Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı qlobal iqlim böhranı şəraitində sudan səmərəli istifadənin kritik əhəmiyyətini bildirib.
Oxu24.com xəbər verir ki,“Sudan Səmərəli İstifadə Kampaniyası”na həsr olunan görüşdə nazir vurğulayıb ki, müasir şəraitdə quraqlıq zəlzələ və daşqınların nəticələri ilə müqayisə oluna bilən fəlakət xarakteri alır.
Yumaklı xəbərdarlıq edir ki, mövcud tendensiyalar davam edərsə, 2030-cu ilə qədər ölkənin su ehtiyatları kritik dərəcədə aşağı səviyyələrə düşə bilər. O, Türkiyənin ciddi su çatışmazlığı yaşayan ölkələr sırasına daxil olması ilə bağlı narahatlığını ifadə edib.
Nazir həmçinin xəbərdarlıq edib ki, yaxın 6 ildə Türkiyə əhalisinin yarısı su qıtlığı ilə üzləşə bilər. Ölkənin su ehtiyatlarının 20% azalacağı gözlənilir.
“Biz bu prosesi idarə edə, böhrana çevrilməsinin qarşısını ala bilərik. Bu, hamımız üçün tarixi məsuliyyətdir”, - deyə Yumaklı bildirib. O, 31 yanvar 2023-cü ildə Əminə Ərdoğanın himayəsi ilə sudan səmərəli istifadə kampaniyasına start verildiyini də xatırladıb. Lakin bu yaxınlarda baş verən “əsrin fəlakəti” (dağıdıcı zəlzələ – red.) hökuməti planlaşdırılan tədbirlərin bir qismini təxirə salmağa məcbur etdi.
Yumaqlı sudan səmərəli istifadəyə dair onillik fəaliyyət planının dərc olunduğunu açıqlayıb.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR