Rusiya geniş miqyaslı təlimə başlayıb.
Baltik dənizində “Okean Qalxanı - 2023” hərbi dəniz təlimləri başlayıb.
Oxu24.com xəbər verir ki,Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, təlimlər Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı, admiral Nikolay Evmenovun rəhbərliyi altında keçirilir.
Təlimlər zamanı hərbi-dəniz qüvvələrinin əməliyyat əhəmiyyətli ərazidə Rusiya Federasiyasının milli maraqlarını müdafiə etməyə hazırlığının, habelə komandanlıq və idarəetmədə müxtəlif səviyyələrdə qərargahların işinin ahəngdarlığının yoxlanılması planlaşdırılır.
Həmçinin, təlimlər zamanı dəniz zolaqlarının mühafizəsi, qoşunların və hərbi yüklərin daşınması, eləcə də dəniz sahilinin müdafiəsi üzrə tədbirlər həyata keçiriləcək.
Təlimlər zamanı silahların praktiki tətbiqi də daxil olmaqla 200-dən artıq döyüş təliminin yerinə yetiriləcəyi gözlənilir.
Təlimlərə 30-dan çox hərbi gəmi və kater, 20 yardımçı gəmi, Hərbi-Dəniz aviasiyası və Rusiya Aerokosmik Qüvvələrinin 30 təyyarəsi, o cümlədən 6000-ə yaxın hərbçi cəlb olunub.
Təlimlər başa çatdıqdan sonra gəmilər daimi dislokasiya məntəqələrinə dənizlərarası keçidlər edəcək, təyyarələr isə öz aerodromlarına qayıdacaq.
Daha əvvəl bildirilmişdi ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi Qara dənizdə gəmilər üçün bağlı olan ərazinin təcrid olunması üçün təlimlər keçirib.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR