Nikol Paşinyan administrasiyasının müvafiq bölmələrinin nəzarəti altında olan hökumətyönlü erməni bloqosferi Rusiya Federasiyasını və Rusiya siyasi rəhbərliyini nüfuzdan salmaq üçün genişmiqyaslı informasiya kampaniyasına başlamaq əmri alıb.
OXU24.COM xəbər verir ki, bu barədə Rusiyanın "Nasionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko özünün "Telegram" kanalında yazıb.
"Ermənistanda hakimiyyətyönlü bloqer Roman Baqdasaryan Paşinyan administrasiyasının göstərişi ilə Rusiyanın birinci şəxslərinin ünvanına təhqiramiz bəyanatlar səsləndirib. Bu bəyanatlar olduqca ədəbsizdir və istənilən sivil cəmiyyətdə yolverilməzdir. Baqdasaryanın çıxışının tezisləri bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyanın və onun "sağ əli" olan parlament spikeri Alen Simonyan tərəfindən ictimai şəkildə verilən Rusiya əlyehinə bəyanatlarla tam üst-üstə düşür.
Üstəlik, Baqdasaryan Simonyanın tezislərini təkrarlayaraq və "yaradıcı şəkildə inkişaf etdirərək", xüsusən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinə hücum edərək, qeyri-normativ leksikanın istifadəsinə yol verib", - deyə İ.Korotçenko yazır.
Ekspert vurğulayır ki, rəsmi İrəvanın bütün bu mənfur və həyasız informasiya kampaniyasının "Eagle Partner 2023" ABŞ-Ermənistan hərbi təlimlərinin başlaması və Avropa İttifaqının kəşfiyyat-müşahidə missiyasının Rusiya əleyhinə aktiv təxribat fəaliyyəti fonunda baş verməsi olduqca diqqət çəkir.
"Eyni zamanda, Qarabağdakı erməni hərbçiləri və qanunuz erməni hərbi birləşmələrinin döyüşçüləri, demək olar ki, hər gün vəziyyəti kəskinləşdirmək məqsədilə silahlı təxribatlar törədirlər. Həmçinin, Qarabağdakı erməni separatçıların rus sülhməramlılarına, onlarına nəqliyyat vasitələrinə, zirehli texnikasına və rus sülhməramlı kontingentinin dislokasiya məntəqələrinə qarşı birbaşa təxribat xarakterli hərəkətləri nəzərə çarpır.
İstisna deyil ki, Moskva ilə İrəvan arasında dərinləşməkdə olan siyasi böhran fonunda Rusiya və Azərbaycan hərbçiləri arasında hərbi toqquşma yaratmaq məqsədilə, regiona beynəlxalq (Qərb) mandatlı "mavi dəbilqəlilər"in (hərbi kontingentin) gəlməsini tələb etmək üçün separatçılar tərəfindən rus sülhməramlı kontingentinə qarşı genişmiqyaslı hərbi təxribat baş verə bilər", - ekspert yazır.
Korotçenko qeyd edib ki, Kremlin bütün səyləri xüsusi hərbi əməliyyat tapşırıqlarının həllinə və "Şimal-Cənub" nəqliyyat dəhlizinn işə salınması ilə genişmiqyaslı Qərb sanksiyalarını aradan qaldırmağa yönəldiyi bir vaxtda Paşinyanın rəhbərlik etdiyi Ermənistan Rusiyaya kürəyindən zərbə endirib.
Oxu24.com
ŞƏRHLƏR