri altına düşdükləri qüvvələrin fikirlərini təşviq edirlər. Siyasi platformada olan bu adamların tam əksəriyyəti qərbyönümlü olanlardır. Və onlar öz fikirlərində Rusiyaya və İrana qarşı çox aqressivdirlər. Bu aqressivlik milli təəssübkeşlikdən doğmur, Avropanın yanında durmaq, onlardan “malades” almaq istəyindən irəli gəlir. Belə siyasətçilərimizdən biri də hörmətli Ərəstun Orucludur. Onun dünən elektron KİV-lərdə Rusiya ilə bağlı odlu-alovlu fikirləri tirajlandı. Oruclu deyir ki, “Yaxın vaxtlarda Qarabağda Rusiyanın nələr planlaşdırıldığını bilmək üçün münəccim olmağa ehtiyac yoxdur.
Hələ bir neçə həftə əvvəl demişdik ki, əsas iki bölgə – Hadrut və Şuşa hədəfdədir, səbəblərini də izah etmişdik. Lakin “sülhməramlının” bununla kifayətlənmək istədiyini düşünmək yaxşı halda sadəlövhlük, pis halda isə axmaqlıq olardı”.
Mən Ərəstun bəyin naratlığını başa düşürəm. Lakin onun bəsit fikirlərini anlamıram. Rusiyanın geosiyasi hədəflərində Hadrut və Şuşa şəhərlərinin adlarına heç vaxt rast gəlinə bilməz. Amma Azərbaycan Rusiyanın böyük hədəflərində ilk yerlərdən birini tutur. 28 il idi ki, Rusiya Azərbaycanda hərbi mövcudluğunu bərpa etmək istəyir. Bunun üçün bütün vasitələrə əl atır. Erməniləri üstümüzə qısqırdır, beynəlxalq nəqliyyat dəhlizlərinə əngəl törədir, iqtisadi və siyasi təzyiqlər edir. Amma Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasəti hesabına Rusiyanın bütün təzyiqləri neytrallaşdırılır.
Ən nəhayət, Moskvanın ən güclü kartı Dağlıq Qarabağ idi. Və bu da bu ilin payızında Rusiyanın əlindən çıxdı. Son anda Rusiya bütün imkanlarını səfərbər edərək Qarabağda özünə kiçik bir sığınacaq ala bildi. Bu, Azərbaycanın Rusiyaya edəcəyi son və ən böyük güzəşti idi. Nəzərə alaq ki, bu güzəşt kartının da vur-tut 5 il ömrü var. Nəinki 5 ildən sonra, istənilən vaxt Azərbaycan Rusiyanı Qarabağdan çıxara bilər. Bu isə bütövlükdə Rusiyanın Cənubi Qafqazdan birdəfəlik qovulmasına səbəb olar. Vladimir Putinin İlham Əliyevə necə deyərlər, boğaz çəkməsi sayəsində Qarabağa rus sülhməramlıları gəldi. Ola bilsin ki, kimsə mənimlə razılaşmasın, desinki, Rusiya o günə qaldı ki, Azərbaycan kimi xırda dövlətlərdən qorxdu? Əlbəttə ki, Rusiya Azərbaycandan qorxmur, lakin ehtiyat etdiyi məqamlar var.
Birincisi, Rusiya əvvəlki Rusiya deyil. Sosial-iqtisadi problemlərin məngənəsində sıxılır. Sanksiyalar Rusiyanı çökdürüb. Son 3 ildə Rusiyanının ümumdaxili məhsulunda artım 3 faizi keçmir.
İkincisi, Rusiya böyük dövlətdir. Böyük dövlətlərdə isə ictimai fikirlə razılaşmaq məcburiyyəti var. Hazırda Rusiya ictimai fikrində Azərbaycana qarşı simpatiya meyilləri güclənməkdədir.
Üçüncüsü, Rusiya özünü xarici təzyiqlərdən və müdaxilələrdən Türkiyə başda olmaqla türkdilli dövlətlərin hesabına qoruyur. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan hazırda Rusiyanın əsas strateji tərəfdaşlarıdır. Son 3 ayda Rusiya Ermənistanı açıq müdafiə etməkdən çəkinərək həm Azərbaycanın, həm də Türkiyə başda olmaqla digər türk dövlətlərinin könlünü xoş elədi. Nəzərə alaq ki, Rusiya Federasiyasında 15-20 milyon arası türkdilli xalqlar yaşayır. Bu faktoru da nəzərdən qaçırmaq lazım deyil.
Dördüncüsü, İkinci Qarabağ müharibəsində Rusiya Ermənistanı müdafiə etməməklə özünü yeni imicdə təqdim etməyə çalışdı. 43 gün Rusiya bitərəfliliyini saxladı. Baxmayaraq ki, Ermənistan bütünlüklə rus arsenalı ilə vuruşurdu. Lakin Birinci Qarabağ savaşında olduğu kimi bu dəfə əsgəri yardım etmədi. Və dünyaya göstərməyə çalışdı ki, müharibədə bitərəfdir. Amma 44-cü gün Rusiya xislətini biruzə verdi. Qeyri-müəyyən şəraitdə rus helikopteri vuruldu, 9 noyabr axşamı Xəzər dənizindən atılan raket Abşeron rayonu ərazisinə düşdü. Bundan cəmi bir neçə saat sonra üçtərəfli sülh anlaşması imzalandı. Bu anlaşma bütün parametrləri ilə Azərbaycanın maraqlarına uyğun gəlsə də, Rusiya üçün də faydalı oldu. Əvvəla, ona görə ki, Rusiya biabırçı şəkildə Cənubi Qafqazdan qovulmaqdan qurtuldu. Əgər 10 noyabr anlaşması olmasa idi, ən azı 10 günə Azərbaycan erməniləri Qarabağdan süpürüb atacaqdı. Bununla da Rusiyanın Azərbaycana təsir imkanları sıfıra düşəcəkdi.
Beşincisi, 10 noyabr anlaşması Rusiyaya tarixində ilk dəfə sülhməramlı rolunda çıxış etmək imkanı verdi. Rusiya üçün dünya ictimai fikrini dəyişdirmək baxımından Ermənistan-Azərbaycan sülh anlaşması əlamətdar bir fürsət oldu. ABŞ və Avropa olmadan Rusiya ilk dəfə müharibəni durdurdu. Bu isə Rusiya üçün əvəzsiz bir uğur idi. Bu uğurun inkişaf etdirilməsi və dünyanın ictimai fikrində Rusiya haqqında müsbət imicin formalaşması üçün Azərbaycan Moskvaya çox böyük dəstək verə bilər. Bu dəstək Azərbaycanda 10 dənə hərbi bazadan, 10 dəfə böyük iqtisadi-siyasi və mənəvi dividenddir. Bir anlığa göz önünə gətirək: Azərbaycan rus sülhməramlılarını Qarabağdan çıxarır və Moskva rəqiblərinin, eləcə də sivilizasiyanın gözündə bir daha ifşa olunur.
Ona görə də Ərəstun Oruclunun Şuşa və Hadrutla bağlı söylədiyi fikirlər çox bəsitdir. Yəni Rusiya qazandığını qazandı. Dünyaya özünü sülhməramlı kimi sırıdı. Bu daha çox tülkünün həccə getməsinə bənzəyir. Lakin siyasətdə belə hallar anlaşılandır. Yoxsa, ay Şuşa belə gəldi, Hadrut elə getdi. Belə məsələlər Rusiyanın böyük layihələrində hədəf kimi göstərilməsi Ərəstun müəllimin təbiri ilə desək, ”yaxşı halda sadəlövhlük, pis halda isə axmaqlıqdır”.
Ərəstun Oruclu fikrini inkişaf etdirərək deyir ki, ”Növbəti hədəf Cəbrayıl olmalıdır, çünki Rusiyanın strateji məqsədi Yaxın Şərqə çıxmaqdır, ora əsas yol isə Xudafərindən keçir. Əsas yol, amma əlavə yol da var ki, bu da Naxçıvan üzərindəndir. Bunu da unutmamalıyıq”.
Burda rəhmətli Məşədi İbadın məşhur ifadəsi yadıma düşdü: “Tarixi-Nadiri” yarıyacan oxumuşam, mən buna başa düşmədim, bəs bu füqarələr necə başa düşsün?” Bu nə deməkdir? Rusiyanın Azərbaycan üzərindən Yaxın Şərqə çıxmaq fikri çox gülüncdür. Çünki Rusiya İranla onsuzda strateji tərəfdaşdır. İraq, Suriya və digər ölkələrə gəldikdə isə, Rusiya zatən orda var. Ona görə də Rusiyanın geopolitik siyasətində Azərbaycanda möhkəmlənək imkanları ən yaxşı halda imic dəyişiklikləri üçün vacibdir. Çünki Rusiyanın imperaialist siyasəti onu sivilizasiyadan təcrid edib. Ən qatı tərəfdarı da “vot-vot” Rusiyanın təsir dairəsindən çıxmaq üzrədir. Ona görə də Kreml siyasətini dəyişmək məcburiyyətindədir. Əks təqdirdə Rusiya dağılacaq.
Adi bir nümunə göstərim. Son 3-4 ayda Rusiya ictimai fikrində Azərbaycana qarşı meyllənmə müşahidə edilir. Halbuki son 3 aydakı pozitiv dəyişikliyi son 30 ildə görməmişik. Bu dəyişikliyin bir səbəbi Azərbaycanın haqq mübarizəsindəki qələbəsidirsə, digər səbəbi rus siyasətçilərinin, ekspertlərinin imperalist yanaşmadan əl çəkdiklərinin simptomlarıdır. Çünki güclü dövlət təziyqnən, təxribatnan qurulmur, dönərli valyutası, liberal baxışları və güclü iqtisadi əlaqələri ilə qurulur.
Ona görə də Ərəstun Oruclunun proqnozlarının heç bir perspektivi yoxdur. Bu fikirlər Rusiyaya olan antipatiyadan, ABŞ və Avropaya olan simpatiyadan qaynaqlanır. Amma mənim üçün ABŞ da, Avropa da, Rusiya da imperialistdir. Onların heç birindən bizə dost olmaz. Çünki türkün türkdən başqa dostu yoxdur.
KONKRET.az
Oxu24.com
ŞƏRHLƏR