"Xaricdə təhsilimi başa vurduqdan sonra ölkəmizə qayıtmağı düşünürəm”.
Bu sözlər Azərbaycan Tibb Universitetini 98,21 bal ilə bitirən Səbinə Feyzullayeva deyib.
S.Feyzullayeva tibb təhsilini Almaniyada davam etdirməyi düşündüyünü qeyd edib:
"Müalicə işi üzrə təhsil almışam. Altı il ərzində çox əziyyət çəkdim. Çox çətin və ağır oldu. Fənlər çox, vaxt az idi. Universiteti mənimlə birlikdə bitirənlərin hər biri mənim qədər çalışıblar. Ali məktəbi Prezident təqaüdü ilə bitirdim.
Tibb təhsilimi Almaniyada davam etdirməyi düşünürəm. İnişil bir ay, keçən il iki ay Almaniyada xəstəxanalarda təcrübə keçdim, vəziyyəti gördüm. Qərarım daha da qətiləşdi. Almaniyada təhsili əvvəldən düşünürdüm”.
Səbinə Feyzullayeva deyir ki, xaricdə təhsil 10 il davam edəcək:
"Bizi Azərbaycan yetişdirib. İstədiyim ixtisasa tam yiyələndikdən sonra ölkəmizə qayıdacağam. Üstümüzdə müəllimlərin əməyi var.
Qəbul imtahanında 690 bal toplamışdım. Dedim ki, "yaxşı ki, itirmişəm”. Düşünmürəm ki, insanlar bala görə fərqlənsinlər. Hər birimiz eyniyik. Sadəcə, rəqəmlər fərqlidir. Həkimlik bir sənətdir. Oxuduqca, hər gün, hər il keçdikcə daha çox sevirsən. Uca bir sənətdir”.
Azərbaycanda ortalama balı ən yüksək olan tələbə gələcəkdə kardioloq kimi ixtisaslaşmaq istədiyini qeyd edib: "Kardioloq olmaq istəyirəm. Ailəm hər zaman dəstək olub. Yaxınlarımdan həkim olan yoxdur.
Bu sahə üzrə elm kifayət qədər inkişaf edib və bu inkişaf davam edir. Biz də istifadə edib xəstəliklərə çarə tapa biləcəyik. Uğura qazanmaq üçün əzmli olmaq, çox çalışmaq lazımdır. Hər zaman düşünmüşəm ki, çox çalışsam, bacaracağam. Asan deyil”.
Qeyd edək ki, 22 yaşlı Səbinə Feyzullayeva dörd yaşında səlis oxumağı və yazmağı bacarıb, beş yaşında ingilis dilini öyrənməyə başlayıb. Altı il öncə Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirərək 690 balla ATU-nu seçib. Prezident təqaüdçüsü olub. Altı il ərzində ən yüksək akademik göstəricilərlə Prezident təqaüdü alıb.
ŞƏRHLƏR