İyun ayının 24-25-i şənbə və bazar günləri olsa da, iş günləri elan edildiyindən Bakı metropolitenində qatarların hərəkəti qeyd edilən tarixlərdə adi iş günü qrafiki ilə tənzimlənəcək.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, "28 May-Həzi Aslanov" istiqamətində saat 07:00-dan 21:00-a qədər qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək:
""28 May" stansiyasında Qırmızı və Yaşıl xətlər kəsişərək birləşdiyindən "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində interval 2 dəfə artıq olacaq.
"Bakmil" istiqamətində isə iyun ayının 24 və 25-də iş günləri qrafiki qüvvədə olacaq.
İyunun 26-dan iyulun 3-nə qədər isə Bakı metropolitenində qatarların hərəkəti qeyri-iş günləri qrafiki ilə tənzimlənəcək. Qatarlar "28 May-Həzi Aslanov" sahəsində saat 07:00-dan 21:00-a qədər 3 dəqiqəlik intervalla hərəkət edəcək. "28 May" stansiyasından sonra "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində interval 2 dəfə artıq olacaq.
İş və istirahət günlərində Bənövşəyi xətdə və "Xətai-Cəfər Cabbarlı" sahəsində hərəkət edən qatarların intervalları dəyişməz olaraq qalacaq".
Rəsmi məlumata görə, zərurət yarandıqda ehtiyat qatarlar xəttə buraxılacaq.
Oxu24.com
ŞƏRHLƏR