Ukrayna Prezidenti Volodimir Zelenski Çin Xalq Respublikasının lideri Si Cinpinlə telefon danışığının detallarını açıqlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb.
Zelenski bildirib ki, telefon danışığı bir saat davam edib və ikitərəfli münasibətlərin bütün aktual məsələləri müzakirə edilib.
"Biz Ukrayna üçün ədalətli və davamlı sülhün bərqərar olması üçün mümkün qarşılıqlı fəaliyyət yollarına xüsusi diqqət yetirdik. Heç kim sülhü Ukrayna xalqından çox istəmir. Biz öz torpağımızdayıq və özünümüdafiə haqqını dərk edərək gələcəyimiz üçün mübarizə aparırıq", - deyə o bildirib.
Prezident, həmçinin vurğulayıb ki, Ukraynanın ərazi bütövlüyü 1991-ci ilin hüdudlarında bərpa edilməlidir. Zelenskinin sözlərinə görə, söhbət zamanı Ukrayna-Çin tərəfdaşlığının möhkəmləndirilməsi yollarını da müzakirə ediblər.
"İnanıram ki, bugünkü söhbətimiz bu dinamikanın bütün səviyyələrdə qaytarılmasına, qorunub saxlanmasına və inkişafına güclü təkan verəcək", - Ukrayna lideri vurğulayıb.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR