Pakistanın Hayber Paxtunxva əyalətində hərbi konvoya hücumda 6 əsgərin həyatını itirdiyi, qarşıdurmada 4 yaraqlının zərərsizləşdirildiyi açıqlanıb.
Oxu24.com xəbər verir ki,Pakistan ordusundan verilən açıqlamada ölkənin Əfqanıstanla sərhədində yerləşən Cənubi Vəziristan bölgəsində hərbi konvoya hücum edildiyi açıqlanıb.
Hücumda 6 əsgərin həyatını itirdiyi bildirilən açıqlamada hücumdan sonra baş verən qarşıdurmada 4 silahlının öldürüldüyü, 2 yaraqlının isə yaralandığı bildirilib.
Hücum edənlərin tutulması üçün bölgədə əməliyyat başladılıb.
Hücuma görə məsuliyyəti Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) öz üzərinə götürüb.
2023-cü ilin ilk 6 ayında terror hücumları 79 faiz artıb
Pakistan Münaqişə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun məlumatına görə, bu ilin ilk altı ayında terror hücumları 2022-ci illə müqayisədə 79 faiz artıb.
İlin ilk 6 ayında 271 terror aktı baş verib, 389 nəfər həyatını itirib.
Ötən ilin eyni dövründə 151 terror aktı baş verib, 293 nəfər həyatını itirib.
Son aylar ölkədə, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları artıb.
İslamabad iddia edir ki, bu hücumlar Əfqanıstanda yerləşən TTP tərəfindən planlaşdırılıb və idarə olunub, Əfqanıstan bunu inkar edir.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR