Abşeron rayonunda 1968-ci il təvəllüdlü Səid ailə münaqişəsi zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Sonaya (adlar şərti verilib - red.) xəsarət yetirib.
OXU24.COM bildirir ki, hadisə ötən il sentyabrın 28-də baş verib. Səidlə arvadı Sonanın arasında mübahisə baş verib.
Münaqişə zamanı Sonanı itələyib yerə yıxdıqdan sonra qəsdən yumruqla başına və digər nahiyələrinə, eləcə də üzərində oturmaqla başını yerə vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Səidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, zərərçəkmiş Sona onun həyat yoldaşıdır: "Aramızda heç bir ədavət və düşmənçilik yoxdur. Təxminən beş-altı ildir ki, Xızı rayonunun kəndində fermada çoban işləyirəm. Vaxtımın çox hissəsini fermada keçirdiyim üçün Saray qəsəbəsindəki mənə məxsus evdə çox az oluram".
Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 28-də səhər saat 11 radələrində Saray qəsəbəsinə, yaşadığı evə gəlib: "Evə gəldikdən sonra arvadım Sonaya cinsi əlaqədə olmağı bildirdim. Sona etiraz etsə də, mən təkid etdim. Bir qədər mübahisədən sonra Sona həyətə çıxdı. Arxasınca mən də həyətə çıxdım. Sona ilə danışmaq istədim, mənə qarşılıq vermədi. Onu itələyərək yerə yıxdım.
Bu vaxt qızım Səbinə də həyətə çıxdı. Mən Səbinənin evdə olduğunu bilməmişdim. Həmin vaxt əsəbiləşdiyim üçün yumruqla Sonanın başından vurdum və saçından tutaraq başını yerə çırpdım. Daha sonra yumruqla onun bədəninə vurmağa başladım. Qızım məni tutaraq kənara çəkdi. Sona qaçaraq həyətdəki yardımçıq tikiliyə girdi və qapını içəridən bağladı".
Təqsirləndirilən şəxs deyib ki, daha sonra Sonanın telefonla polisə məlumat verdiyini eşidib və əsəbiləşdiyi üçün həyətdən götürdüyü kərpic parçasını onun olduğu yardımçıq tikilinin qapısına doğru tullayıb: "Qapıdakı şüşə pəncərə qırılaraq içəri töküldü. Sona çölə çıxdıqda şüşənin onun sağ biləyini kəsdiyini gördüm. Sona ilə barışmışam. Əməlimdən peşmançılıq çəkirəm".
İş üzrə zərərçəkmiş Sonanın sözlərinə görə, barəsində şikayət etdiyi Səidlə 1991-ci ildə ailə həyatı qurub: "Bir evdə yaşasaq da təxminən beş ildir Səid tüfeyli həyat sürdüyünə və ailəyə baxmadığına görə münasibətlərimiz pozulub. Bu səbəbdən onunla danışmıram. Səid son vaxtlar evə gəlmirdi. Təxminən 10-15 gündən bir evə gəlib, bir qədər qaldıqdan sonra yenə də çıxıb gedirdi".
Zərərçəkmiş qeyd edib ki, hadisə baş verən günü saat 11 radələrində Səid içkili vəziyyətdə evə gəlib: "Qızım Səbinə də evdə idi. Səid cinsi əlaqədə olmaq istədiyini bildirdi. Əvvəlcə ona etiraz etməyə çalışsam da, gücümün çatmadığını gördüm. Qorxduğum üçün çölə çıxdım və oğluma zəng edərək evə gəlməsini tələb etdim. Səid də arxamca yaşadığımız evin həyətinə çıxdı. Mənimlə yenidən cinsi əlaqədə olmaq istədiyini bildirdi. Yenə etiraz etdim. Buna görə məni itələyərək yerə yıxdı. Daha sonra əynimdəki paltarları zorla çıxarmaq istədi.
Səs-küyə qızım çölə çıxdı. Məni Səidin əlindən almağa çalışsa da, gücü çatmadı. Mən müqavimət göstərdikdə, yumruqla başıma vurdu".
Zərərçəkmiş şəxsin sözlərinə görə, daha sonra Səid üzərində oturaraq yumruğu ilə sağ və sol döş qəfəsindən vurmağa başlayıb: "Qızım birtəhər Səidi sakitləşdirərək kənara çəkdi. Onun əlindən çıxdım və qaçaraq yardımçı tikiliyə girdim. Hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidməti mərkəzi zəng sisteminə məlumat verdim. Səid bunu eşitdikdə daha da əsəbiləşdi. Həyətdən götürdüyü kərpici olduğum yerin qapısına tərəf tulladı. Pəncərənin şüşəsi qırılaraq üstümə töküldü və sağ biləyimi kəsdi".
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Səidin barəsində olan cinayət təqibinə xitam verilib.
Oxu24.com
ŞƏRHLƏR