Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93977
az

Rublun ucuzlaşmasının fəsadı – Rusiyadan Azərbaycana pul göndərişi sürətlə azalır...

21:2717 Avqust, 2023
226
CƏMİYYƏT
  • A

Məlum olduğu kimi son günlər Rusiyada rublun ucuzlaşması davam edib. Hətta bu həftənin əvvəlində 1000 rubl 17 manatdan da aşağı düşmüşdü. Bunlar Azərbaycanın Rusiya ilə ticarətinin artması fonunda baş verir. Ümumiyyətlə, Rusiyanın Azərbaycanla ticarət dövriyyəsi son illər artmaqdadır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi bu ilin birinci yarısında 2 milyard 164 milyon 562 min dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 592.3 milyon dollar və ya 37.7 faiz çoxdur. Həmin dövrdə Azərbaycan Rusiyadan 1.5 milyard dollarlıq məhsul idxal edib. Azərbaycanın Rusiyaya ixracı isə 621.1 milyon dollara bərabər olub. Bütün bunları nəzərə alaraq, rublun dəyərdən kəskin düşməsinin Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcəyi proqnozlaşdırılır. Üstəlik, Rusiyada yaşayan və işləyən Azərbaycan vətəndaşları ölkələrinə pul göndərir. Qızı Sankt-Peterburqda aşpaz işləyən, özü isə Bakıda yaşayan Sürəyya Novruzova “Azadlıq” radiosuna bildirib ki, əvvəl qızı ayda ona 600 dollar ekvivalentində pul göndərirdisə, indi bu, 450-yə düşüb: “İş var, amma əvvəl 600 dollar 36 min rubl edirdisə, indi 60 min rubl edir. Qızım maaşını rublla alır deyə, artıq əvvəlki kimi göndərə bilmir”. Azərbaycan Mərkəzi Bankının statistikasına görə, ötən ilin yanvar-iyun aylarına nisbətən Azərbaycana pul köçürmələri iki dəfə və ya 1 milyard 327 milyon manat azalıb. Ölkədən xaricə köçürmələrin isə 40.2 faiz və ya 215.5 milyon manat azaldığı bildirilir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov  bildirir ki, rublun ucuzlaşması Azərbaycana ciddi təsir etməyəcək: “Bu ilin ilk yarısında Azərbaycanın 14 milyard 755 milyon dollarlıq ixracatının cəmi 3.5 faizi Rusiyanın payına düşüb. Bu isə o deməkdir ki, ixrac yolu ilə ölkəyə daxil olan valyutanın strukturunda Rusiyanın payı olduqca azdır. Azərbaycanın 22 milyard 953 milyon dollarlıq ticarət dövriyyəsinin isə cəmi 8.3 faizini Rusiya formalaşdırıb”. Lakin deputatın sözlərinə görə də, rublun dəyərdən kəskin düşməsi Rusiyadan Azərbaycana göndərilən vəsaitin həcminə təsirsiz ötüşməyəcək: “Rusiyada iqtisadi çətinliklər Azərbaycana göndərilən vəsaitlərin həcminin azalda bilər. Digər tərəfdən, rublun və bir sıra tərəfdaş ölkə valyutalarının zəifləməsi manatın nominal effektiv məzənnəsini daha da möhkəmləndirir, bu da Azərbaycanın qeyri-neft ixracatına təsirsiz ötüşməyə bilər”. İqtisadçı Zöhrab İsmayıl isə bildirir ki, rublun dəyərdən düşməsi Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibəyə görə ona Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalarla bağlıdır: “Bu proses davam edəcək və rubl dəyərdən düşməyə davam edəcək”. Onun sözlərinə görə, rubl dəyərdən nə qədər düşəcəksə, Azərbaycana Rusiyadan idxal edilən ərzaqlar ucuzlaşmalıdır: “Azərbaycan bu məsələdən qazanacaq, çünki rubl dollara nisbətdə ucuzlaşır. Azərbaycan isə Rusiyadan malları dollarla alır. Əslində marketlərdə satılacaq Rusiya istehsallı mallar ucuzlaşmalı olsa da, bu, baş verməyəcək, çünki bu vəziyyətdən ancaq idxalçılar qazanacaq”. Onun fikrincə, Azərbaycandan Rusiyaya meyvə-tərəvəz məhsullarını ixrac edənlər çətinliklərlə üzləşəcək: “Həmin mallar bahalaşacaq və Rusiya bazarındakı qiymətlərə uyğun olmayacaq. Bununla da bizim ixracatçılarımız itirəcək”. Z.İsmayıl vurğulayır ki, Rusiyada işləyən Azərbaycan vətəndaşları ölkəyə ciddi vəsaitlər göndərirlər: “Təbii ki, onlar üçün də çətinliklər yaranacaq. Rublun dəyərdən düşməsi o deməkdir ki, onlar Azərbaycana daha az pul göndərəcəklər. Rubl ucuzlaşdıqca Rusiyada işləyən azərbaycanlı biznesmenlər daha çox itirəcək”. Hələlik, Azərbaycanın ticarət şəbəkələrində Rusiya istehsalı olan məhsullarda ucuzlaşma müşahidə edilmir. Amma proses davam etdikcə müəyyən ucuzlaşmanın olması da istisna deyil.

