Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88659
az

Boşanma zamanı əmlak bölgüsü necə olur? - HÜQUQİ YARDIM 

20:2608 May, 2023
805
HÜQUQ
  • A

Boşanma zamanı əmlak bölgüsü necə həyata keçirilir?
 

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (burda Azərbaycan Respublikasını Ədliyyə Nazirliyinin nəzdində olan Qeydiyyat Şöbələri nəzərdə tutulur) xitam verilə bilər. Əgər birgə nikahdan uşaq varsa və ya ər (arvad) nikahın pozulmasına razı deyilsə və yaxud tərəflərdən biri Qeydiyyat Şöbəsində nikahın pozulmasından yayınırsa, boşanmaq üçün lazım olan sənədləri təqdim etməklə boşanma prosesi məhkəmə qaydasında həyata keçirilir və nikah məhkəmə tərəfindən pozulur. Məhkəmə yolu ilə boşanma ilə eyni zamanda və ya boşanma prosesindən sonra məhkəmə birgə nikahdan olan uşaqların kimin himayəsində saxlanması, aliment kimi məsələlərlə yanaşı ər-arvadın birgə əmlakınının bölünməsi məsələsini də həll edə bilər.

 

Ər-arvadın birgə mülkiyyəti

Nikaha xitam verildikdən sonra yaranan və uzunsürən məhkəmə mübahisələrinə səbəb olan problemlərdən biri də əmlak bölgüsüdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ər-arvadın əmlakına münasibətdə onların əmlakının ümumi birgə mülkiyyəti prinsipini nəzərdə tutur. Ər-arvadın ümumi birgə mülkiyyəti dedikdə, nikah müddətində ər-arvadın əldə etdiyi əmlak nəzərdə tutulur. Qanunvericilikdə ümumi birgə mülkiyyətə daxil olan əmlakların müəyyən dairəsi əks olunmuşdur:

ər-arvadın hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 

ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak.

Ər-arvadın əmlakının bölünməsi zamanı nəzərə almaq lazımdır ki, boşanma zamanı uşaq varsa nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 

Eyni zamanda, nikaha daxil olanadək ər-arvaddan birinə məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir.

 

Ər-arvadın birgə mülkiyyətin bölünməsi
Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Birgə mülkiyyətin bölünməsi ər-arvadın qarşılıqlı razılığı əsasında, bu razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvad arasında başqa cür razılaşdırılmayıbsa, ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

Boşanmadan sonra yaranan mübahisələrin bir qismi daşınmaz əmlakın bölgüsü ilə bağlıdır. Əgər ev, torpaq sahəsi və ya digər növ daşınmaz əmlak birgə nikah dövründə əldə edilibsə, boşanmadan sonra ər və ya arvad məhkəmə qaydasında həmin əmlakın bir hissəsini və ya ona çatası hissəni pul şəklində əldə edə bilər.

Həmçinin, əgər qadın nikaha daxil olduqdan sonra ərin və ya onun ailə üzvlərindən birinin evinə qeydiyyata düşübsə, nikaha xitam verildikdən sonra arvadın həmin evdə yaşamaq (istifadə) hüququ var. Daşınmaz əmlakın mülkiyyətçisi şəxsi öz mənzilindən qeydiyyatdan çıxarmaq üçün ilk növbədə məhkəmə qaydasında qeydiyyatdan çıxarmaq istədiyi şəxsə ağlabatan miqdarda kompensasiya ödəməklə onun istifadə hüququna xitam verməli, daha sonra ümumi qaydada onun qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.

 
Boşanma zamanı cehiz və zinət əşyaları
Nikaha daxil olan zaman və ya nikah dövründə qadına hədiyyə şəklində, vərəsəlik qaydasında və ya hər hansı əvəzsiz əqd üzrə verilən cehiz və zinət əşyaları onun özünə məxsusdur və əmlak bölgüsünün predmeti qismində çıxış etmir. Lakin, zinət əşyaları nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilibsə ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.

 

Birgə nikah zamanı yaranmış borc öhdəliyi
Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Yəni, əgər ər və ya arvad birgə nikahda olan zaman bankdan kredit götürmüşsə, boşanandan sonra krediti götürən tərəf sübut etsə ki, həmin məbləğ birgə təsərrüfat aparılan zaman ailənin saxlanmasına sərf edilib, o zaman qarşı tərəfdən həmin kreditin müəyyən hissəsini ödəməyi tələb edə bilər.

 

Nikah müqaviləsi
Nikaha daxil olan zaman gələcəkdə yarana biləcək əmlak bölgüsünə dair mübahisələrin qarşısını almağın ən effektiv vasitəsi nikah müqaviləsidir. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər.

 

Hüquqi yardım
Şərh edilənlərdən də göründüyü kimi boşanma zamanı əmlak və nikah dövründə yaranmış borc öhdəliyinin tərəflər arasında bölgüsü məsələsi tərəflərin ər-arvad kimi öz hüquq və vəzifələrini bilməsini, öz hüquqlarının müdafiəsi üçün vaxtında və lazımi tədbirlərin görülməsini zəruri edir. Çox təəssüf ki, məhkəmə yolu ilə boşanma zamanı əksər hallarda ər-arvadın hər biri öz əmlak iddialarını və birgə nikahdan olan uşaqların saxlanması kimi məsələləri daha çox emosiyalara əsaslanaraq, hüquqi tənzimləmələri bilmədən qiymətləndirir.

Vəkil məhkəmə yolu ilə boşanma zamanı tərəfin hüququnun düzgün formada qorunmasını təmin edir. Vəkil tərəfindən tərtib edilən boşanma ərizəsi işin təməldən düzgün aparılmasına zəmin yaradır. Bu səbəbdən boşanma prosesinə başlamazdan əvvəl bununla bağlı vəkil məsləhəti almağınız tövsiyə edilir.

 

HAZIRLADI: Hicrət Hüseynzadə

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi