Oxu24.com xəbər verir ki, “The Wall Street Journal” -ın mənbələrə istinadən məlumatına görə ,Braziliya hakimiyyət orqanları Rusiyanın bu ölkədən gizli casuslar üçün “inkubator” kimi istifadə etməsində şübhələnirlər, daha sonra onları Qərb ölkələrinə təqdim edirlər.
2022-ci ilin iyununda Hollandiya hakimiyyəti Viktor Müller Ferreyra adına saxta Braziliya sənədlərindən istifadə edən qanunsuz Rusiya kəşfiyyatçısını saxlayıb.
O, 2010-cu ildə Braziliyaya gəlib və özünü yerli sakin kimi təqdim etməyə başlayıb.
Bundan sonra o, bir neçə il İrlandiya və ABŞ-da yaşayıb, daha sonra Beynəlxalq Cinayət Məhkəməsində təcrübə keçmək üçün yazılıb və burada Suriya və Ukraynada hərbi cinayətlərin necə araşdırıldığını öyrənməyə çalışıb.
Hollandiyada əsl adı Sergey Çerkasov olan “Ferreyra” saxlanılaraq Braziliyaya deportasiya edilib və orada saxta sənədlər hazırladığı üçün 15 il həbs cəzası alıb.
Rusiya ona qarşı öz cinayət işini uydurdu, onu heroin qaçaqmalçılığında ittiham etdi və ekstradisiyasını tələb etdi. Eyni zamanda Rusiya tərəfi Çerkasovun casus olduğunu təkzib edib.
Özünü Braziliya vətəndaşı kimi təqdim edən daha bir rusiyalı casus 2022-ci ilin oktyabrında Norveçdə saxlanılıb. O, bu ölkədə Xose Assis Jammaria adı ilə yaşayıb, lakin Norveç polisi onun əsl adının Mixail Mikuşin olduğuna inanır.
WSJ həmçinin Rio-de-Janeyroda yaşayan və özünü Gerhard Daniel Campos adlı braziliyalı kimi təqdim edən üçüncü rus casusu haqqında yazır. Yunan kəşfiyyatı onun Şmirev adlı rus kəşfiyyatçısı olduğunu müəyyən edib. Onu hələ də həbs edə bilməyiblər. Müstəntiqlər Braziliyada və başqa yerlərdə özlərini braziliyalı kimi təqdim edən daha çox gizli rus agentlərinin ola biləcəyindən şübhələnirlər.
Tərcümə: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR