Bakıda 16 yaşlı qonşusunu qisas məqsədilə öldürməkdə ittiham olunan Babək Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Oxu24.com xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Novruz Kərimovun sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, ötən il sentyabrın 6-da Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.
Faktla bağlı Sabunçu Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaqla zərərçəkmişin qonşusu 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, daha sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Babək Quliyev şübhəli şəxs qismində tutularaq, barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqın sonunda Babək Quliyevə Cinayət Məcəlləsinin 120.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə)maddəsi ilə yekun ittiham verilib.
O, verilmiş ittihamla təqsirli bilinsə, 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum edilə bilər.
Oxu24.com
ŞƏRHLƏR