Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının övladlarının təhsilhaqları ilə bağlı problemləri həll olunub.
OXU24.COM bildirir ki, bu haqda ifaçının oğlu Yusif və qızı Bətül paylaşım edib. Onlar bildiriblər ki, artıq ötən gündən məktəbə getməyə başlayıblar.
"Çox adam bizim təhsilhaqqımızı soruşur. Tanımadığımız şəxs pulu ödəyib. Anonim şəxsə təşəkkür edirik" deyə, Yusif bildirib.
Qeyd edək ki, Rəşad açıqlamasında övladlarının özəl məktəbdə oxuduğunu bildirmişdi.
Əlavə edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz avtomobilində görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub.
Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib. Rəşad Dağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul tarixli hökmü ilə 9 il 6 ay azadlıqdan məhrum edilib.
Oxu24.com
ŞƏRHLƏR