Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində rayon ərazisində qəsdən yanğın törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, müxtəlif vaxtlarda Orta Qəsil və Qulbəndə kəndlərində yaşayış evinin, eləcə də 2 tövlə və ot tayalarının yanması barədə polisə məlumat daxil olub.
İlkin araşdırma zamanı yanğınların naməlum şəxs tərəfindən qəsdən törədildiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəmiş İbrahimov saxlanılıb. O, ifadəsində əməlini etiraf edib.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində də son günlərdə bir neçə əməliyyat tədbiri keçirilib. Keçirilmiş tədbirlərlə narkotiklərin saxlanılması və daşınmasında şübhəli bilinən 4 nəfər - Səbuhi Quliyev, Elmir Həsənov, Vahid Şirinov və Hidayət Nuruyev tutulub. Şəxsi axtarış zamanı onlardan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi istiqamətində də əməliyyat-profilaktik tədbirlər keçirilib. Keçirilən əməliyyat nəticəsində rayon ərazisindən “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus sandıqça və 30 ədəd patron aşkarlanaraq götürülüb. Həmçinin, profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları iki ov tüfəngini də könüllü olaraq polisə təhvil veriblər.
Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR