Ukraynanın müdafiə naziri Oliksiy Reznikov Böyük Britaniyadan “Storm Shadow” raketlərini təhvil aldıqlarını ilk dəfə təsdiqləyib.
Oxu24.com xəbər verir ki, bunu nazir mayın 24-də Böyük Britaniyanın müdafiə naziri Ben Uelslə birlikdə keçirdiyi brifinqdə deyib.
O.Reznikov söyləyib ki, bu raketlərdən uğurla istifadə olunur.
Xatırladaq ki, B.Uels Ukraynada səfərdədir.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın Ukraynaya bir neçə “Storm Shadow” qanadlı raket göndərdiyinə dair məlumat yayılmışdı. “Storm Shadow” (“Fırtına Kölgəsi”) uzaqmənzilli qanadlı raketlərini Böyük Britaniya və Fransa birgə hazırlayıb, uzunmənzilli qanadlı raketdir. O, 250 km və ya 155 mil uzaqlıqda yerləşən hədəfləri vura bilir.
ABŞ-ın adı açıqlanmayan yüksək rütbəli hərbi rəsmisinin sözlərinə görə, raket “əsl oyun dəyişdiricidir” və Kiyevə müharibə başlayandan bəri istədiyi döyüş qabiliyyətini verə bilər.
Məlumata görə, hazırda ABŞ-ın Ukraynaya göndərdiyi silahların maksimal məsafəsi təxminən 49 mil və ya təxminən 80 km-dir.
Kreml Britaniyanın bu addımına adekvat cavab veriləcəyini bildirmişdi.
Nigar
Oxu24.com
ŞƏRHLƏR