Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar zəruri təhlükəsizlik tədbirləri görülür.
Bunu Trend-ə açıqlamasında FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili deyib.
Onun sözlərinə görə, aprel ayından etibarən ölkənin sahilboyu ərazilərində yerli icra nümayəndələrinin iştirakı ilə monitorinqlər təşkil olunub.
"Monitorinqlərin keçirilməsində əsas məqsəd təhlükəli və istifadəyə yararsız çimərliklərin müəyyən edilməsi, eyni zamanda çimərlik operatorlarına təhlükəsizlik qaydalarını özündə əks etdirən bildirişlərin təqdim edilməsidir. Bununla yanaşı xidmətin nəzarət etdiyi çimərliklərdə, o cümlədən İDEA İctimai Birliyinin təşəbbüsü ilə Bakı şəhərinin Qaradağ, Səbail, Xəzər, Sabunçu və Binəqədi rayonlarında yaradılmış ümumi altı çimərlikdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılıb, təmizləmə işləri həyata keçirilib. Xidmətin balansında olan xilasetmə texnikaları və vasitələr, o cümlədən dalğıc əməliyyatlarını həyata keçirmək üçün nəzərdə tutulan avadanlıqlar işlək vəziyyətə gətirilib. Hazırda çimərliklərdə üzmə sərhədlərini müəyyən edən nişanların qoyulması və ərazidə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları barədə məlumatlandırılması üçün maarifləndirici lövhələrin quraşdırılması işləri davam edir. Sabahdan etibarən xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək", - deyə o qeyd edib.
Qeyd edək ki, iyunun 15-dən Azərbaycanda çimərlik mövsümü başlayır.
Oxu24.com
ŞƏRHLƏR