Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Tofiq Orucov 48 yaşında ürəktutmasından vəfat edib.
Bu barədə Report-a onun yaxınları məlumat verib.
T.Orucov Azərbaycan Ordusunun mühəndis-istehkam bölməsinin komandiri olub. 2020-ci il noyabrın 25-də Kəlbəcər erməni işğalından azad olunan zaman rayona ilk daxil olan bölmələrdən birinə komandanlıq edib.
Qeyd edək ki, Tofiq Miryusif oğlu Orucov 1975-ci il sentyabrın 4-də Laçın rayon Fərraş kəndində anadan olub. 1993-cü ildə ali hərbi məktəbə daxil olub. Hərbi təhsilini bitirdikdən sonra ixtisası üzrə Bakı ərazisində hərbi hissələrin birində bölük komandiri kimi xidmətə başlayıb. Sonralar uzun müddət hərbi hissə komandiri vəzifəsində işləyib.
O, Aprel döyüşlərində, Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 2020-ci il dekabrın 29-da imzaladığı Sərəncamla “Kəlbəcərin azad olunmasına görə” medalı və 2021-ci il 24 iyun tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Polkovnik T.Orucov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə təltif olunub.
Qeyd edək ki, T.Orucovun atası və qardaşı Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən Xocalının Meşəli kəndində işgəncə verilərək qətlə yetirilib.
Oxu24.com
ŞƏRHLƏR