Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8691
az

“Qarabağ üçün oxu” layihəsinə hörmətsizlik – Dövlət Agentliyinin məqsədi nədir?

15:3408 Yanvar, 2019
1176
QARABAĞ
  • A
Qarabağ problemi ilə bağlı istənilən məsələ millət olaraq bizim üçün hər şeydən önəmlidir. Problemin həqiqətlərini dünyaya çatdırmaqdan ötrü ən gözəl yollardan biri isə musiqidir. İnformasiya müharibəsinin bəlkə də ən ideal yolu musiqidən keçir. Necə ki 4 il öncə “Qarabağ üçün oxu” layihəsi bu addımı atdı...

İlk hissəsi 2015-ci ildə çəkilən audiovizual musiqi əsərinin ikinci hissəsi 2016-cı ildə ictimaiyyətə təqdim olundu və hər ikisi böyük marağa səbəb oldu. Böyük baxış sayı toplayan ("Qarabağ üçün oxu 1" - 310 min, "Qarabağ üçün oxu 2" - 1.2 milyon baxış) layihədə milli mənəvi dəyərlərimizi əks etdirən müxtəlif mahnılar yeni aranjemanda təqdim edildi. Dünyanın bir çox yerindən azərbaycanlılar, eləcə də incəsənət xadimləri öz ifaları ilə Qarabağ üçün birlik nümayiş etdirib layihəyə dəstək oldular.

Layihənin bədii rəhbəri Ramal Rəsul layihənin üçüncü hissəsini Mənəvi Dəyərlərin Təbliği Fondu ilə əməkdaşlıq çərçivəsində gerçəkləşdirmək üçün hazırlığa başlayıb. Fonddan ona bildirilib ki, üçüncü hissəni reallaşdırmaq üçün ilk iki hissənin müəllif hüquqları alınmalıdır. Musiqiçi bununla bağlı Dövlət Müəllif Hüquqları Agentliyinə müraciət etsə də, imtina cavabı alıb. Agentlikdən bildiriblər ki, bu layihə beynəlxalq layihədir və ona müəlliflik hüququ verilə bilməz.

“Halbuki, mənim ABŞ-ın “Playing for Change” layihəsindən icazə məktubum var. Yəni bu layihənin yaradıcısı olan şirkətdən. 2015-ci ildə onlara bildirdim ki, Azərbaycanda sizin ideyanı “Qarabağ üçün oxu” adı altında reallaşdırmaq istəyirəm. Onlar mənə uğurlar və təşəkkürlər bildirərək, layihənin reallaşdırılmasına icazə verdi” – deyə Ramal Rəsul Femida.az-a açıqlamasında qeyd edib.

Müraciətdən sonra Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli bildirib ki, agentlik yalnız yeni ideyalara müəlliflik hüququ verir. Ramal Rəsul məsələnin davamını belə şərh edib:

“Onda belə çıxır ki, heç kim tamaşa yazıb müəlliflik hüququ almasın?! Tamaşa ilk dəfə Qədim Yunanıstanda ideya olaraq yaranıb. Ondan sonra hər rejissor öz tamaşasını yazır və müəlliflik hüququnu alır. Lap sadə dildə deyək: Binaya bir blokdan girilir, amma hərə öz mənzilinin sahibidir. Bunları eynilə orda Nadirə xanıma da dedim. Lakin o mənə heç bir halda qulaq asmaq istəmirdi.

Daha sonra Nadirə xanım bildirdi ki, bizim bəndlərimizdə sizin layihəyə uyğun bölmə yoxdur. Bu yeni ideyadır. Layihəni yalnız bədii əsər olaraq qeydiyyatdan keçirmək mümkündür. Ona da razı oldum. Mənə dedi ki, 15-20 səhifəlik layihə hazırla. Elə işə təzəcə başlamışdıq, zəng etdilər ki, Azərbaycanda sizdən qabaq buna oxşar “Birlik üçün oxu” layihəsi olub. Bu halda biz müəlliflik hüququ verə bilmərik. Mən isə bildirdim ki, mən öz layihəmə müəlliflik hüququ istəyirəm, “Birlik üçün oxu”ya yox”.

Ramal Rəsulun fikrincə layihənin əvvəlcə yeni ideya olmadığı bəhanəsi ilə, daha sonra isə "Birlik üçün oxu" layihəsi ilə oxşarlığına görə qeydiyyata alınmamasının şübhə doğurur. Bundan sonra musiqiçi layihəni bir kənara qoyaraq, təkcə musiqisini popuri kimi qeydiyattadan keçirmək istədiyini bildirib. Hansı ki, qanun da buna icazə verir:

“Xanıma dedim ki, klipi bir kənara qoyaq. Mən musiqiçi olaraq Azərbaycan xalq və bəstəkar mahnılarını götürüb bir popuri düzəltmişəm. Düzəltdiyim bu popuriyə müəlliflik hüququ istəyirəm və adını “Qarabağ üçün oxu” popurisi qoyuram. O isə bildirdi ki, əsərə bu adı qoya bilməzsiniz. Axı niyə?! Əsər mənimdirsə, istədiyim adı qoyaram. Daha sonra xanım yeni bəhanə axtarmağa başladı və bildirdi ki, yox, bu popuri deyil. Popuridə hər mahnıdan bir hissə olur. Bu dəfə də ona popuri olduğunu sübut etdim: Necə popuri deyil ki, “Durnalar” mahnısı 3 bənddir, biz 2 bənd, oxumuşuq. “Qarabağ” mahnısı 3 bənddir, biz 2 bənd oxumuşuq. “Azərbaycan” mahnısı 4 bənddir və biz 2 bənd oxumuşuq və bunların arasında xüsusi yaradıcı keçidlər qoymuşuq. O isə kobud şəkildə bildirdi ki, sizin mahnıları bir birinə yamaq şəklində keçirmisiz. Mənim layihəmdə böyük sənətkarlar, incəsənət xadimləri iştirak edib. Qarabağla bağlı bir layihəyə necə bu sözü yaraşdırmaq olar?!

Xülasə, mahnını bəstəkar Faiq Sücəddinova göndərdilər. O da dedi ki, popuridir. Amma xanım israrla yeni bəhanə axtarırdı. Son olaraq bildirdi ki, burada aranjeman yoxdur. Necə aranjeman yoxdur ki, “Durnalar” mahnısı caz stilinə uyğunlaşdırılıb. Yeni introlar yazmışıq, musiqilər yeni alətlərdə ifalar olub. Harmoniya müasir dövrə uyğunlaşdırılıb. Bu layihədə 100 nəfər iştirak edib. İncəsənət xadimləri mahnı ifa edib. Bu ideyanı qlobal problemimiz olan Qarabağ problemimizə bağlamışıq. Başa düşə bilmirəm ki, o xanım nəyə görə bu cür ictimai əhəmiyyətli layihə olmasına baxmayaraq, mənimlə prinsip aparır?!”


Qarşı tərəfin də fikirlərini öyrənmək üçün Müəllif Hüquqları Agentliyinə zəng etdik. Agentliyin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli məsələ ilə bağlı Femida.az-a bunları deyib:

Bu müəllif hüquqları ABŞ-da “Play for Change” layihəsində olan bir işdir. Ramal bəy bizə müraciət edəndə ona dedim ki, layihəni ssenari formasında gətirin. Monitorinq aparanda gördüm ki, 5 il öncə bu layihəni Azərbaycanda “Birlik üçün oxu”adı altında reallaşdırıblar. Belə olan halda bunu qeydiyyatdan keçirə bilmərəm. ABŞ şirkəti bunu istifadə etməyə icazə verib, qeydiyyatdan keçirib müəllfi olmağa icazə vermir. İkinci dəfə isə o, əsərini popuri kimi qeydiyyatdan keçirmək istədiyini bildirdi. Bizim agentliyin musiqi eksperti Faiq Sücəddinov əsərə baxdı və bildirdi ki, popuri olsa da, burada aranjeman yoxdur. Musiqini dəyişib gitarada çalmaq aranjeman deyil. Mən Ramala bildirdim ki, popurisinin notlarını gətirsin. Notları Faiq müəllimə təqdim edəcəm. O bir musiqiçi kimi baxıb rəy bildirsin. Mən də onun rəyi əsasında qərar verəcəm.

O ki, qaldı mən ona “mahnılar yamaq kimi birləşib” sözünü deməmişəm. O, sadəcə konfliktə meyilli adamdır. Növbəti dəfə R.Rəsul müraciət etsə, bunu yazılı formada qəbul edəcəm və imtinanın səbəbini yazılı formada bildirəcəm. Bundan sonra gedib hara istəsə müraciət etsin. Mən qanun çərçivəsində işləyirəm. Bu qədər".

Agentlikdən verilən açıqlamanı dəqiqləşdirmək üçün yenidən R.Rəsulla əlaqə saxladıq. Onun açıqlaması isə fərqli oldu:

"Mübahisə böyüdükdən sonra xanım barmaq silkələyərək danışmağa başladı. Mən isə bu hörmətsizliyi qəbul etməyərək otaqdan çıxdım. Mənə heç bir təklif filan olunmadı. Məndən notları istəmələri ilə bağlı iddia yalandır. Üstəlik keçidləri "yamaq" adlandırmaları ilə bağlı iddianı təkzib edə bilməzlər. Yanımda şahid də olub. Mən əsərimin qeydiyyata alınması üçün bütün qanuni işləri görməyə hazıram. Lazımdırsa, notları da təqdim edə bilərəm".

Məsələnin hüquqi tərəflərinə aydınlıq gətirmək üçün vəkil Absaladdin Əliyevə müraciət etdik. Vəkil Femida.az-a açıqlamasında məsələnin Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanunla tənzimləndiyini bildirdi:

“Qanunun 6-cı maddəsində müəlliflik hüququ olan əsərlər göstərilib. Mətnli və ya mətnsiz musiqi əsərləri, audovizual əsərlərə müəlliflik hüququ verilir. 8-ci maddəyə görə isə, əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur. Əgər həmin popuriyə başqa bir şəxsin iddiası yoxdursa, vətəndaşın müəlliflik hüququna sahiblənmək hüququ var”.

“11-ci maddədə isə sırf törəmə əsərlərin müəlliflik hüququndan bəhs edilir. Tərcümə edilən, dəyişdirilən, aranjeman edilən, yaxud başqa cür yenidən işlənilən əsərlərin müəlliflərinin hüquqları saxlanılmaqla tərcüməçi və ya digər törəmə əsərlərin müəllifi öz yaratdığı əsərə müəlliflik hüququndan istifadə edə bilər.

Vətəndaş həqiqətən aranjeman edibsə, musiqilərə əlavə qatqılar edibsə, onun əsərə müəlliflik hüququ yaranır. Sadəcə o Müəllif Hüquqları Agentliyinə rəsmi qaydada müraciət etməlidir. Müəllif hüquqlarına rədd qərarı verilərsə, o məhkəmədə iddia qaldırıb, hüquqlarının təmin edilməsini tələb edə bilər” – deyə vəkil bildirib.

Sonda...

Düzdür, istənilən halda bu cür mübahisələrdə yekun qərarı məhkəmə verir. Mövzunun ictimai əhəmiyyətini nəzərə alsaq, ortaya bizi narahat edən başqa bir məsələ çıxır. Onsuz da ermənilərin nə qədər oğru xalq olduğuna hamımız bələdik. Dəfələrlə musiqilərimizi oğurlayıb erməni musiqisi kimi qələmə verdiklərinin şahidi olmuşuq. Onlar “Qarabağ üçün oxu” layihəsini də oğurlaya bilər və əgər əsərin müəllif hüquqlarını sübut edən heç bir rəsmi sənəd olmasa (Müəllif Hüquqları Agentliyinin verdiyi şəhadətnamə 161 ölkədə tanınır), daha bir ictimai əhəmiyyətli əsəri öz əllərimizlə “ermənilərə” hədiyyə etmiş olacağıq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Şuşaya gedənlərə xəbərdarlıq

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı