NATO-nun baş katibi Yens Stoltenberq Vaqner böhranını “Rusiyanın daxili işi” adlandırıb.
Oxu24.com xəbər verir ki,Stoltenberq iyulun 11-12-də NATO Sammitinə ev sahibliyi edəcək Litvanın paytaxtı Vilnüsə səfər edib və Litva prezidenti Gitanas Nauseda ilə görüşüb.
Nauseda ilə mətbuata açıqlama verən Stoltenberq Vaqner qrupunun Rusiya hökumətinə qarşı üsyanı ilə bağlı "Həftə sonu baş verən hadisələr Rusiyanın daxili işidir" deyib.
Vilnüs Sammitinə toxunan Stoltenberq, 31 müttəfiq ölkə liderinin qatılacağı sammitdə Rusiya ilə mübarizə aparan Ukraynaya uzunmüddətli yardım paketini təsdiq edəcəklərini bildirib .
"Biz Ukrayna ilə siyasi əlaqələrimizi artıracağıq. Qəbul ediləcək qərarlar Ukraynanı alyansa yaxınlaşdıracaq, çünki Ukraynanın haqlı yeri NATO-dur. Bütün müttəfiqlər NATO-nun qapılarının açıq olduğuna, Ukraynanın üzv olacağına tərəfdardır.Rusiyanın veto hüququ yoxdur. Müharibə bitdikdən sonra biz Ukraynanın təhlükəsizliyi üçün tədbirlər görməliyik ki, tarix təkrarlanmasın",-deyə NATO baş katibi bildirib.
Stoltenberq Belarusdakı prosesləri yaxından izlədiklərini və Rusiyanın bu ölkədə nüvə silahı yerləşdirməsini pislədiklərini, bunun məsuliyyətsiz bir addım olduğunu bildirib.
“Rusiyanın nüvə silahından istifadə edəcəyinə dair heç bir işarə görmürük”,-deyə Stoltenberq bildirib.
Vilnüs sammitində NATO-nun yeni regional təhlükəsizlik planları ilə bağlı addımlar atılacağını bildirən Stoltenberq, bu planlara görə 300 mindən çox əsgərin yüksək hazırlıq səviyyəsində olacağını, onlara dəniz və hava ünsürləri ilə dəstək veriləcəyini bildirib.
“Biz həmçinin hava patrulundan hava hücumundan müdafiəyə sürətli keçid üçün hava və raket əleyhinə müdafiənin yeni transformativ modeli haqqında razılığa gəldik”, - Stoltenberq bildirib.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR