Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
903
az

`Atam bizdən niyə küsüb gedib?`- Əkiz oğlanların şəhid atası

23:5120 Aprel, 2018
3799
MÜSAHİBƏ
  • A

  Ermənilər bizim torpaqlarımıza olan qondarma iddialarını həyata keçirməyə başlayan gündən Qazaxda erməni kəndləri ilə üzbəüz, qonşu kənddə yaşayan azərbaycanlıların da günü-güzəranı yox idi. Rus havadarlarından aldıqları mərmiləri kəndlərə yağdırır, insanlarımızın ümidini qırırdılar. Hamı bilirdi ki, ermənini belə tərpədən, dingildədən ruslardır. Yoxsa təkbaşına qalanda, erməni gədələri və dığaları kəndin heç bir cavanı ilə üz-üzə gəlməyə ürək eləməzdilər.



Femida.az “Aprel şəhidləri” haqda növbəti yazını təqdim edir.

1992-ci ilin adi payız günlərindən biri idi. Çiskinli-dumanlı havalar öz dövranını sürməyə başlamışdı. Dağ-dərə payız yarpaqlarına, payızı yağışlarına bürünmüşdü. Fərəhli kəndinin camaatı mal-qarasını örüşdən götürən vaxt, yenə də qırılmışlar üzbəüz kənddən top-tüfənglə atmağa başladılar. Mərmi gəlib düz Həsən kişinin evinə və kəndin dükanına düşdü. El-oba yenə işini yarımçıq qoyub, yığışıb kənd aşağı dərəyə endilər, çayın kənarında evi olan qonşularının həyətinə sığındılar. Guya ki, erməni buraya top- mərmi atmayacaqdı. İnsan xisləti belədir, arxasınca gələn təhlükədən qaçmaq istəyər həmişə. Sima müəllimə də iki oğlunun, 1 qızının əlindən tutub qaçmağa başlayanda, yağışın yaratdığı palçıq da üst-başlarını islatdı. Və həmin anda 6 yaşlı Mühüd üzünü anasına tutub: - Ay ana, mən böyüyəndə bu ermənilərin nəfəsini kəsəcəm, - dedi. Uşağın üzünü, üst-başını çayın suyu ilə yuyan anası Sima xanım: - Ay bala sən böyüyənə qədər müharibəmi qalacaq..., - deyib, yoluna davam etdi.

Oğlu Mühüd Orucovun uşaqlığını belə təsvir etdi Sima xanım:


 


- Mən nə biləydim ki, o müharibə bu günə qədər uzanıb, balalarımıza qənim kəsiləcək.
8 illik məktəbi bitirəndən sonra isə sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verdi. İndi fikirləşəndə deyirəm ki, kaş əllərim qırılaydı, qəbul olunmaq üçün ərizəsini mən yazdım. 2002-ci ildə həmin məktəbi bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu, 2006-cı ildə isə həmin məktəbin qoşun kəşfiyyatı ixtisasını bitirdi. Hər yerdə birinci idi. Ancaq insanlara, dostlarına yaxşılıq etmək haqqında fikirləşərdi. Kimsənin geridə qalmasını istəməzdi. Hərbi məktəbdə oxuyanda bir neçə dəfə şuluqluq eləmişdi, az qala məktəbdən qovulacaqdı. Nizam-intizamı pozmamışdı. Sadəcə bir dostunun yerinə imtahana girmişdi, bir neçə dəfə də qrup yoldaşlarının əvəzinə dərsə cavab verəndə “yaxalanmışdı”. Lap gənc yaşlarında idilər. Belə əhvalatlar hər bir gəncə xas olur əslində. 


Mühüd harada oldusa birinci olurdu. Uğur elə bil ki, onunla birlikdə addımlayırdı. Bir gün də gəlib dedi ki, “ana bizi Türkiyəyə 3 aylıq kursa aparırlar”. Başladım ağlamağa ki, “ay bala niyə səni aparırlar axı?”. Ayrılıqdan qorxurdum. 3 aydan sonra qayıdıb gələndə dedi ki, komanda olaraq birinci yeri qazanıblar. Türkiyə Respublikasının hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan isə onu “Azərbaycan aslanı” adlandırıb. Və şəxsən özü təltif etmişdi.

Bir gün də evdə oturmuşduq. Bir də gördüm ki, oğlum Elbəyi deyir ki, ana, televizorda qardaşımı göstəriblər. Azərbaycan Prezidenti ona saat bağışlayıb. Yoldaşım Qurbana dedim ki, gəl gedək görək bu nə söhbətdir. Yığışıb gəldik Sumqayıta. Bizə prezidentin ona bağışladığı saatı göstərib dedi ki, “ana bu saatı mən sənə verirəm”. Dedim ki, “ay oğul nə edirəm saatı, qoy qalsın oğlanların üçün!”.

Bir dəfə yenə də Qazaxdan yığışıb gəldik ki, bunlardan xəbər bilək. Məni qucaqlayıb öpdü. Boynundan bir qızıl zəncir çıxarıb dedi ki, “ana, bu gün mənim doğum günüm idi, yoldaşlarım mənə hədiyyə etdi, mən də sənə verirəm”. Götürmək istəmədim. Dedi ki, “hələ bundan sonra o qədər hədiyyələrim olacaq ki...”.
Mühüd ən dəyərli hədiyyələrini hər zaman mənə həsr edirdi. Bir dəfə də elə təzəcə evlərinə gəlmişdik ki, gördük bu da gəldi. Baxdım ki, qaş-qabaqlıdır. Dedim, a bala, nə olub, qaş-qabağın yerlə gedir. Dedi “ay ana, heç nə olmayıb, yorğunam, Qazaxdan gəlirəm”. Dedim ay oğul, ordan gəlirdinsə elə deyəydin biz də səninlə gələydik də... Gülüb dedi ki, “mən tapşırığa getmişdim”.

Oğlum haqqında o qədər xatirələrim var ki... 32 illik. Hər gününü danışsam, daha ömrüm yetməz.

Altımda kilim yandı,
Od düşdü kilim yandı, 
Əziz balam deməkdən,
Ağzımda dilim yandı.

Özü danışırdı ki, bir dəfə ezamiyyətdə olduğu hərbi hissədə bir hərbçi ona deyib ki, “deyirlər bir Mühüd adlı oğlan var, adına “Mixaylo” deyirlər. Yaman qəhrəmandır. Bizim tərəflərdəndir deyə, soruşuram. Onu tanımırsan ki?!”. Mühüd də gülərək deyib ki, “xeyr, heç rastlaşmamışam onunla. Görsəm xəbərini çatdıraram”. Oğlum elə gözəl idi... Sifəti düm-ağappaq, enlikürəkli, alagözlü idi Mühüdim. Bir bayatıda deyirlər :

Dağ başında qar yağar,
Bulud keçər qar yağar.
Mühid kimi oğulu,
Analar tək-tək doğar.

Fələyi dindirəydim,
Bilməzin bildirəydim.
Mənə yazı yazanda,
Qələmin sındıraydım.


Oğlumun nəşini 8 gün gözlədik. Həyətdə çadır qurdular. Bir vaxt oğluma bu həyətdə toy çadırı qurmuşduq. Sonra dedilər ki, məlumat səhvdir. İnandıq. Gəlinim Qumru dedi ki, ola bilməz ki, Mühid ölsün. Sağdır. Sağdırsa 3 aya da keçsə gələcək. Yəqin tapşırığa gedib. Ya da təlimdədir. 8 günüm zülmlə keçdi. Gah dedilər sağdır, dəqiq bilmirdik ki... Bir də gördüm ki, halva qazanı da gətirilib, çala qazıblar. Dedim ki, yalan olsun, bu çadırda ayaqyalın oynayaram. Cöngə qurban kəsərəm. Təki balamın xəbəri yalan olsun. Gəlin də inanmırdı, mən də...

Burda bir qala düşdü,
Dağ aşdı, yala düşdü.
Göydən bir bəla gəldi,
Bizim mahala düşdü.


 


Hərbçi dostları onun qəhrəmanlığından danışdılar. Dedilər ki, sona qədər öz hərbçi yaralı dostlarını, əsgərləri, ölənləri də çıxarıb döyüş bölgəsindən. Aparıb verib həkimlərə. Özü də yaralı olub, həkimlər, ona arxada qalmağı təkid etsələr də, yenə ön cəbhəyə gedib ki, döyüşü axıra kimi davam etdirsin. Sonra mərmi partlayışından ölüb. Əsgərlər Mühüdin meyitini daşların arasından götürüblər. Daşların arasından da gicitkən boy veribmiş... Gicitkənlər öpüb balamın üzünü... 8 gün daşların arasında qalan balamdan xəbərim olmayıb.

Əzizim xalı yerdə,
Gül-bənövşəli yerdə.
Oğlum tənha can verdi,
Qaldı döşəli yerdə...

Gəlinim Qumru keçən dəfə gözdən oğurlanıb, Mühidin əmisi oğlu ilə qəbir üstünə gediblər. Narahat oldum, dedim ki, ay bala harada idiniz? Dedi ki, qəbir üstünə getmişdim. Dedim niyə tək gedirdin. Dedi ki, Mühüdə sözüm var idi. Soruşdum ki, sözünü dedinmi? Ana, dedim ,- deyə cavab verdi. Soruşdum, ay Qumru nə dedi Mühüd sənə?!...


Qumru Qurbanova ilə Mühüd Orucovun izdivacı iki ailənin seçimi olub. Ailələrin razılığı ilə 2008-ci ilin noyabr ayında nişanlanıb, 2009-cu ilin oktyabr ayında Fərəhli kəndinə Orucovların ocağına gəlin köçüb. Toyları olanda Mühüd Orucov hərbi hissədə qrup komandirinin müavini vəzifəsində idi. Toydan bir az sonra, gəlini götürüb Sumqayıtda qərarlaşmağa üstünlük verir. Əmisi Elşad Orucovun yaşadığı məhəllənin yaxınlığında bir ev kirayələyir. 5 ay keçmiş mart ayının 8-də əlindəki açarı həyat yoldaşı Qumru xanıma verərək, Qadınlar bayramını təbrik edir və deyir ki, Sumqayıtda indi üç otaqlı mənzilləri var. Mart ayının 14-də həmin mənzilə köçürlər. 2011-ci il iyun ayının 3-də isə əkiz oğlanları dünyaya gəlir. Mühüd uşaqların birini Anar, digərini isə Vüqar adlandırır.


 
 

– Bilirdim ki, yorğun gəlir, bilirdim ki, işi ağırdır, ancaq 2014-cü ilə qədər ön cəbhədə döyüşməyindən xəbərim olmamışdı - deyə, söhbətə Qumru xanım da qoşulur:

- 2014-cü ilin avqust ayının əvvəlində düz 1 həftə evə gəlmədi. Evə gələndə isə baxdım ki, paltarları cırıq-cırıq, üst-başı qanlı, tozun içərisində. Onu heç vaxt belə görməmişdim. Yenə bizə heç nə demədi. Ona bir neçə gün tətil vermişdilər. Sonra dostları ilə telefon danışıqlarından anladım ki, Ağdam istiqamətində ön cəbhədə olub. Ermənilərin böyük bir blindajlarını partladıb, onları itkilərə məruz qoyub. Bir şəhidi belinə bağlayıb, sürüyə-sürüyə atəş bölgəsindən çıxarıb. Özünün döyüşçülərinin isə burnu belə qanamayıb. Çox uğurlu əməliyyat keçirib. Hətta bir neçə postu dağıdıblar. Və ön cəbhədə qalaraq 3 nəfər yaralını səngərdən gətirib keçirib. Bir neçə gün sonra isə Ai Baş Komandan İlham Əliyev özü onu təltif etdi.

Evləndiyimizdən iki il sonra Mühüd məni həsrətə, yol gözləməyə öyrətdi. Evə gəldiyində uşaq kimi sevinirdim. O, içəri girdiyindən mürgüləyənə kimi danışırdım - ən kiçik xəbərləri, hər şeyi danışırdım ona. Həm dostum, həm rəfiqəm, həm güvəndiyim idi. Hər şeyim idi Mühüd. Bəlkə də danışdıqlarım onun yadında qalmırdı. Həyatımın əsl yoldaşı idi. Bir ildən çox vaxt keçib son ayrılığımızdan... mən isə hələ də gözləyirəm... Ötən il mart ayının 21-də yaxın dostu Elnurun ailəsi ilə yığışıb birlikdə Novruz bayramını qeyd etdik. Bir də martın 27-də gəldi evə, dedim ki, bizə vaxtın qalacaqmı? Barı bir gün bizimlə də gün keçir. Dedi olacaq.

Əmisigilə gedib, axşam qayıtdı. Gecə saat 4-də Vüqar qızdırmanın içərisində yanırdı. Ağlamağa başladı. Mühüd özü də yuxudan durub onun boğazını ovdu, sakitləşdirdi, qayğısına qaldı. Səhər saat 6-da yola salanda uşaqlar da durub qapının ağzına gəldilər. Heç vaxt onlar atalarını yola salmaq üçün oyanmamışdılar. Dedim ki, deyin ki, “Ata sənə yaxşı yol, ata özünü qoru...”, əkizlərin ikisi də dediyimi təkrar etdilər. Sonra elə bil ürəyim titrədi. Öz-özümə fikirləşdim ki, axı bu uşaqlar heç vaxt ataları yola düşəndə yuxudan oyanmazdılar. Sonra şübhəni özümdən kənarlaşdırdım. Və bu getməklə Mühüdin səsini eşitmədim. Yalnız 2 apreldə telefonuna zəng çatdı. Günorta saat 11 olardı yazdı ki, hər şey normaldır. Narahat olmayın. Mən də həmişəki kimi çox rahat halda başımı ev işlərinə qatdım. Aprelin 3-ü isə Mühüdün əmiləri gəldilər.

Elşad Orucov, Mühüd Orucovun əmisi:


 


-Martın 27-si Mühid bizə gəldi. Böyük oğlum Etibarı qırağa çəkib nəsə dedi. Bir az oturub söhbət edəndən sonra isə getdi. Onun belə gec-gec görünüb, tez getməsinə öyrəşmişdik. Aprelin 2-dən sonra Mühiddən nigaran olduq. Oğlum da dedi ki, ayrılanda deyib ki, “mənim vaxtım olmadı, apar balaca əkizlərin saçlarını qaydaya sal. Başlarında tük çoxalıb. Gözün daim onların üstündə olsun”.

Etibar ona qeyzlənib ki, yenə nə baş verib? Niyə belə deyirsən. Əlini Etibarın kürəyinə vurub, deyib ki, “arxayın ol, elə-belə sözdür də deyirəm. Bir çətin əməliyyata gedirəm. Yaxşı olar inşallah! Hər şey yaxşıdır”. Son sözü həmişə dediyi “Uşaqlarda gözün olsun”- olub. Erməni tapdağında olan torpaqlarımızdan ilk şəhid xəbərləri gəldiyindən hamımız narahat olmağa başladıq. Aprelin 3-ü gündüz gəldim Qumrunun yanına ki, ay qızım nə xəbər var. İstəyirdim ki, yığışdırıb evimə aparım. Dedi ki, dünən Mühüdlə danışıb. Sevincək dedim ki, ay gəlin sənə muştuluq düşür ki... Dünəndən aldığımız bəd xəbərin yalan olduğuna inandım. Bir azdan yenə xəbər aldıq ki, Mühüd yaralıdır. Yığışıb rayona yola düşdük. Sonra xəbəri yenə yalanladılar... Dedilər ki, adları dəyişik düşüb. Sevindik. Sonra da... hər şey dəyişdi... Bir anın içərisində nəslimizə və elimizə dəyən zərbənin ağırlığından həm belimiz əyildi, həm də vüqarımız yüksəldi. Mühüd kapitan olsa da, nümunəvi xidmətinə görə ona tabor komandiri vəzifəsini etibar edilmişdi və tezliklə növbəti hərbi rütbəyə də layiq görüləcəkdi.


Nazim Orucov, Mühüd Orucovun əmisi:


 


- Bizim babalarımız da Böyük Vətən müharibəsində sona qədər vuruşublar. Sinələri orden-medalla dolu idi. Atam Mühüdə öz atasının adını qoymuşdu. Biz əsilli-nəsilli, hamımız oxuyub təhsil almış insanlarıq. El-oba içərisində hörmət izzətimiz olub. İndi Mühid də bizim nəslin adını yenə ucalara qaldırdı. Kəndimizin 5-ci şəhidi oldu. Ancaq aprel ayının 8-də onları döyüş zonasından götürə bildilər. Biz isə həmin günə qədər hələ yolunu gözləyirdik, hələ sağlığına inanırdıq. Mühüdün şəhidliyindən sonra ipoteka ilə aldığı indi ailəsinin yaşadığı bu evin bank borcunu dövlətimiz ödədi, Vətən uğrunda canından keçdiyinə görə, uşaqlarına dövlətimiz yenə də bir mənzil hədiyyə verdi. Ali Baş Komandan İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif edildi. İndi Qazaxın Fərəhli kəndidəki evimiz ziyarətgaha, qibləgaha dönüb. Hər gün o evə Mühüdü yad edən insanlar, dostları, tanışları gəlir. Mühüd başqa cür oğlan idi. Eldə bir məsəl var: deyərlər dostun kimdir. Cavab verərsən ki, yoldaşlığımız olmayıb, deyə bilmərəm. 2015-ci ildə Mühüdlə birlikdə Sumqayıtdan Qazaxa getməli olduq. Və yolda onun necə alicənab, necə təmkinli, uzaqgörən, çox bilib az danışan, ailəsinə və özündən böyüyə necə hörmətlə yanaşdığının şahidi oldum. Mühüd gözümdə bir Göyəzən dağı qədər ucaldı.

Mühüdün anası Sima Hacıyeva yenə oğlu haqqında xatirələrini çözələyir.:

- Bir dəfə kənddə oturmuşduq. Mühüd dedi ki, “ay ana kəndimizdə Əsəd baba var e... bax o kişini sağ olsun, dostlarımın yanında mənim üzümü ağ elədi. Bir dəfə qrupumuzun uşaqları ilə bu Əsəd babaya rast gəldik. Qoyun otarırdı. Maskalandığımızdan məni tanımadı. Səsimi dəyişib dedim ki, a kişi o quzunun birini bizə satarsanmı? Kişi heç gözləmədən cavabında dedi ki, a bala Sizi kimi oğullara bu quzuların hamısı qurbandır. Ürəyiniz hansını istəyir götürün. Sağollaşıb ayrıldıq kişidən, ancaq bilmədi ki, o uşaqların içərisindəkilərdən biri də mənəm”.

Doğmaları, ev sahibləri indi yanlarında olmayan, xəyalı ilə yaşadıqları, xatırladıqları şəhidləri haqqında elə şirin, elə kövrək danışırlar ki... Qumru xanım danışdıqca, bütün vücudu titrəyir, əsir, elə bil ki, anasından ayrılmış bir quşcuğazdı... heç ovcunuzun içərisində titrəyən quşcuğaz görmüsünüzmü?

Qumru elə titrəyirdi. Hiss etdim ki, qorxur bu həyatdan, yaşamaqdan qorxur. Sonra dedi ki:

- İndi kimsəsizlikdən, səssizlikdən boğuluram. Onun yoxluğunu bu evdə heç nə doldura bilmir. Havam çatmır. Boğuluram. Mən böyüyəndə uşaqlara nə deyəcəyəm. Mən gücsüzəm. Arxam gedib, dağım gedib. Kimsəsiz, yalqızam indi. Divarlar da, ev də üstümə gəlir. Yuxuma gəlir. Ancaq yuxumda görüb danışanda özümdə qüvvət tapıram. Hər zaman haradansa qayıdıb gəlir. Reallıqda gedib qayıtmadığı halda, yuxularımda qayıdır. Qalib kimi görürəm onu. Aprel döyüşlərindən çıxmış görürəm. Yuxumun içində fikirləşirəm ki, necə uzadım o müddəti ki, ayılmayım, uzansın yuxularım.

Qumru danışırdı, mən isə bir neçə il bundan əvvəl yazdığım bir şerimi xatırlayırdım:

Tir-tir titrəyirəm evin içində,
Havadan soyuq qar havası gəlir.
Elə bil ağlayır hicran içimdə,
Elə bil ayrılıq havası gəlir.

Belə getsə soyuq aparar məni,
Ürəyim köksümün altında donar.
Yağan qar üşüdər kövrək qəlbimi,
Qorxuram ay Tanrım , sevgim də donar.

(Aida Eyvazlı GÖYTÜRK) 


Qumru Mühüdü xatırlayıb danışdıqca yanaqlarından muncuq göz yaşları üzü aşağı diyirlənirdi. Mən isə o göz yaşlarının soyuğunda titrəyirdim. Könlümü tirədən bu kövrək gəlin isə elə hey danışırdı, sevgili xatirələr bitməz ki:

- Bir dəfə də yenə kəndə getmişdik. Gecənin bir aləmində saat 3 olardı, bir leysan başladı ki, gəl görəsən... Bir də baxdım ki, qapı açıldı, Mühüd girdi içəri. Özünüz bilirsiniz ki, kənd evlərində qapıya kilid vurmazlar. Darvazadan yox, çəpərin üstündən atlanıb gəlmişdi ki, görən olmasın. Çünki kəndimiz ermənilərlə həmsərhəd olduğuna , üzbəüzdə ermənilər yaşadığına görə, görünür həmin yerlərdə tapşırıqdan qayıtmışdı. Uşaqları qucaqlayıb-öpdü, yatdıqları yerdə bağrına basıb qoxladı. Sonra evdən hərbçi dostları üçün də yemək tədarükü götürüb getdi... O günləri xatırladıqca deyirəm ki:

Nə xoşbəxt olmuşam bir zaman Allah,
Xəbərim olmayıb bu səadətdən.
Nə xoşbəxt imişəm, nə xoşbəxt, xoşbəxt,
Bu gün eşitmişəm bunu həsrətdən...
(Əli Kərim)

Ancaq indi gücüm də yoxdur. Uşaqların bu il 6 yaşları olacaq. Hər gün israrla atalarını soruşurdular. Pəncərədən boylanıb həyətə qara rəngli maşın gəldiyini görəndə sevincək deyirdilər ki, “Gəldi-gəldi... ata gəldi, lakin bir başqasının düşdüyünü görəndə, sualı sual dalınca yağdırırdılar ki, “bəs ata haradadır, niyə gəlmir? Niyə onun maşınından başqası düşür?”.

Suallarına cavab tapmaq üçün getdim psixoloqla məsləhətləşdim, dedilər ki, Allahdan, Tanrıdan danış, cənnətə getdiyini, atalarının bir qəhrəman olduğunu söylə, inandır. Bundan sonra xəyallar qurub, nağıllar danışdım, ən azı uşaqların ümidlərini qırdım... Ən azı bilirəm ki, elə ümidlə yaşamaq ağrısından qurtardım onları. İndi pəncərədən boylananda deyirlər ki, ata cənnətdədir. Sonra da sual edirlər ki,”ana bizi apar cənnətə atanın yanına”. Deyirəm ki, ora çox uzaqdır. Onda deyirlər ki, “ana bizi təyyarəyə mindir gedək cənnətə atanın yanına. O bura gəlmir, biz gedək də, axı darıxırıq ata üçün...”.


Cənnətin yolunun harada olduğunu soruşurlar məndən... dəfələrlə söhbətlərinə qulaq kəsilmişəm, öz aralarında cənnətə atalarının yanına getmək üçün plan cızırlar. Atasının 40-nı verib gələndən sonra, gecənin bir aləmində Vüqar ağlaya-ağlaya yuxudan durdu. Ağlamağını, qışqırmağını kəsə bilmirdik. Güclə sakitləşdirib soruşdum ki, nə olub? Yuxuda nəsə görmüsənmi?! Dedi ki, yuxusunda atasını görüb, atası yanından çıxıb gedib və deyib ki, mən daha qayıtmayacağam. Uşaq göz yaşları içərisində, hirslə, titrəyə-titrəyə soruşurdu ki, atam niyə bizdən küsüb gedib ki, niyə qayıtmır?! Bir dəfə də həyətdə qara rəngli bir maşın görüb gedib hərəsi bir təkərindən yapışıblar ki, atam bizi aparmağa gəlib. Bunları maşından aralayıb apardım. Yolda yenə yanlarından atasının maşınına oxşayan maşın keçdi. Anar dönüb Vüqara dedi ki, “ay qaqa, görürsənmi ata bizdən küsüb, keçib getdi, maşını saxlamadı ki, bizi də aparsın...”. Bax belə əzablar içərisindəyəm.

Həəəə... Qorxuram həyatdan. Bir il keçib, mən isə hələ də onu axtarıram... Evdə hər yerdə onun izləri var axı. Hara getsəm yanımdadır. Yemək yeyəndə də, iş görəndə də özümlə elə xəyal qururam ki, sanki Mühüd də yanımdadır.

Mühüdün anası Sima Hacıyeva Qazaxın Fərəhli kənd məktəbində sinif müəlliməsi olub. Elə öz oğlunun da ilk müəllimi özü olub. “Ana” “Vətən” sözlərini yazmağı öyrədib, Vətəni sevməyi öyrədib şagirdlərinə. Deyir ki, elə bir şücaətli oğul böyütdüm, getdi Vətən üçün şəhid oldu. Ağrısına dözə bilmirlər.

- Keçən dəfə atası Qurban kişi çıxıb evdən yol uzunu gedirmiş ağlaya-ağlaya. Evdə ağlamır ki, biz görməyək, ürəyimizi qubarlandırmasın. Qonşu tutub qolundan gətirib evə. Deyib ki, “sənin oğlun qəhrəmandır, ölməyib, qəlbimizdə yaşayır, biz onunla fəxr edirik, sən nədən ağlayasan?!”.
Atadır, iftixarı, güvənc yeri gedib evindən. Belimizi qırıb tifaqımızı dağıdıb bu itki. Heç mən nə ermənidə, nə müsəlmanda günah görmürəm. Çünki erməninin də balasının günahı yoxdur. Onu da məcbur edib bu davaya, müharibəyə çəkirlər. Xalqın günahsız balalarını niyə güdaza verirlər, qırdırırlar. Vallah mən istəmərəm ki, erməninin də balası ölsün. O da mənim kimi “bala vay, laylay” – deyib ağlayır axı. Bir yolluq qoy bu böyük güclər bu müharibəni ya bitirsinlər, ya da biryolluq dayandırsınlar. Bu aranı qarışdıranlara nifrət edirəm. Müharibəyə nifrət edirəm. Mən bütün analar kimi sülh istəyirəm!!! Mühüdün əkizləri Anar və Vüqar hər dəfə atalarını xatırlayanda ürəyimin başı yanır. Ötən yay kənddə yarpaq dolması bişirmişdim. Mühüd də dolmanı çox sevirdi. Bir də baxıram ki, Anar Vüqara deyir ki, gəl dolmadan götürüb ata üçün saxlayaq, axşam gələndə yeyəcək. Hərəsi öz qabından iki dənə dolmanı götürüb başqa boşqaba qoyub, ağzını da örtdülər ki, atalarına pay saxlayırlar. O uşaqlara baxanda ciyərim partlayır. Deyirəm ki ay Mühüd:

Mələ ceyranım mələ,
Atanı verdim ələ.
Mən mələdim gəlmədi,
Sən mələ bəlkə gələ.

Sən öldün anan qaldı,
Oduna yanan qaldı.
Dünyadan kam almadın,
Əkiz nişanan qaldı.


Dostlarının, hərbçi yoldaşlarının xatirəsində isə Mühüd Orucov əsl döyüşçü, vətənpərvər, mərd, etibarlı bir dost kimi qaldı. Ömrünün sonunu kəşfiyyat taborunun komandiri kimi başa vuran Mühüd Orucov Orduda xidmət etdiyi illər ərzində çox dəyərli əməliyyatlar yerinə yetirmiş, hər zaman da rəhbərliyin rəğbətini qazanmışdı. Zabit və əsgər heyətinə isə hər zaman deyirdi ki, zabit öndə gedəndə arxasına dönüb baxdıqda qürur keçirməli və arxadan gələn heyət də öndəki zabitə öz həyatını etibar etməyi bacarmalıdır. 
Mühüd Orucov da dəfələrlə qrupunda olan əsgərlərlə kəşfiyyat əməliyyatına gedərək, yanındakı şəxsi heyəti sağ-salamat geri qaytarmış, tapşırıqları lazımınca yerinə yetirmişdi. O kəşfiyyat üçün, Ordu üçün yaranmışdı. Dostları danışırdılar ki, bir dəfə 6 nəfərlə kəşfiyyata gedərkən erməninin meşədə qurduqları postun yaxınlığına gəlib çatanda erməni tərəfin iti duyuq düşüb hürməyə başlayır. Meşənin içərisində olan 6 azərbaycanlı hərbi qulluqçu iki hissəyə ayrılaraq əməliyyatı davam etdirirlər. İt isə duyuq düşməklə onların əməliyyatına mane olacaqdı. Axşam vaxtı erməni zabit çıxıb ətrafı nəzərdən keçirərkən, kimsəni görmür. Lakin it hürməsindən hiss edir ki, ərazidə kənar şəxs var. Başları yeyib-içməyə qarışan ermənilər təlaşa düşürlər. Qabaqda olan Mühüd Orucov və onun yanındakı digər kəşfiyyatçı dərhal iki erməni gözətçisini məhv edir, sığınacaqda qalan erməniləri isə oturduqları yerə qumbara atmaqla məhv edirlər.
Mühüdün rəhbərliyi ilə belə əməliyyatlar çox olurdu. Bütün hərbi hissələr bilirdi ki, Mühüd getdiyi tapşırıqdan əliboş qayıtmayacaq... 

“Kəşfiyyatın Mixaylosu” adını əbəs yerə qazanmamışdı ki. Son döyüşdən isə Mühüd qayıtmadı. Qızmış ermənilərin atdığı minaatandan atəş nəticəsində Mühid yerindəcə şəhid olmuşdu. Hər zaman döyüşə və ya əməliyyata hamıdan birinci çıxıb, döyüşün sonunda hamıdan sonra qayıdan Mühüd bu son döyüşündən qayıda bilmədi. Toz dumanı çəkiləndən sonra, arxadakı əsgərlər onu görməyəndə bildilər ki, artıq komandirləri yoxdur... Onlar döyüşə davam etmişdilər. Və o davamiyyətin sonu Talış yüksəkliyini əldə etməklə nəticələndi. Mühüd Orucov, Murad Mirzəyev, Samid İmanov, Pəncəli Teymurov – bunlar dördü də birlikdə Talış yüksəkliyinin alınması uğrunda ilk döyüş tapşırığını uğurla yerinə yetirmişdilər. Elə ilk həmlələrindən düşməndə olan bir neçə postu azad edib, irəliləmiş, arxadan gələn heyəti ardınca apara bilmişdilər...


Aida Eyvazlı Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukraynanın Krivoy Roq şəhəri atəşə tutuldu: 8 ölü, 21 yaralı var
Orqanizminizi mikroblardan təmizləyin
Azərbaycan incəsənətinə böyük itki: Arif Məhərrəmov vəfat edib - FOTO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır