“Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana səfərində yalnız bir məsələ deyil, o cümlədən Azərbaycan-Rusiya münasibətlərinin çoxşaxəli və çoxtərəfli istiqamətləri də müzakirə olunub”.
Bu sözləri açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O, sürpriz səfərin pərdəarxası məqamlarına toxunub:
“Əlbəttə, Nikolay Patruşev təhlükəsizlik məsələləri ilə məşğul olduğuna görə əsas diqqət buna yönələcək. Xüsusən nəzərə alsaq ki, Cənubi Qafqaz dünyanın ən isti bölgələrindən biri sayılır. Eləcə də son dövrlərə qədər Ermənistan-Azərbaycan arasındakı münasibətlərdə gərginlik kifayət qədər yüksək idi. Azərbaycan antiterror əməliyyatları keçirərək öz suverenliyini tam şəkildə bərpa etdi və bundan sonra gərginliyin dozası aşağı düşdü”.
O. Qasımovun fikrincə, məlum proseslər özü ilə bərabər yeni çağırışları da gətirir:
“İlk növbədə, Ermənistan-Rusiya münasibətlərindəki gərginlik, Fransa başda olmaqla, kollektiv Qərbin Rusiyanı bölgədən çıxarmaq cəhdləri, Kremlin Cənubi Qafqazdakı təsirini azaltmaq istiqamətində fəaliyyətlər, Ermənistanda anti-Rusiya ovqatının kifayət qədər yüksəkliyi və Ermənistanın faktiki olaraq Rusiyanın təşəbbüskarı olduğu formatlarda iştirakdan imtinası ciddi bir vəziyyət yaradır.
Düşünürəm ki, bu məsələlər də müzakirə olunub və Qranada görüşündən Azərbaycanın imtinası və bu məsələdəki prinsipial mövqe hər halda Kremli də məmnun edib. Ən azı ona görə ki, Azərbaycan Fransanın destruktiv fəaliyyəti ilə bağlı qəti mövqe sərgilədi”.
Siyasi təhlilçi əlavə edib: “Müzakirə mövzularından ən əsası Qarabağdakı Rusiya sülhməramlılardır. Yaranmış yeni situasiyada onların bölgədə qalma müddəti, fəaliyyət istiqamətləri və digər məsələlər müzakirə oluna bilər. Əlbəttə, Moskva istəyər ki, öz qüvvələrini Qarabağda saxlasın, amma üçtərəfli bəyanatda onların qalma müddəti konkret şəkildə göstərilib. Mənə elə gəlir ki, Qarabağda reinteqrasiya proseslərinin həyata keçdiyi müddətdə sülhməramlılar burada qala bilər. Amma maksimum müddət 2025-ci il ola bilər.
Kontingent bölgəni erkən tərk etməsi iki ölkə arasında müzakirələrdən asılı olacaq. Ötən gün Nikol Paşinyan da Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibədə sülhməramlı kontingentin aqibəti ilə bağlı fikirlər səsləndirdi. O, bildirdi ki, əgər sülhməramlılar bölgəni tərk edəcəklərsə, Rusiyaya qayıtmalıdırlar və heç bir halda Ermənistana yol ala bilməzlər. Düşünürəm ki, Rusiya və Azərbaycan arasında bu istiqamətdə müzakirə olunacaq xeyli məsələ var”.
Oxu24.com
ŞƏRHLƏR