Şərqi Aralıq dənizi bölgəsində təbii qazı hasilatı, istehsalı və tranziti üzrə ölkələr qrupunu birləşdirən yeni birlik qurulur.
Oxu24.com xəbər verir ki, Şərqi Aralıq dənizi Qaz Forumu adlı birlik Qahirədə işinə başlayacaq.
Misir Neft və Mədənçilik Nazirliyinin verdiyi açıqlamaya görə, foruma 7 ölkə daxil olacaq. Buraya Cənubi Kipr, Yunanıstan, İsrail, İtaliya, İordaniya, Fələstin və Misir daxildir. Bu ölkələrin energetika nazirləri bölgədəki təbii qaz potensialının faydalı şəkildə istifadə edilməsi, texniki və iqtisadi sahələrdə əməkdaşlığın təməlini qoymaq üçün birgə işləyəcəklər. Forumun əsas hədəflərindən biri istehsal və tələbatı ilə üzvlərin maraqlarına xidmət edəcək regional qaz bazarının qurulmasıdır.
Forumun quruluşu ilə bağlı digər bir görüş aprel ayında baş tutacaq. Forumun maraqları və hədəfləri ilə razılaşan istehsalçı, istehlakçı və ya keçid ölkələrindən hər hansı biri bu foruma sonradan üzv ola biləcək.
Qeyd edək ki, Şərqi Aralıq dənizində təbii qaz bölgələrinin bölüşdürülməsi məsələsində adıçəkilən ölkələrin bəziləri ilə Türkiyə arasında ciddi qarşıdurma var. Türkiyə Şərqi Aralı dənizində, xüsusilə Kipr arası ətrafında birtərəfli aparılan kəşfiyyat-axtarış işlərinə qarşı çıxır. Ekspertlər ziddiyyətlərin hətta hərbi qarşıdurma ilə nəticələnə biləcəyini proqnozlaşdırırlar. Bu ölkələrdən Misir, Yunanıstan, İsrail və Cənubi Kipr arasında hərbi əməkdaşlığın genişlənməsi də proqnozların reallaşa biləcəyi ehtimalını artırır. Oxu24.com
ŞƏRHLƏR