Qeyd edək ki, 2023-cü ilin birinci rübündə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 312 milyon 629 min dollar pul köçürülüb. Bu, 2022-ci ilin birinci rübü ilə müqayisədə 3,1 dəfə və ya 212 milyon 926 min dollar çoxdur. Lakin ilin ikinci rübündə bu göstərici azalmağa doğru gedib. Buarada rublun ucuzlaşması az rol oynamayıb. Halbuki, Rusiyadan Azərbaycana pul köçürmələri ölkəmizin maliyyə bazarı üçün əhəmiyyətlidir, bankların likvidliyi üçün müsbət baza yaradır. Digər tərəfdən, Rusiyada işləyən Azərbaycan vətəndaşlarının öz ailələrinə pul göndərməsi onların sosial vəziyyətinin yaxşılaşmasına dəstək verir. Indilikdə isə kəskin sanksiyalar Rusiya rublunun ciddi şəkildə ucuzlaşmasına səbəb olur. Bu təsiri aradan qaldırmaq üçün Rusiya hökuməti müxtəlif vaxtlarda, fərqli addımlar atır. Ən böyük addım karbohidrogen ehtiyatların satışının rublla həyata keçirilməsi ilə bağlı tələbdir.  Müəyyən  dövr ərzində bu rubla dayaq durdu. Ancaq mövcud vəziyyət uzunmüddətli olmadı. Rubl dəyərdən düşür. İqdisadçı ekspert Natiq Cəfərli qeyd edir ki, rublun kəskin şəkildə ucuzlaşması artıq Rusiya iqtisadiyyatında da ciddi problemlər yaradır: “ Buna görə də  Rusiya Mərkəzi Bankının növbədənkənar iclası keçirilib. Rusiya rublunun dəyərdən düşməsinin qarşısını almaq üçün iclasda uçot dərəcəsinin birdən-birə 12 faizə qaldırılmasına qərar verilib. Ancaq bu, gözlənilən effekti vermir. Rublun getdikcə daha da ucuzlaşması ehtimalı var. Amma müəyyən sabitləşmədən sonra bu baş tutacaq. Yəqin ki, 1 dollar bir müddət 100 rubl civarında sabitləşəcək. Bazar buna adaptasiya olmalıdır. Çünki ilin əvvəlindən rubl  30-35 faiz dəyər itirib. Bir müddətlik adaptasiyadan sonra rublun yenidən dəyərdən düşməsi prosesi davam edə bilər. Çünki sanksiyalar artıq daha çox təsir etməyə başlayır. Rusiya  əsas ixrac məhsulları olan neft və qazını daha az satmağa nail olur. Bundan başqa idxal artır. Ölkəyə xaricdən daha çox məhsullar idxal olunur. Bütün bunlar dollara, valyutaya olan ehtiyacı artıracaq. Nəticə etibarilə bir müddət sabitlik dönəmindən sonra yenidən rublun dəyərdən düşməsi prosesi gedə bilər. Rublun kəskin ucuzlaşması Azərbaycana göndərilən vəsaitin kəskin azalmasına səbəb ola bilər. Rusiyada yaşayan soydaşlarımız təbii ki, qazanclarını rublla əldə edirlər. Ancaq Azərbaycana, ailələrinə dollar və ya avro ilə  pulu köçürürlər. Dollar və avro bahalaşdıqca onlar qazandıqları rublla daha az valyuta ala bilirlər. İlin əvvəlindən 30 faiz daha az valyuta əldə edirlər. Bu da Azərbaycana  göndərilən vəsaitin kəskin azalmasına səbəb ola bilər". Amma o da istisna deyil ki, rubl, ilin əvvəlində olduğu kimi, yenidən dəyər qazansın. Onda bu, Azərbaycana göndərilən pullara da təsir edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bank kartından      oğurluq      edildi