Prezident İlham Əliyev Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
2019-cu ilin aprel ayında Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi və pedaqoq, respublikanın Xalq artisti Seyid Şuşinskinin (Mir Möhsün ağa Seyid İbrahim oğlunun) anadan olmasının 130 illiyi tamam olur.
Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyub yaşatmışdır. Geniş diapazonlu nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik böyük muğam ustası təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsini daha da zənginləşdirmişdir. Seyid Şuşinski müəllim kimi uzun illər ərzində istedadlı musiqiçilərin yetişdirilməsi sahəsində də təqdirəlayiq fəaliyyət göstərmişdir.
Sərəncamda qeyd edilir ki, Mədəniyyət Nazirliyi Xalq artisti Seyid Şuşinskinin 130 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək. Oxu24.com
ŞƏRHLƏR