Şəmkirin Tatar kəndinə - “Aprel şəhidi”nin evinə Milli Məclisin bu rayondan olan deputatı Sona Əliyeva ilə birgə getdik. Tatar kəndi Şəmkirdən 40 kilometrə qədər uzaqda yerləşir. Yolboyu söhbətimiz də elə yollardan oldu. Yol var ucalığa aparır, yol var qəribliyə, yol da var şəhidliyə. Sona xanım həm də səmimi yol yoldaşıdır. Deyir ki:- Yol mədəniyyətdir. Bu gün Azərbaycan dövləti həm də öz yollarını abadlaşdırır. Yol abad olarsa, insanlar da firavan yaşayar. Şəmkir rayonuna gəlincə, bizim rayon camaatı həmişə zəhmətkeş olub, həm torpağı, həm elmi, həm də inkişafı seviblər. Həmyerlilərimizin sorağı dünyanın hər yerindədn gəlir. Dünyanın ucqarlarına gedənlərimiz isə Azərbaycan adını ucaldırlar. Elm adamı, həkim, riyaziyyatçı kimi hər peşənin ən gözəl mütəxəssisi kimi ad çıxarırlar. Həmyerlilərimizin bir gözəl xüsusiyyəti də var ki, uzaqlara gedənlər soy-köklərini unutmurlar. Onlar üçün öncə Vətəndir.
“Aprel şəhidləri”mizin evi həmin insanlar üçün qibləgahdır. Əslində biz bu gün hamımız torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərə borcluyuq. Onların ailləri isə ən böyük ehtirama, hörmətə layiqdir. Vəzifəsindən asılı olmayaraq, hər kəs bilməlidir ki, oğlunu, ərini şəhid verən ailə hər kəsin diqqət mərkəzində olmalıdır.
- Şəmkir rayonunun qəhrəman oğulları Qarabağ savaşının ilk günlərindən Vətənin müdafiəsində mərd dayanıblar... Aprel döyüşlərində qəhrəmanlaıqla həlak olan şəhidlərimizin xatirəsini uca tuturlar. Və bilirəm ki, rayonun tədbirlərində həmin şəhid ailələri çox böyük hörmətlə yad edilir. Siz isə həm də Şəmkir rayonunda Heydər Əliyev Mərkəzinin rəhbəri kimi şəhid ailələrini hər zaman diqqətdə saxlayırsınız. Uzaqda olsam da, “Aprel şəhidləri”nin ailələrində baş verən ən kiçik hadisələrdən tutmuş xeyir işlərinə qədər hamısından xəbər tuturam. Ona görə də bu gün 18 yaşında şəhid olmuş Tatarlı kəndinin sakini Nurlan Qasımovun evinə Sizinlə getməyi qərara aldım.
Sona Əliyeva:
- Onların evinə gedəndə, o ailələrin dərdinə şərik olanda özümdə yünüllük tapıram. Yəqin ki, xəbəriniz var. Nurlan Qasımov şəhadətə yüksələndən sonra onun bacısı doğulub. Körpə indi 5 aylıqdır. Tatarlı kəndində əvvəllər 70 ev var idi. Tarixi mənbələrdə qeyd olunur ki, Azərbaycana yürüş edən Cingiz xanın ordusunda gələn yaralı tatar türkləri burada qalıblar. Onların burada yurdları, ocaqları olub. Türk tayfaları tarixin bütün dönəmində sulu, torpaqları münbit yerlərdə məskən salıblar. Tatar kəndi Zəyəm çayının üstündədir. Kənd sakinləri maldarlıq, əkin-biçinlə məşğul olurlar. İndi kənddə 750-dən artıq ev var. İnsanlar öz yurdlarına günü-gündən daha çox bağlanırlar, ocaq yerində, ata yurdunda artıb-çoxalmağa üstünlük verirlər.
“Aprel şəhidləri” barədə silsilə yazılardan daha birini təqdim edirik.
Tatarlı kəndinin yolunun üstündə yeni tikilmiş bir bulağa rast gəldik. Bu bulağı Nurlan Qasımovun atası Cəmil kişi oğlunun adına çəkdirib.
Cəmil Qasımov və ailəsi bizi çox mehribanlıqla qarşıladı. Millət vəkili Sona xanım onu görən kimi “bu dəfə gözümə yaxşı dəydiniz. Nə yaxşı ki, əhvalınızı xürrəm gördüm” söylədi.
İçəri keçdik. Beşikdə balaca bir körpə uyuyurdu. Bir az keçmiş, beşikdə mışıl-mışıl yatan körpə hənirtimizə oyandı. Bibisi Aytəkin dedi ki, adını Fidan qoyublar. 5 aylıqdır. Masmavi gözləri var idi Fidanın. Bir evi sevinclə-işıqla doldurub. Aytəkin onu da söylədi ki, Fidanın gözləri eyni ilə qardaşı Nurlanın gözlərinə bənzəyir.
Nurlanın anası isə bizimlə bir süfrəyə əyləşməkdən çəkinirdi elə bil. Aytəkin astaca qulağımıza pıçıldadı ki, Nurlandan sonra dünyaya uşaq gətirdiyinə utanır. Südabə xanım eyvanın yuxarı başındakı mətbəxdə bir küncdə dayanıb ağlayırdı.
İçəri keçib, könlünü aldım, ovutdum onu:
- Bacım, nədən utanırsan ki? Tanrı sizin ailəyə bu boyda lütf edib. Mavi gözlü bir mələk göndərib. Onu göndərib ki, Nurlanın ruhu narahat olmasın...
Yenə hamımız balaca Fidanın başına toplaşdıq. Sona xanım ailənin hər hansı probleminin olub-olmaması ilə maraqlandı. Ailənin başçısı Cəmil Qasımov dedi ki, Tanrıya şükr edib, yaşayırlar. Dövlətimizdən razılıq etdi.
- Cəmil qardaş, oğlunuzdan danışın.
- 15 ildir ki, Bakıda sürücü işləyirdim. Oğlum böyüyəndən sonra isə ona arxayın idim. Evimdə hər işimi Nurlan aparırdı. O əsgər gedəndən sonra qayıtdım kəndə. Ot çalardı, mal-heyvanımıza baxırdı. Bütün kənd uşaqları necə olur?! Bax mənim oğlum da elə idi. İstəyirsiniz gedin kənd sakinlərindən soruşun, onun haqqında hər kəs xoş danışacaq. Böyük-kiçiyin yerini bilər, özündən böyüyə hörmət edərdi. Namaz qılırdı, Allahına bağlı adam idi. Biz halal çörəklə böyümüşük, balalarımızı da halal böyütmüşük. Uşaqlarımızın ali təhsilləri olmasa da, gözəl tərbiyələri var. El-oba içərisində heç vaxt bizi məyus etməyiblər. Bacısı Pərvanədən 7 yaş balaca olsa da, hər işdə köməyinə çatırdı. Qoymzadı ki, bacısı gedib məhlənin başından su gətirsin. Bütün ağır işlərə özünü çatdırırdı. Bu həyətdə gördüyünüz ağacların hamısı onun əli ilə əkilib. Evdə haraya baxsaq, ondan bir nişanə görürük... Bir ata üçün tək oğul necə gərəkli və əzizdirsə, Nurlan da mənim üçün o qədər əziz idi. Deyirdi ki, hərbi xidmətdən sonra qalıb, zabit olacaq. Əsgəri xidmətdə olarkən yanına gedib-gəlirdim. Soruşurdum ki, “bala bəlkə bir çətinliyin var?!”.
Deyirdi ki, “Ata iki əli, iki ayağı olan adam da çətinlik çəkərmi? Mən burada özümü çox rahat hiss edirəm”.
Hərb sənətini o qədər çox sevirdi ki, onu məzuniyyətə buraxanda da gəlmədi, fikirləşirdi ki, 9 ayından sonra gələr... 9 ayının tamamında isə tabutda gəldi evə...
Şəhid atası söhbətinə bir az ara verdi, əllərini başının arasına alıb fikrə getdi. Bilirəm ağırdır, çox ağırdır... bilirəm çox ağrıdır bu dərd atanı. Ancaq buna rəğmən Vətənimizə şərəf gətirən qalibiyyət şəhidlərimizin evlərinin qapısını döyəndə məni hər kəs ən əziz qonağı kimi qarşılayır. Şəhid ailələrinin evlərinin hamısı bir-birinə bənzəyir. Evlərinin divarlarına, döşəmələrinə, həyətinə nə qədər bəzək vursalar da, heç birində işıq yoxdur. O yox olan işığı, o qanadı qırılan arzuları, o məhv olan xəyalların ağrısını isə xatirələr danışan insanların gözündə, üzündə, simalarındakı qırışlarda, göz yaşlarında görürəm... Hər evdən təkcə məlumat deyil, həm də xanə-xanə dərd yığıram.
Nurlan Qasımovun bibisi Aytəkin deyir ki, qardaşının tək oğlu 1997-ci il mayın 6-da dünyaya gəlmişdi. Özləri böyük nəsildirlər. 9 bacı-qardaşdırlar. Cəmil Qasımovun iki övladı var idi. Qızı Pərvanənin toyu bir neçə il bundan əvvəl olub. O toyda hamıdan çox sevinən də, qəmlənən də Nurlan olubmuş. O zaman Nurlanın 12 yaşı var imiş. Bacısı toydan bir mütddət sonra ata ocağına qonaq gəlib, geri dönəndə Nurlan bacısının arxasınca hönkür-hönkür ağlayıb, deyib ki, Pərvanəsiz evlərinin yaraşığı yoxdur. Bacısı evdə olmadığına görə çox darıxırmış.
Gəlin gedən bacısının həsrətini çəkə bilməyən Nurlanın dərdindən də ağır dərdi onun özü yaşatdı ailəsinə. Mən Tanrı möcüzəsinə inanıram. Nurlandan sonra dünyaya gələn bacısı az da olsa, həsrətin, yanğının üstünə su çiləyib. Ən azı indi atası Cəmil kişi başını körpə Fidanla qatır, Fidanla gün keçirib, Nurlansızlığı unutmaq istəyir.Ancaq bu elə ağrı, bu elə dərdir ki, bir an belə keçməz, sadəcə dərdlərin səngiməyi, köz bağlamağı olur...
Bibisi Aytəkin xanım onu da dedi ki, təbiəti çox sevən Nurlan əsgər getməzdən əvvəl gətirib həyətlərində bir qızılgül kolu əkib. Nurlanın tabutu bu evə gətiriləndə, həmin qızılgül baharın o ilk sazağında ləcək-ləcək çiçəkləyibmiş. Oğlunun ölüm xəbərini alan Südabə ana, açılmış qızılgülləri görüb, bütün çiçəkləri yolub yerə töküb. Deyib ki, “mənim oğlumun sevdiyi çiçəklər nə tez açıldı, Nurlan yoxdursa, o çiçəklər mənim nəyimə lazım”.
Bağçamızın barı gül,
Yarı qönçə, yarı gül.
Tez açılıb, tez soldun,
Olmayaydın barı gül.
Şəhidin bibisi Aytəkin xanım:
- Aprelin 1-dən sonra cəbhə bölgəsində ermənilərin yenə bizə qarşı təxribat törətməsi, müharibənin başlaması barədə xəbərlər yayıldı. Əvvəllər də belə xəbərlər olurdu. Ancaq o vaxt ailə üzvlərimizin içərisində təlatüm olmazdı. Aprelin 2-dən etibarən bütün qohum-qardaş mənə zəng vurub Cəmili və Nurlanı xəbər aldı. Bacı-qardaş içərisində, hamı bilir ki, biz Cəmillə çox mehribanıq. Cəmil lap uşaqlıqdan sirrini-söhbətini mənə deyib.
Aprelin 4-ü yenə Cəmil bizə gəldi. Hamımız narahat idik. “Xəbərlər” proqramına baxırdıq. Bir şəhidin dəfn mrasimini göstərirdilər. Oğlanı dəfn edəndən sonra, bükülü bayrağı atasına verdilər... Cəmil bu mənzərəni görüb üzünü yana çevirdi, ah çəkərək dedi: - Yazıq ata, o boyda oğulu bir bayrağa dəyiş... Gör bir bayrağımız uğrunda nə canlar gedir... - və çıxıb evdən getdi. 10 dəqiqə idi ki, ayrılmışdı, böyük qardaşım zəng edib dedi ki, Cəmil gəlsin “kənd soveti”nə.
Nəriman Hüseynov, Tatar kənd inzibatı ərazi dairəsinin nümayəndəsi:
- Allah o günlərin ağrı-acısından daha yaşatmasın bizə. “Aprel döyüşləri”ndə Şəmkirə 5 şəhid tabutu gəldi. Silahlı Qüvvələrin Kəşfiyyat Bölüyünün rəhbəri polkovnik Vüqar Yusifov, gizir Təbriz Əsgərov, əsgərlər Altun Dəmirli, Vüsal Alıyev və Nurlan Qasımov.
Mənə Şəmkirin rayon mərkəzindən zəng vurub dedilər ki, Tatarlı kəndindən iki şəhidimiz var. Nurlan Qasımov və Vüsal Alıyev. İnanın ki, ayaqlarım yerdən üzüldü.
Aprelin 5-də axşamüstü mənə deyəndə ki, Nurlan şəhid olub, çox üzüldüm. Dedim ki, ata-ananın bir oğludur. Məndə o cürət olmaz ki, gedib o ağır xəbəri Cəmil kişinin evinə çatdırım. Qaldım qovrula-qovrula. Zəng vurdum, Cəmilin böyük qardaşı Sakitə. O gəldi. Özü çağırdı qardaşını kəndin İcra nümayəndəliyinə. Hönkürtü ilə o ağır xəbəri Cəmilə dedim.... Mənim səsim binanı lərzəyə gətirdi... Cəmil isə məlul-müşkül üzümə baxdı, heç nə demədən, dönüb otaqdan çıxdı... Heç yarım saat keçmədi, insan seli Cəmilin həyətinə axışdı... Şəhidimizin gənc anası Südabə xanım məni hər zaman ağsaqqal bilib, qonşu olmuşuq, bu ailənin tərbiyəsinə, əxlaqına bələdəm. Südabə əllərini açıb üsütümə qaçdı, balasını haraylayıb məndən soruşdu... Nə deyədim... Neyləyə bilərdim...
Aprelin 6-da 18 yaşlı Nurlan Qasımovu təntənəli şəkildə, yaylım atəşlərinin altında Vətən torpağına dəfn etdik... Bir gözümüz güldü, biri ağladı...
Aytəkin Qasımova, şəhidin bibisi:
- O gündən sonra, Südabə evdə otura bilmədi. Getdi soyuq torpaqlarda yatdı ki, oğlu torpaqda yatırsa, o da isti yataqda yata bilməz. Bilmədi özünü haraya vursun, haraya atsın ki, dərdi yüngülləşsin. Qızı Pərvanə elə hey deyirdi ki, “ana qardaşım məni tək qoydu, barı sən tək qoyma”. Biz biləndə ki, Allah bu ailəyə yenə bir övlad payı göndərib, çox sevindik. Ancaq Südabə heç kirimirdi. Göz yaşı yeri-göyü yandırırdı. Heç indi də qurumur gözlərinin yaşı. O qədər narahtlıq çəkdi ki, körpə Fidan da yarımçıq doğuldu.
