Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Beyləqan rayonunun Dünyamalılar kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:
1. Beyləqan rayonunun Dünyamalılar kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Prezident İlham Əliyev “Beyləqan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Beyləqan şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq və abadlıq-quruculuq işlərini davam etdirmək məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 36 mənzilli yaşayış binasının tikintisinə görə 2 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsinə görə 1 milyon manat ayrılıb.
Paylaş: Oxu24.com
ŞƏRHLƏR