Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99541
az

Anar Bağırov: “ Vəkilin nüfuz qazanması şou verilişlərdə iştirakla ölçülmür ” – MÜSAHİBƏ

12:2218 Dekabr, 2023
2242
MÜSAHİBƏ
  • A

Azərbaycan vəkilləri dekabrın 28-də peşə bayramlarını qeyd edəcəklər. Ölkəmizdə son illər vəkillik institutu kifayət qədər inkişaf edib. Vəkilin ədalətli məhkəmə qərarlarının çıxarılmasında oynadığı vacib rol isə danılmazdır. Son illər bu institutun inkişafı və cəmiyyətdə nüfuzunun artırılması istiqamətində bir çox layihələr həyata keçirilib. Məhz atılan uğurlu addımların nəticəsində vəkillərin sayının artmasında mühüm irəliləyişlərə nail olunub.

 

Bu və ya digər aktual məsələlər barədə Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov “Report”a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Altı ildir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrisiniz. Kollegiyada nələri dəyişə bilmisiniz?

- Əvvəla, müsahibəyə görə təşəkkür edirəm. “Report” İnformasiya Agentliyi hər zaman Vəkillər Kollegiyasının fəaliyyətinə çox həssas yanaşıb. Kollegiyada son illər ərzində olan dəyişikliklərə və yeniliklərə, təbii ki, mənim qiymət verməyim subyektiv görünə bilər. Çünki məlum olduğu kimi, 2017-ci ilin sonundan etibarən Vəkillər Kollegiyasına rəhbərlik mənim tərəfimdən həyata keçirilir. Öncə onu qeyd edim ki, Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Belə ki, hələ SSRİ dövründə məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasında vəkilliklə bağlı müddəalar öz əksini tapmışdır. Bununla da vəkilliyə konstitusion status verilmişdir. Bütün bu fəaliyyətin məntiqi davamı olaraq, Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun imzalanmışdı. Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşdı və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrildi. Peşə müstəqilliyinin təməlini qoyan qanunun qəbulundan sonra isə ilk dəfə olaraq 3 noyabr 2004-cü ildə Azərbaycanın Yeni Vəkillər Kollegiyası təsis edildi. Azərbaycanda vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra normativ-hüquqi aktlar, çoxsaylı sərəncamlar və digər sənədlər qəbul olunmuşdur ki, bu da Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin adı ilə birbaşa bağlıdır.

Müşahidələrim onu deməyə əsas verir ki, Azərbaycan cəmiyyəti son illər ərzində ölkəmizdə vəkillik sahəsində aparılan islahatları müsbət qiymətləndirir. Ən azından, biz bunu öz fəaliyyətimizdə də görürük. Mən fəaliyyətə yeni başlayanda vəkil sayı indikindən üç dəfə az idi. Hər gün işə gələndə çox sayda vətəndaş qapımızda gözləyirdi, şikayətçilər gəlirdilər, çox çətin idi. Ancaq hazırda vəkillərin sayının üç dəfə artması tendensiyanı müsbətə doğru dəyişib. Bu da vəkilliyin güclənməsindən, vəkillərimizin fəaliyyətinin daha peşəkar yanaşmasından xəbər verir. Təbii ki, narazı qaldığımız məsələlər də var. Bunlar da gələcəkdə öz həllini tapmalıdır, bu istiqamətdə işlər görülməlidir.


- Qarşıdan 2024-cü il gəlir. Eyni zamanda dekabrın 28-də vəkillərin peşə bayramı yaxınlaşır. Vəkillər Kollegiyasının fəaliyyətində hansı yeniliklər gözlənilir?

- Bilirsiniz, qarşıdan gələn ildə əsas fəaliyyətimiz, ilk növbədə, ölkədə vəkil sayının artırılmasından ibarətdir. Ümumi statistika onu deməyə əsas verir ki, hər il ölkəmizdə vəkillərin sayı orta hesabla 10 faiz artır. Vəkil sayı artdıqca 10 faizi qorumaq çətin olacaq. Amma biz maksimum çalışacağıq ki, vəkil sayı ildən-ilə artsın, yəni bu, çox lazımdır. Çünki 2018-ci ilin əvvəli ilə müqayisədə 11 min nəfərə cəmi bir nəfər vəkil düşürdü. Hazırda isə 4 min nəfərə bir vəkil düşür. Düzdür, çox istərdik ki, daha az vətəndaşa çox vəkil düşsün. Təbii ki, bütün bunlar birmənalı olaraq Azərbaycanda ədalət mühakiməsinin keyfiyyətinə müsbət təsir edəcək. Üzümüzə gələn ildə qarşımızda duran vəzifələrdən biri odur ki, bölgələrdə vəkillik daha da güclənsin. Bu baxımdan, Naxçıvan Muxtar Respublikası bizim üçün çox prioritet bölgələrdən biridir. Çünki orada digər bölgələrlə müqayisədə vəziyyət daha acınacaqlıdır. Vəkillərin sayı çox aşağıdır və ümid edirəm ki, növbəti il Naxçıvanda vəkillərin sayı kəskin şəkildə artacaq. Bundan ötrü bütün müvafiq tədbirlər görülür.

İmtahan prosesi davam edir və çox arzulayardım ki, heç olmasa vəkillərin sayı indikindən 50 faiz artıq olsun. Ölkəmizin qərb və şimal bölgələrində də belə problemlər var. Ancaq tez bir zamanda həll etmək də asan deyil. Çünki vəkillik dövlət qurumu deyil. Biz təyinatla vəkilləri bölgələrə göndərə bilmirik, ancaq hazırda müəyyən motivasiya tədbirləri görməklə biz bu işi icra etmək niyyətindəyik. Hazırda Gəncə şəhərində Gəncə şəhər Regional Vəkil Bürosunun inzibati binasının təmir işləri gedir. Ora Gəncə Şəhər Prokurorluğunun uzun illər ərzində yerləşdiyi bir binadır. Bina şəhərin mərkəzində çox böyük sahəyə malikdir. Ümid edirəm ki, bu məsələ həllini tapandan sonra Gəncə şəhəri və ümumiyyətlə, qərb bölgəsində vəkilliyin maddi texniki vəziyyəti xeyli yaxşılaşacaq. Növbəti ildə biz bu binanın açılışını etməyi planlaşdırırıq. Həmçinin, Bakı şəhərində Vəkillər Kollegiyasının yeni inzibati binasının tikintisi və istifadəyə verilməsi üzrə artıq əməli tədbirlərə başlayacağıq.


Nazirlər Kabinetinin qərarı ilə həm Bakıda, həm Gəncədə, həm də regional məhkəmələrin fəaliyyət göstərdiyi Şəki, Şirvan, Sumqayıt şəhərində bizə ayrılan - balansımıza əvəzsiz binalar verilir. Biz buna görə icarəhaqqı ödəmirik. Bu, çox önəmli və ciddi bir qarantiyadır. Vəkillər Kollegiyası özünü idarə edən, özünü maliyyələşdirən təşkilatdır. Ancaq Kollegiyanın maliyyə imkanları o dərəcədə geniş deyil. Hər ay indi yerləşdiyimiz – Kollegiya Aparatının inzibati binasına görə ƏDV ilə birgə təxminən 10 min manat ödəyirik. Eyni zamanda, bizim əməkdaşların əməkhaqları, ödənilən vergilər, sosial sığorta haqları, o cümlədən xarici səfərlərimizi özümüz maliyyələşdiririk. Amma çox qənaətlə işimizi qurmuşuq, çalışırıq ki, ştat sayı artmasın. Kollegiyada bütün işlərin görülməsi ilə cəmi 19 nəfər məşğul olur.

- İşğaldan azad olunmuş torpaqlarımızda vəkil bürolarının yaradılması məsələsi var?

- Bəli, əlbəttə! Biz müvafiq olaraq dövlətimizə də müraciət etmişik ki, işğaldan azad olunmuş torpaqlarımızda şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz salınarkən vəkil qurumlarının yerləşməsi də mütləq nəzərə alınmalıdır. Çünki əgər hüquq-mühafizə orqanlarının həmin bölgələrdə şəraiti olacaqsa, mütləq vəkil qurumu da olmalıdır. Biz də hazırıq ki, öz hesabımıza işğaldan azad olunmuş ərazilərdə vəkil qurumlarını tikib təmir edək. Amma, təbii ki, dövlət tərəfindən də mütləq Baş Planda bu məsələ nəzərə alınmalıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bizə cavab verilib. Bildirilib ki, mütləq qaydada bu məsələ nəzərə alınacaq və təbii ki, prioritet məsələlərdən biridir. Hazırda insanlar öz doğma dədə-baba yurdlarına köçürlər. Amma azad olunmuş ərazilərdə o sayda adam yoxdur ki, indidən Vəkil Bürosu fəaliyyət göstərsin.


- Ölkəmizdə qadın vəkillərin sayının az olması sizi narahat etmir ki?

- Bu, məni ən çox narahat edən məsələlərdən biridir. Dəfələrlə bununla bağlı publik qaydada mövqe nümayiş etdirmişəm. Əgər 2018-ci ildə xanım vəkillərin sayı ümumi vəkillərin sayında yalnız 14 faiz təşkil edirdisə, bu, indi 17 faizdir. Konkret desək, hazırda Vəkillər Kollegiyasında 2387 vəkil fəaliyyət göstərir və onlardan 415 nəfəri qadındır. Bizim vəkil köməkçilərinin əksəriyyəti məhz xanım hüquqşünaslardır. Onlar da gələcəyin vəkilləridir. Sonuncu imtahanlarda artıq namizədlərin çoxu xanımlar idi. Kişilər azlıq təşkil edirdi. İlk dəfə olaraq belə bir hal baş verdi: - 26 kişi və 27 xanım. Bu, onu deməyə imkan verir ki, bu məsələlər öz həllini tapmaqdadır və bu kortəbii baş vermir. Vəkillər Kollegiyası Rəyasət Heyətinin təşəbbüsü ilə Kollegiyanın Qadın Vəkillər Alyansı yaradıldı. Həmin Alyansa 40 ilə yaxın peşə təcrübəsi olan Dilarə Əfrasiyabova rəhbərlik edir. Eyni zamanda qeyd edim ki, bütün universitetlərin hüquq fakültələri ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Ümid edirəm ki, balans yaranacaq və xanımlar, təbii ki, bizim üçün gələcəkdə vəkillərin sayının artırılmasında önəmli rol oynayacaq.

- Bəzən vəkillik adından qanunsuz istifadə hallarına rast gəlinir. Belə faktlarla bağlı nə deyə bilərsiniz?

- 2023-cü il yekunlaşmasa da, təkcə bu il Vəkillər Kollegiyasına 70 müraciət daxil olub. Bütün bu müraciətlərlə bağlı tərəfimizdən araşdırma aparılır və bu barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət olunur. Bununla bağlı cəzalanan şəxslər də var. Biz prokurorluğa müraciət edirik, orada başqa hallar olanda isə Daxili İşlər Nazirliyinə müraciət ünvanlanır. Hüquq-mühafizə orqanları lazımi araşdırma aparır və təqsirli şəxslər məsuliyyətə cəlb olunur. Belə hallarla çox ciddi mübarizə aparılır.


- Əksər hallarda məhkəmələrdə vəkillərin qaldırdıqları əsaslı vəsatətlər hakimlər tərəfindən təmin edilmir. Buna münasibətiniz necədir?

- Azərbaycanda məhkəmə hakimiyyəti müstəqildir. Bu institutun formalaşmasında və idarə edilməsində Vəkillər Kollegiyası bilavasitə iştirak edir. Çünki Kollegiyanın nümayəndələri həm Hakimlərin Seçki Komitəsində, həm də məhkəmə iclaslarında təmsil olunurlar. Təbii ki, vəkillərlə məhkəmələrin münasibətləri və bununla bağlı olan məsələlər bizim də diqqət mərkəzimizdədir.

Qeyd etmək istərdim ki, son illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə çox səmərəli əməkdaşlıq mövcuddur. Belə ki, Konstitusiya Məhkəməsində baxılan işlər üzrə Kollegiyanın mülahizə və rəyləri nəzərə alınır, vəkillərimiz Plenumda iştirak edir. Konstitusiya Məhkəməsinin Azərbaycan vəkilliyinə göstərilən sayğı və diqqətə görə başda sədr Fərhad Abdullayev olmaqla bütün hakimlərinə minnətdarlığımı bildirəm.

Eyni zamanda Kollegiya ilə Ali Məhkəmə arasında uzunmüddətli səmərəli əməkdaşlıq mövcuddur. Ali Məhkəmənin və Məhkəmə Hüquq-Şurasının sədri hörmətli İnam Kərimov vəzifəyə yeni təyin olunan kimi, Femida Dialoq Platforması çərçivəsində ilk görüşü vəkillərlə oldu. Biz bunu çox yüksək dəyərləndiririk. Həmçinin çox istərdim ki, Ali Məhkəmənin Plenumumda ittiham tərəfinin iştirak etdiyi iclaslarda müdafiə tərəfi, yəni vəkillər də iştirak etsin. Hesab edirik ki, bu, ədalət mühakiməsinin maraqları üçün bütün məhkəmə instansiyalarında istənilən mərhələdə təmin edilməlidir. Bizim əsas istəyimiz vəkillə hakimin qeyri-prosessual münasibətləri olmamasıdır.

Suala gəldikdə isə buna həm Vəkillər Kollegiyasının sədri, həm də Məhkəmə-Hüquq Şurasının üzvü kimi cavab verəcəm. Bu mövzuda əsas mövqeyim ondan ibarətdir ki, bütün məhkəmələrdə məsələlər qanun müstəvisində həllini tapmalıdır. Vəsatət vermək vəkilin əsas prosessual imkanlarından biridir. Vəkilin iki silahı var: - birincisi natiqliyi, ikinci isə qələmi ilə hazırladığı şikayətlər, vəsatətlərdir. Vəkillərin verdiyi vəsatət kağız üzərində qalmamalıdır və qanun da bunu tələb edir ki, hər bir şikayət, hər bir vəsatət araşdırılmalıdır, düzgün qiymət verilməlidir. Vəkilin vəsatətlərinə etinasız yanaşmaq yolverilməzdir və kobud qanun pozuntusudur. Bu, ədalət mühakiməsinin obyektiv həyata keçirilməsinə ən böyük maneədir. Vəkil vəsatətləri ilə bağlı məsələnin düzgün araşdırılması və doğru qərarların qəbul edilməsi hallarını ən çox qaldırandan biri Ali Məhkəmənin keçmiş sədri Ramiz Rzayev idi.


- Bir çox açıq məhkəmələrdə jurnalistlərin çəkilişə icazəsi olduğu halda vəkillər prosesi işıqlandırmaqda onlara çətinliklər yaradırlar. Bu da jurnalistlərin haqlı narazılığına səbəb olur. Siz bu haqda nə deyə bilərsiniz?

- Jurnalistlər vəkillərin ən böyük dostlarıdır. Bildirmək istərdim ki, bizimlə əməkdaşlığı olan jurnalistləri Milli Mətbuat Günü ərəfəsində Kollegiyamıza dəvət edərək “Vəkillərin dostu” mükafatı ilə təltif edəcəyik. Bu, artıq bir ənənə olacaq. Jurnalistlərlə qanun çərçivəsində və etik qaydada işləmək lazımdır. Hansısa jurnalistə qarşı vəkil qeyri- etik münasibətə yol verirsə bu, qətiyyən yolverilməzdir. İstəməzdim ki, hansısa vəkilin xoşagəlməz, qeyri-etik hərəkətlərinə görə jurnalistlərimizdə bütün institut barədə pis fikir yaransın. Belə hərəkətlərə yol verən şəxslər birmənalı olaraq vəkil etikasını pozmuş olurlar. Vəkil qırmızı xətti keçməməlidir.

- Bəzi vəkillər tez məşhurlaşmaq üçün şou xarakterli verilişlərdə ekspert qismində iştirak edirlər. Ümumiyyətlə, Vəkillər Kollegiyası tərəfindən vəkillərə qarşı hər hansı təlimatlar verilir və qadağalar qoyulurmu?

- Vəkillər jurnalistlər kimi azaddır. Jurnalistlərin də bəziləri şou xarakterli verilişlərdə ekspert və ya qonaq qismində iştirak edir. Vəkil və jurnalist dövlət qulluqçusu deyil, azad bir peşə sahibidir. Buna görə kimsə hər hansı qadağa qoya bilməz. Amma bizim, təbii ki, bununla bağlı müəyyən tövsiyələrimiz olur. Şou verilişlərdə vəkil etik davranış qaydalarına əməl etməlidir və onu pozmamalıdır. Bu gün Azərbaycan əhalisinin əksəriyyəti və bizim televiziya kanalları şou verilişlərə üstünlük verirlər. Çox təəssüf ki, bunun səbəbini də bilirik - reytinq yığmaq, reklam cəlb etmək. Bilirsiniz ki, vəkilin nüfuz qazanması şou verilişlərdə iştirakla ölçülmür. Şou vasitəsilə vəkil özünə əlavə müştəri qazana bilər. Çünki hansısa sadəlövh vətəndaş fikirləşə bilər ki, o şou verilişdə vəkil çıxış edirdi və həmin şəxs ən yaxşı vəkildir. Vətəndaşlara müraciət edərək bildirirəm ki, vəkil seçərkən şou verilişlərinə baxıb qərar verməsinlər. Vəkil seçərkən dostunuzun, yaxınlarınızın rəyinə əsaslanın.


- Belə iddialar var ki, vəkillər qazanc naminə icraatlarına eyni vaxtda bir neçə iş götürürlər. Nəticədə həmin işlərin heç də hamısına keyfiyyətlə yanaşmaq mümkün olmur. Bununla bağlı hər hansısa normativlər varmı?

- Hüquqi perspektiv olmayan işləri vəd vermək olmaz. Bu, birbaşa həm qanun, həm də etikanın pozuntusudur. Mən bu qızıl prinsipdən hər zaman istifadə etmişəm və həmkarlarıma da tövsiyə edirəm. Keyfiyyətsiz hüquqi yardım müştərinin aldadılmasıdır. Sən görürsən ki, bu işin perspektivi yoxdur, ondan ötrü hansısa xüsusi araşdırmaya ehtiyac yoxdur. Bunu bilə-bilə vətəndaşa yalan vəd verərək əsassız yolla varlanmaq istəyirsən. Belə müraciət bizə daxil olan kimi, dərhal həmin vəkilləri cəzalandırırıq.

- Belə bir iddia da var ki, cəmiyyətdə dövlət hesabına təyin edilmiş bəzi vəkillərə inam azdır. Fikir bildirilir ki, dövlət hesabına zəif, başqa işi olmayan vəkillər təyin edilir. Sizcə bunlar nə dərəcədə doğrudur və bunların aradan qaldırılması üçün nələri etmək olar?

- Təəssüf ki, belə hallar çoxdur və tamamilə razıyam. Bütün bizə məlum olan müraciətlərlə, hallarla bağlı intizam icraatı başladırıq. Vəkilləri dövlət hesabına hüquqi yardım üzrə çıxdıqları işlərdə keyfiyyətsiz hüquqi yardıma görə cəzalandırırıq. Onlarla vəkil Kollegiyadan xaric olunub, onların fəaliyyəti dayandırılıb və başqa intizam tənbehləri görülür. Hazırda Kollegiyada könüllülük əsasında dövlət hesabına hüquqi yardımı göstərən vəkillər reyestrdə qeyd olunur, buna görə heç kimi məcbur eləmirik. Ancaq elə vəkillərimiz də var ki, dövlət hesabına hüquqi yardım göstərirlər və axıra kimi mübarizə aparırlar. Onlar prinsipial, hətta müqavilə bağlayan vəkildən daha çox mübarizə aparırlar. Mən hakimlərlə də danışıram, onlar da deyirlər ki, indiki dövlət hesabına hüquqi yardım göstərən vəkilləri əvvəlki dövlət hesabına hüquqi yardım göstərən vəkillərlə müqayisə etmək mümkün deyil.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı -MÜSAHİBƏ
“Birbank Star-la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”
Fərid Hüseynov: “Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq” -Müsahibə

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı- Özünə biznes qurdu