Sabunçu qəsəbəsində yerləşən "Panoramic” otelə qadını bıçaqlayan şəxsə hökm oxunub.
OXU24.COM Qaynarinfo-ya istinadən məlumatına görə, Əli Dadaşov (soyad şərtidir) Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Hadisə isə ötən ilin 27 iyul tarixində baş verib. Əli Bakı Ağır Cinayətlər Məhkəməsindəki ifadəsində bildirib ki, Rəhimə Cavadova (soyad şərtidir) ilə birlikdə otelə gedib və orada ona evlənmək təklifi edib. Rəhimə onunla evlənməkdən imtina etdiyi üçün aralarında mübahisə yaranıb.
Oteldən çıxanda Rəhiməyə onu taksi ilə yola salmasını təklif edib. Zərərçəkmiş qadın bu zaman onun və valideynlərinin ünvanına nalayiq ifadələr işlədib. Əli buna dözməyərək özündən çıxıb və üzərində gəzdirdiyi bıçaqla onu vurub. Sonra otelin işçilərinin üzərinə gəldiyini görərək, hadisə yerindən qaçıb.
Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, təqsirləndirilən şəxslə münasibətləri olduğu dövrdə evlənmək üçün razılaşıb, lakin sonradan Əlinin bəyənmədiyi bəzi hərəkətlərinə görə evlənmək istəməyib. Münasibətlərə son qoymaq istədiyini ona bildirdiyi üçün aralarında mübahisə yaranıb. Buna baxmayaraq, Rəhimə Əli ilə barışdığını, ona qarşı heç bir şikayəti və iddia tələbi olmadığını bildirib.
Oxu24.com
ŞƏRHLƏR