"Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin təxminən 1/6-də direktor yoxdur. Misal olaraq, təmsil etdiyim Salyan rayonunda 20 məktəbdə direktor yoxdur".
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin mayın 12-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, “Təhsil haqqında” və “Elm haqqında” qanunlara ciddi dəyişikliklərin edilməsinə ehtiyac var: “Çünki bu sahədə bir sıra boşluqlar var və mövcud problemlər aradan qaldırılmalıdır”.
F.Ağamalı bildirib ki, Salyanda 5 rayonu özündə birləşdirən Regional Təhsil İdarəsinin rəhbəri təhsillə əlaqələsi və anlayaşı olmayan, əvvəllər iqtisadi sahədə çalışan insandır: “Bu cür hallar çoxdur. Bu kimi problemlərin aradan qaldırılması üçün qanunvericilik bazasında daha optimal yollar tapmalıyıq. Digər tərəfdən, bu gün repetitorlar bizə ciddi problemlər yaradır. Bu məsələnin müzakirəsinin qanunvericilikdə əks olunmasına ehtiyac var”.
Deputat vurğulayıb ki, bu gün məktəbi bitirən təxminən 100 mindən çox məzunun yarısı təhsildən kənarda qalır: “Ona görə də texniki peşə məktəblərinə həmin məzunların cəlbi mütləqdir. Eyni zamanda peşə məktəblərinin maddi-texniki bazasının gücləndirilməsinə ehtiyac var. Hörmətli sədr, sizdən xahiş edirəm ki, heç olmasa, parlamentin payız sessiyası müddətində təhsillə bağlı geniş xarakter daşıyan dinləmələr keçirilsin”.
Nigar
Oxu24.com
ŞƏRHLƏR