Eləmi düşən yeri,
Atlanıb düşən yeri,
Göz yaşı oda dönüb,
Yandırır düşən yeri.
Əziziyəm, hər aylar,
Hər ulduzlar, hər aylar,
Oğlu ölmüş analar
Oğul deyib haraylar!
Aytəkin Qasımova:
- Nurlanla axırıncı dəfə martın 22-si danışdım. Dedim ki, oğul, daha üstü açıq, qapını bağlamadan yata bilərikmi? Döyükdü, soruşdu nə olub? Dedim “ay Nurlan, sən ki, yekə kişi olmusan, Vətənə xidmət edirsən, bizi qoruyursan, güvənə bilərikmi sənə?”. Cavab verdi ki, “bibi Vətəni qorumaq imandandır. Əlbəttə Ordumuz və əsgərlərimiz sizin keşiyinizdədir”.
Çox sevirdi hərb sahəsini oğlumuz. Arzusu ürəyində qaldı. Nurlan bizim ilk şəhidimiz deyil. 1993-cü ildə Ağdamda bibimizin oğlu Bilal Əliyev də şəhid oldu. Biz kökdən-nəsildən vətənpərvər olmuşuq.
Bir qədər sonra şəhid anası Südabə gözlərinin yaşını silib, söhbətimizə qoşuldu. Dedi ki, Nurlan 18 yaşında idi, hələ həyatını bundan sonra quracaqdı.
"Mən ondan nə deyim, nə danışım. Həm bizim, həm onun arzularını yarımçıq qoydu müharibə.
Bu dağlar çişkinlidi,
Dumanlı çişkinilidi,
Dindirmə, qan ağlaram,
Ürəyim nisgillidi.
Qurban olum Allaha, hərəyə bir tale, bir qismət yazır. Bizim də yazımızı belə yazdı. Birini sevindirir, birini yandırır. Oğlum Nurlan bizə demişdi ki, apreldə məzuniyyətə gələcək. Hərbi xidmətdə olanda sonuncu dəfə 2015-ci il dekabrın 22-si getdim balamın yanına. Sevdiyi yeməkləri bişirib apardım. Süfrə açdım. Xidmət dostlarını yığdı başına, hamısını yedirib-içirdim, doydurdum. Dostları yeyəndə Nurlan şad olurdu. Qəlbi, könlü, əli açıq uşaq idi. Durub gedəndə, bir xeyli dayanıb dalınca baxdım. Elə bil ki, Nurlan nəzərlərimi hiss elədi, o da dönüb mənə baxdı. Uzaqdan səslənib dedi ki, “ana mən səni çox istəyirəm”. Boynu bükük kimi göründü mənə. Gəldim evə, özümə yer tapa bilmədim ki, o niyə elə küskün baxdı? Sonra telefonla danışdıq. Səsi gümrah idi. Sakitləşdim ondan sonra. Sən demə həmin gün balamla son görüşüm idi. Bilsəydim, qarşıda əbədi ayrılıq var, qucaqlardım, saçını qoxlayardım, ətrini sinəmə çəkərdim, üzündən-gözündən doyunca öpərdim...
Sonuncu dəfə Novruz bayramı günlərində mart ayının 27-də danışdıq. Yenə də səsi gümrah gəlirdi. Dedik, güldük... Allaha qurban olum, hərəni bir cür imtahana çəkir. Tanrı heç kəsi balası ilə imtahana çəkməsin. Mənimki Nurlansız, yaşamaq deyil, ölümdür. Heç özüm də bilmirəm niyə, nə üçün yaşayıram...
Əvəllər yuxuma gəlirdi. Nurlan Talış istiqamətində həlak olub. Düşmən snayperi onu başından vurub. Yuxuma da həmişə başı yaralı gəlirdi. Gördüm əsgər paltarındadır. Öpmək istəyirəm. Deyir ki, “ana başıma dəymə, başım ağrayır”. Sonra yuxumda ona deyirəm ki, “sən yanvarda gəlməlisən, niyə gecikirsən?” Bir cavab vermir, dönüb baxıram ki, üzü şişib... Yaralarından xəbərim olmadı, yaralarını öpüb –oxşamadım, deyə yuxularıma ancaq yaralı gəlir... Yəqin ki, son nəfəsində məni çağırıb, “ana” deyib, mən də qulağı kar olmuşam, balamın harayını eşitməmişəm... Fidan doğulandan sonra daha yuxularıma da gəlmir Nurlan.
- Bacım, biz kimik ki, Tanrı dərgahında nəyəsə rəvac verək, xəbərimiz olmayan sirlərdən agah kimi danışaq. Ancaq o kainatın yaradııcısı, əlbət ki, sizin ailəyə Nurlanı əvəz edəcək bir mələk göndərib. Ona görə də bu körpənin ruhuna qardaşının cismi də qarışıb. Və bir gün o qədər gözəl xəbərlər, o qədər gözəl duyğular bəxş edəcək ki, körpə Fidanımız sizə. Siz Tanrıya şükr edin.
Nurlan Qasımovun atası Cəmili sakitləşdirən Fidandır. Fidan bu ailəyə yeni sevinc, yeni sevgi, yeni qayğılar gətirib. Cəmil kişi deyir ki, Fidan doğulmazdan əvvəl böyük qızı Pərvanə kəndin yaxınlığında olan Dağdağan pirində Tanrıya nə qədər dualar edib, arzu edib ki, dünyaya qardaşını əvəz edəcək bir sağlam övlad versin. İndi təsəllim bir bu balaca qız, bir də Nurlanın adına çəkdirdiyim bulaqdır. Bilirəm ki, o bulaq durduqca, insanlar suyundan içib, oğluma rəhmət oxuyacaqlar. Oğlum kəndimizə su kimi axıb gəldi. Bir də onu bilirəm ki, bu xalq, bu kənd oğlumu heç vaxt unutmayacaq. Çünki o üçrəngli bayrağımız ucalarda dalğalansın deyə, şəhid oldu. Tanrı bütün şəhidlərimizə rəhmət eləsin.
Oğlumla birlikdə xidmət edənlər tez-tez bizə baş çəkirlər. Həmin döyüşlərdə ciddi yara almış, tağım komandiri, həmin günü oğlumla döyüşlərdə iştirak edən Tariyel Hüseynov evimizi arayıb- tapıb, bizə baş çəkib. Nurlandan danışır. Deyir ki, sağ qalmasının birinci səbəbkarı göydə Allah, yerdə isə Nurlandır.
Tağım komandiri döyüşün qızğın vaxtında başından və ayaqlarından yaralanır, Nurlan Qasımov komandirini yerə yıxılmış görüb üç nəfər dostu ilə onun köməyinə çataraq, döyüş meydanından başqa yerə - arxaya yaxın səngərə aparır. Talış kimi dağlıq bir ərazidə, göydən yağış kimi yağan güllələrin altında yaralı, ağır çəkili insanı aparmaq da güc və cəsarət tələb edirdi. Komandirini döyüş bölgəsindən çıxarandan sonra, yenə yaralı əsgərləri xilas etməyə gedəndə Nurlan şəhid olub.
Onlar döyüş meydanında ər kimi vuruşdular. Onlar Tanrı dərgahına, şəhidlik zirvəsinə ucalanda bilirdilər ki, artıq qalibdirlər.
Müəllif: Aida Eyvazlı Oxu24.com
ŞƏRHLƏR