Bakıda 18 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar pulsuz Wi-Fi xidmətinə qoşulub.
Oxu24.com-un məlumatına görə, “Xaliq Faiqoğlu” MMC-nin “Safcell” şirkəti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində 2 aylıq test mərhələsi uğurla başa çatıb və avtobuslarda pulsuz Wi-Fi xidmətinin qoşulmasına başlanılıb.
İlkin olaraq 18 saylı marşrut xətti üzrə hərəkət edən və Avro-5 standartlarına cavab verən avtobusların hamısı bu cihazlarla təmin edilib. Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internet imkanından faydalana bilərlər. Belə ki, MMC-yə məxsus olan hər hansı avtobusda pulsuz Wi-Fi xidmətinə qoşulmuş şəxslər şirkətin istismarında olan digər marşrut xətlərindən istifadə edərkən qeydiyyatdan keçməli olmayacaq və mobil cihazları avtomatik olaraq internetə qoşulacaq.
Yaxın günlərdə “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan və “BakıKart” sisteminə qoşulmuş digər xətlərdə də Wi-Fi cihazları quraşdırılacaq. Oxu24.com
ŞƏRHLƏR