Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88326
az

Sumqayıtda 7 yaşlı uşağın ölmünə səbəb olan məşqçini nə qədər cəza gözləyir?

18:1303 May, 2023
375
HÜQUQ
  • A

Aprelin 29-da Sumqayıt şəhərində tanınmış idmançı Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub. Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hadisə cəmiyyətdə böyük rezonans və narazılıq doğurub. Hətta Milli Məclisin mayın 2-də keçirilən plenar iclasında cari məsələlərin müzakirəsi zamanı bu məsələyə toxunulub.

Bəs onun barəsində irəli sürülmüş ittiham sübuta yetirilərsə, təqsirləndirilən şəxsi nə qədər cəza gözləyir?

Məsələ ilə bağlı "Report"a açıqlama verən Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Hikmət Əliyev bildirib ki, həmin hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinin irəli sürülməsi M.Xəlilovun hərəkətlərinə tam uyğundur:


"Nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsində qəsdən sağlamlığa ağır zərbə vurmaq var və bu zərərçəkmiş şəxsin ölümünə səbəb olursa, həmin maddənin tərkib əlamətləri yaranır. Təbii ki, istintaqın gedişindən asılı olaraq işə əlavə maddələr oluna bilər. Çünki məlum videolarda məşqçinin qeyri-adekvat hərəkətləri nümayiş olunur. Onun tələbələrlə rəftarı düzgün deyil. Nəzərə alınmalıdır ki, Mehman Xəlilovun məşqçi olması və onun fəaliyyəti barədə lisenziya olmalıdır. Bu hallar nəzarətdə olmalıdır. Uşaqlarla bağlı bu tip məşqlərdə qadağan olunmuş fəndlərdən istifadə edilməli deyil. İş zamanı məşqçilər uşaqlarla daha ehtiyatlı və həssas olmalıdır".

Vəkil deyib ki, gələcəkdə M.Xəlilovun cinayət işinə Cinayət Məcəlləsinin əzab vermə maddəsi də daxil edilə bilər:

"Videolardan da açıq aydın görünür ki, məşqçinin hərəkətlərində qəsdən sağlamlığa ağır zərbə vurma halları var. İşin yekununa münasibətdə birmənalı olaraq ağırlaşdırıcı və yüngülləşdirici hallar olacaq. Lakin hazırkı vəziyyətdə onu bilmək mümkün deyil".

Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi, Vəkillər Kollegiyasının üzvü Mirzə Xankişiyev qeyd edib ki, M.Xəlilovun vəhşiliyi nəticəsində uşağın ölməsi cəmiyyət arasında çox ciddi rezonans yaradıb. Keçmiş hakim vurğulayıb ki, məşqçiyə qarşı ilkin olaraq irəli sürülən cinayət maddəsi heç də yüngül maddə deyil:


"Təbii ki, heç kim övladını məşqçi yanına ondan ötrü qoymur ki, uşağı hər hansı bir formada ölümlə üz-üzə gəlsin. Sosial şəbəkələrdə olan görüntülərdən görünür ki, məşqçi azyaşlı uşağa qarşı qeyri-insani və qəddarcasına hərəkətlərə yol verir. Hər bir məşqçi əvvəlcədən bilməlidir ki, uşağa qarşı törədilən qəddar hərəkət faciə ilə nəticələnə bilər. Bu fakt üzrə Cinayət Məcəlləsinin 126.3-cü maddəsi qanunvericiliyin tələbi baxımından əsaslı olsa da, cəmiyyət bundan da ağır maddə tətbiq edilməsini tələb edə bilər. Təbii ki, Cinayət Məcəlləsinin 126.3-cü maddəsi də kifayət qədər ciddi maddədir. Maddə üzrə hökm 9 ildən 12 ilə qədər həbs cəzası ola bilər. Digər cəza təyin edilməsini yalnız işin halları müəyyən edə bilər".

Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Əfqan Hacıyev də məsələyə münasibət bildirib. O deyib ki, məlum hadisəyə görə ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin verilməsi normal qəbul olunmalıdır. O söyləyib ki, hər şey istintaqından asılı olacaq:


"Mən başa düşürəm, uşağın faciəvi ölümü cəmiyyətimizi çox sarsıdıb. Lakin bu işə qiymətin verilməsi ibtidai istintaq dövründə əldə olunan materiallardan asılı olacaq. Hakimliyim dövründə qəsdən adam öldürmə maddəsi ilə bir cinayət işini aparırdım. İlkin olaraq təqsirləndirilən şəxs tanışını bıçaqla öldürüb. Amma tam yekunda məlum oldu ki, şəxs özünü müdafiə edib. Lakin mən ona bəraət hökmü verdim. Bu hökmü Ali Məhkəmə də qüvvədə saxladı. Ancaq məşqçinin cinayət işinin yekununda qəsdən adam öldürmə maddəsinin əlavə edilməsi istisna deyil".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim-spikeri Telman Hüseynovun sözlərinə görə, hadisəni törətməkdə təqsirləndirilən M.Xəlilova verilən maddə əslində iki hissədən ibarətdir.


O qeyd edib ki, məşqçinin cinayət işinə ağırlaşdırıcı və yüngülləşdirici maddələrin əlavə edilməsi artıq ibtidai istintaq dövründə toplanmış sübutlardan asılıdır:

“Bu maddə ona ilkin olaraq verilib. Yekun maddə isə sonda müstəntiq tərəfindən qiymətləndiriləcək və bununla bağlı da qərar qəbul ediləcək".

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda ilk dəfə "Dünya Vəkil Cübbələri və Atributları" sərgisi keçirilir
Aliment borcu bu hallarda    silinə     bilər
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu