Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93063
az

Şuşada dünyaya səsləniş, Xankəndidə yas çadırı

12:1124 İyul, 2023
472
SİYASƏT
  • A

Qarabağdakı separatçılarla Ermənistan hakimiyyəti gerçəklərə və zamana uduzmağa davam edirlər. Paşinyanla Arutyunyan dueti aldatmağa çalışdıqları zamanın onlara qarşı işlədiyini dərk etmək qabiliyyətində deyillər

Xankəndidəki separatçı rejimin rəhbəri Araik Arutyunyan şəhərin mərkəzindəki meydanda qurulmuş çadırlarda axşam saatlarında, bütün işlərini başa vurandan sonra oturub "millətin öz müqəddəratını təyin etmək hüququ"ndan, "qarabağlı ermənilərin blokadası"ndan danışanda və sonda da "kütləvi aclıq ərəfəsindəyik, ölə bilərik" deyəndə cəmi bir neçə kilometr aralıda, Şuşada qlobal mediaforum başlanmışdı.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa dünyanın ən müxtəlif ölkələrindən gəlmiş media mənsublarını, siyasətçiləri, analitikləri və məşhur simaları heyrətləndirəndə Xankəndidəki rejim əvvəlki mantralarını təkrarlayırdı.

Separatçılar özləri də bilmədən və anlamadan dalana dirənmiş siyasətlərinin, demaqogiya və yalanla yoğrulmuş strategiyalarının uğursuzluqlarını sübut etdilər.

Xankəndindəki xuntanın rəhbəri Araik Arutyunyan ötən həftə çadırda oturaraq bəyan etmişdi ki, bəs "Laçın yolunun tam açılması, Ermənistana gediş-gəlişin tam nəzarətsiz və yoxlamasız rejiminin təmin edilməsi, qarabağlı ermənilərin bütün hüquqlarının və təhlükəsizliyinin tam təmin edilməsi üçün Azərbaycan rəhbərliyinə bir həftə vaxt veririk".

Bir həftə başa çatıb çatıb, amma "cəsur, iradəli və qətiyyətli" Araik Arutyunyan yenə Xankəndindəki çadırda "oturaq aksiya"dadır.

Təbii ki, biz Araikin "misli görünməmiş sərt, qətiyyətli və radikal" addımlarını səbirsizliklə gözləyirik.

Araik Arutyanyanın və onun siyasi sahibi, Ermənistanın baş naziri Nikol Paşinyanın faciəsi reallıqları anlamamalarıdır. Daha doğrusu, onların ikisi də tapyor klounu olduqlarından biri Ermənistanı, digəri isə qarabağlı erməniləri bitmək bilməyən bəlalarla fəlakətlərə tuş etdiklərinin fərqində deyillər.

Şuşada keçirilmiş Qlobal Mediaforumda Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin daxili və xarici siyasətinin inkişaf istiqamətlərini bəlirləyəcək bir sıra çox önəmli bəyanatlar verdi.

Həmin bəyanatların bəziləri bilavasitə ermənilərə - Ermənistan vətəndaşlarına və xüsusilə də qarabağlı ermənilərə, Azərbaycan sakinləri olaraq özlərini Azərbaycandan kənarda hiss etdiklərini maniakal inadla vurğulayan topluma ünvanlanmışdı.

Dövlət başçısının forumda media mənsublarının suallarını cavablandırarkən söylədiyi fikirlərin hətta səthi təhlili belə, Azərbaycanın üzləşdiyi çağırışlarla həll etməli olduğu ən önəmli konseptual məsələlərlə bağlı suallara dəqiq, aydın cavabdır.

Dünyanın bir sıra bölgələri ilə yanaşı, Cənubi Qafqaz bölgəsindəki geosiyasi turbulentlik və hadisələrin sürətlə inkişafının çox ciddi problemlərlə müşayiət olunmasına rəğmən, Azərbaycan ilk baxışdan siyasi labirint təsiri bağışlayan situasiyaları məharətlə çözür.

Qərbdəki bəzi dövlətlərin, xüsusilə də Fransanın və Yunanıstanın bölgəmizlə bağlı bütün destruktiv planlarına, təhlükəli strategiyasına rəğmən, Azərbaycan "bir millət, iki dövlət" prinsipi əsasında əlaqələr qurduğu qardaş Türkiyə ilə birlikdə regional gücə çevrilib.

Türkiyənin bölgədəki supergüc funksionallığını indi təkzib etmək ən azı sadəlövhlükdür. Bakı da Ankara ilə qardaşlıq münasibətləri müstəvisində Cənubi Qafqazın ən güclü və potensiallı dövlətinə çevrilib.

Rusiya Federasiyası və İrana gəldikdə isə, hər iki dövlətin regional siyasətinin məzmununu və ələlxüsus da hədəfləri bilən rəsmi Bakı şimal qonşumuzun Ukraynada müharibə aparmasına, cənub qonşumuzunsa Ermənistanı tam və total şəkildə dəstəkləməsinə rəğmən, hər iki dövlətlə münasibətlərini emosiyalardan kənar rasionallıq motivləri əsasında qurur, inkişaf etdirir.

Cənubi Qafqazla bağlı Rusiyanın planları bəllidir: Ermənistanın Qərbə meyillənməsinin qarşısını almaq, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Sülhməramlı Kontingentin (RSK) 2025-ci ildə səlahiyyət və fəaliyyət müddəti bitəndən sonra da indiki arealda qalmasını şərtləndirəcək amillər toplusu formalaşdırmaq, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesində əsas vasitəçi və moderator olmaq və ən nəhayət, bölgədə təsir imkanlarını artırmaq.

İranın maraqları da asan təxminlənən və hesablanandır: Tehran Ermənistanla əlaqələr vasitəsilə öz aləmində Bakı ilə münasibətlərə nisbətən strateji paritetlə balans yaradır, bununla da Azərbaycana müəyyən təsir imkanlarına yiyələnir, regional layihələrdən və proseslərdən kənar qalmamaq üçün aktivlik edir və s.

Fəqət, bütün bunlar ilk baxışdan mürəkkəb, hətta dolaşıq təsir bağışlayan geosiyasi maraqlar qarışığı təsiri bağışlasa da, hər şey göründüyündən də sadədir.

 

Güclü iqtisadiyyata, inkişaf edən maliyyə və sənaye sektorlarına, iqtisadiyyatın qeyri-neft sektorunun intensiv təkmilləşdirərək, yeni hədəflərə, hərbi potensialı yüksələn orduya malik Azərbaycan bəhs etdiyimiz dövlətlərin maraqlarına tam cavab vermir.
Ətraflı

Daha doğrusu, güclü dövlətlər və iri geosiyasi güc mərkəzləri üçün ideal variant asan idarə olunan, xarici siyasəti təlimatlarla, iqtisadi proseslərisə göstərişlərlə idarə olunan ələbaxan Azərbaycan böyük oyunçuların hamısı üçün əlverişli model olardı.

Amma olmayacaq.

Şuşadakı forumda dövlət başçımızın bəyanatları bir daha göstərdi ki, Cənubi Qafqaz bölgəsində yeni reallıqları müəyyənləşdirən, 44 günlük İkinci Qarabağ Müharibəsinin sonucları ilə çox məkirli planları alt-üst edən və müstəqil siyasətini dövlət idarəetmə prinsiplərinin məhvər amilinə çevirən Azərbaycan indi diktəyə fikir verib davranan yox, beynəlxalq hüquqla ədalətin sintezinə əsaslanan şərtlərini diktə edərək, qonşu dövlətləri müvafiq davranmağa vadar edən ölkədir.

Qarabağlı ermənilər, Ermənistanla sülh müqaviləsi, şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası, Zəngəzur dəhlizi layihəsinin işə salınması - bütün bunlar indi ciddi müzakirələr, çətin diskussiyalar mövzusudur.

Azərbaycan cəmiyyətində bədgüman, naümid, tənqidçi mövqe tutanlar israrla bildirirlər ki, Xankəndidə bayrağımız dalğalanmayınca, RSK ölkəmizdən çıxarılmayınca, Ermənistanın hazırda işğalda saxladığı 8 kənd azad edilməyincə və Naxçıvanla normal nəqliyyat kommunikasiyaları qurulmayınca qələbədən danışmaq olmaz.

Bu açıqlamalar, çağırışlar, sosial şəbəkə statusları, şərhlər və rəylər emosioallıq məhsuludur.

30 il çözümsüz qalmış problemi 3 ilə həll etmək asan deyil, amma Azərbaycan bunu etmək üçün mümkün bütün vasitələrdən istifadə edir və məqsədə doğru addım-addım irəliləyir.

Prezidentin açıqlamalarını, bəyanatlarını və şərhlərini bir daha, diqqətlə, dəfələrlə oxumaq və anlamaq gərəkdir. Köhnə dünya düzəninin və geosiyasi konturların darmadağın olduğu, yeni qlobal siyasət mexanizminin formalaşmağa başladığı vaxtda qarşımızda tam fərqli situasiya yaranıb.

Ukraynadakı müşaribə nəticəsində Rusiya Federasiyası ilə kollektiv Qərb arasında amansız rəqabət, qarşıdurma formalaşıb və bu proses qlobal düşərgələnməyə doğru gedir. Lakin unutmamalıyıq ki, Sovetlər Birliyi dağılandan sonra Rusiyanın ən zəif, Moskvadakı hakimiyyətin ən illateral dövrlərində belə, Rusiya Cənubi Qafqazdakı təsir imkanlarını itirməməmişdi. Tam əksinə, artırmağa çalışmışdı və indi də çalışır.

Əvvəlki dövrlərlə müqayisədə Rusiya bölgəmizdəki istisnasız olaraq bütün geosiyasi proseslərə ən fəal təsir rıçaqlarına daha çox malikdir.

Məhz bu səbəbdən yeni dünya düzəni tam formalaşanadək Bakı konkret təsbitlənmiş, yəqinləşdirdiyi geosiyasi seçimini etməyərək, son illərdə yürütdüyü və ənənəvi hal almış çoxistiqamətli, fərqli şaxəli diplomatiyasını davam etdirir.

Ankaranın yürütdüyü siyasət də Bakının davranış modelinə identikdir.

Qərblə əməkdaşlığı sürətlə inkişaf etdirən Bakı heç bir halda Rusiya və ya İranla münasibətləri birtərəfli qaydada korlamaq, buzlaşdırmaq niyyətində deyil.

 

Belə olduğu üçün Xankəndinin mərkəzi meydanında qurulmuş etiraz aksiyası çadırları, əslində, Ermənistandakı revanşist qüvvələrlə qarabağlı erməniləri hazırda idarə edən separatçı xuntanın ümidlərinin puç olduğunu göstərən yas çadırlarıdır.

Bakı diplomatik hücumdadır. ABŞ və Avropa İttifaqı tərəfindən sərhəd toxunulmazlığı ilə ərazi bütövlüyü şəksiz tanınan, Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsinin işə düşməsinin ermənilərin gözləntilərin əksinə, beynəlxalq hüquq çərçivəsində qərar kimi qarşılanması, Vaşinqton və Brüsseldəki danışıqlarda Ermənistanın 1991-ci ildən sonra ilk dəfə Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etməsi - uğurlardır.

Şuşada bir daha bəyan edildi - Azərbaycan qarşıdurmalarda və müharibədə yox, münasibətlərin inkişafında, sülhdə, stabillikdə və tərəqqidə maraqlıdır.

Azərbaycan öz yolunu gedir, müstəqil siyasət yürüdür, hərbi-siyasi bloklara qoşulmur və prinsiplərini güzəştə getmir.

Bakıya təzyiq cəhdlərinin də heç bir mənası yoxdur: 2005-ci ildə Vaşinqton, 2013-cü ildə isə Moskva belə cəhdlər göstərməyə çalışanda Bakıdan çox sərt cavab almışdı.

Səbəb sadədir - Prezident İlham Əliyevin xarici siyasəti onun yürütdüyü daxili siyasətin məntiqi davamıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
“ABŞ Ukraynaya kömək üçün 6 milyardlıq müqaviləyə hazırlaşır” – “Politico”
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı