Ermənistanın Baş naziri Nikol Paşinyan “güzgü prinsipi”nin 1991-ci il sərhəd xəttinə uyğun tətbiq edilməsi ideyası ilə çıxış edir. Erməni baş nazirin irəli sürdüyü “güzgü prinsipi”ndə qoşunların geri çəkilməsi və bundan sonra delimitasiya-demarkasiya prosesinin başlanması nəzərdə tutulur.
İrəvan bununla öz planını həyata keçirmək niyyətindədir: 44 günlük müharibədən sonra Azərbaycan ordusu dövlət sərhədinin bərpa edillməsi istiqamətində irəliləyiş əldə edib; bu prosesə işğal dövründə Ermənistanın qanunsuz şəkildə irəli çəkdiyi sərhədin bərpası daxildir; Nikolun “güzgü prinsipi” isə Azərbaycan ordusunun dövlət sərhədinin bərpa edilən istiqamətlərindəki mövqelərindən geri çəkilməsi deməkdir;
Erməni baş nazirin qoşunların geri çəkilməsini məhz 1991-ci il sərhəd xəttinə uyğun həyata keçirmək təklifi də İrəvanın maraqlarına xidmət edir:
1. İşğal dövründə rəli çəkdikləri dövlət sərhədini yenidən ələ keçirə bilərlər;
2. SSRİ dövründə otlaq və əkin sahəsi adı altında Ermənistana bağışlanan ərazilər onlarda qalacaq;
3. Qazaxın işğal altında qalan 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılması perspektivini sıfırlamaq istəyirlər;
Rəsmi Bakı birmənalı şəkildə buna qarşıdır. Lakin Paşinyan 1991-ci il sərhəd xətti istəyini Praqa və Brüssel razılaşmalarında əksini tapan ərazi bütövlüyünün Alma-Ata bəyannaməsinə uyğun qəbul edilməsi detalına istinadla əsaslandırır, Bakının buna razılıq verdiyini deyir. Hərçənd,
- üçtərəfli razılaşmalarda əksini tapmış öhdəliklərindən heç birini yerinə yetirməyən Ermənistanın Azərbaycanı bunda ittiham etməsi gülüncdür;
- Qərb masasındakı razılaşmalarda Alma-Ata bəyannaməsindən öncə BMT Nizamnaməsinə istinad edilir;
- rəsmi Bakı Qərb masasındakı razılaşmalarla Qarabağın Azərbaycanın daxili məsələsi kimi qəbul edilməsi üçün diplomatik manevr etdi;
Və ən mühüm məqam rəsmi Bakının Qazaxın 7 kəndi və Kərki kəndi ilə bağlı məsələnin delimitasiya-demarkasiya prosesində həll edilməsi tələbində israr etməsidir. Paşinyanın 1991-ci ilin sərhəd xətti ilə bağlı son iddiasına cavab verən Xarici İşər Nazirliyi də 8 kəndimizin işğal altında saxlanılmasını yenə gündəmə gətirib.
“Nikol Paşinyana xatırlatmaq istərdik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan işğal siyasəti nəticəsində 1990-cı ildə Kərki və Bağanis Ayrım kəndləri işğal edilib. Bununla yanaşı, Ermənistanın üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazilərindən hələ də erməni silahlı qüvvələrini çıxarmaması, 8 Azərbaycan kəndini işğal altında saxlaması məlumdur. Bu xüsusda, baş nazir öncə 1991-ci il sərhədləri dedikdə nə nəzərdə tutulduğu məsələsinə aydınlıq gətirməlidir”, - XİN-in sözçüsü Ayxan Hacızadə bildirib.
Rəsmi Bakı bununla bəyan edir ki:
- İşğal altındakı 8 kənd 1991-ci il sərhəd xəttinə daxil deyil;
- Delimitasiya prosesi bu kəndlərin qaytarılması ilə nəticələnməlidir;
Məsələnin masada, yoxsa hərbi meydanda həllini tapacağı bəlli olmasa da, Azərbaycanın hər iki ssenariyə hazır olduğunu demək mümkündür.
Xarici işlər naziri Ceyhun Bayramov bir müddət öncə bu kəndlərlə bağlı məsələnin diplomatik masada həllinin tərəfdarı olduğumuzu, əks təqdirdə, prosesə ordunun müdaxilə edə biləcəyi mesajını vermişdi. İndi top İrəvandadır, ya masada qəbul edəcəklər, ya da hərbi meydanda.
Oxu24.com
ŞƏRHLƏR