Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84836
az

Bakıda ajiotaj yaradan gündüz cinayətləri... - Silahlar necə əldə edilib?

10:5515 Mart, 2023
667
ÖZƏL BÖLÜM
  • A

Cəmiyyətdə bir hadisə nə qədər tez-tez baş verərsə, o şey insanlar üçün adiləşir. Təəssüf ki, kriminal xəbərlərin ölkə gündəmində yetərincə böyük pay sahibi olduğu gerçəkdir. Hətta bəzən nəticəsində ölüm olmayan pis xəbərlərə sevinəcək hala gəlirik. Təsəlli oluruq ki, bıçaqlandı, ən azından ölmədi. Lakin görünən odur ki, artıq cinayətkarlar işini yüz faiz “zəmanət” altına almaq istəyir. Belə olmasa, son iki həftədə Bakıda bıçaqları odlu silahlar əvəz etməzdi.

İki həftədə iki fərqli ünvanda iki silahlı insident yaşandı. Bir nəfər öldü, üç nəfər isə yaralandı. Martın 4-də “Bravo” hipermarketdə kütlə arasına avtomat və tapança ilə girən dəstə üzvləri bir nəfəri öldürdü, birini ölümcül yaraladı. Onlar bankomata qoyulmalı olan pulları götürüb qaçdılar. Cəmiyyətdə ciddi ajiotaja səbəb olan bu hadisənin xofu keçməmiş Bakı Dövlət Sirkinin yaxınlığında daha bir silahlı insident yaşandı. İki sadə vətəndaş kriminal qruplar arasındakı hesablaşmanın güdazına gedib ağır yara aldı. Sabah daha bir insidentin baş verməyəcəyindən heç kim əmin deyil...

Bəs satışı qadağan olunan silahlar vətəndaşların əlinə haradan keçir?

Son hadisələr Azərbaycanda odlu silah əldə etməyin asan olduğuna dair şübhələr yaradıb. Baxmayaraq ki, qanun ov üçün nəzərdə tutulan silahlardan başqa Azərbaycanda odlu silah əldə etməyi qadağan edir.

 

Xidməti və mülki silah haqqında Qanuna görə, Azərbaycanda 18 yaşına çatmış istənilən şəxs mülki silah əldə edə bilər. Mülki silah isə özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahlara deyilir. Özünümüdafiə silahı - yalnız hücumu dəf etmək təyinatına malik olan gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğulu qaz silahı; idman silahı - idman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silah, ov silahı isə vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır.

Mülki silahın alınmasına həm icazə verən, həm də nəzarət edən qurum Daxili İşlər Nazirliyidir. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazinin polis orqanına və ya DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edə bilər: "Mülki silahın alınmasına xüsusi icazə verilir. Vətəndaş xüsusi icazə ilə əldə edilmiş silahı iki həftə ərzində müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidir. Silahın sahibinə onun saxlanılması və təyinatı üzrə istifadəsi hüququnu təsdiq edən şəhadətnamə verilir. Bu şəhadətnamə verilərkən müvafiq rüsum ödənilir.

Bundan başqa, ovçuluq fəaliyyətini həyata keçirmək üçün istifadəsinə icazə verilmiş ov silahları əldə edə bilər. Bu silahlar da rəsmi qeydiyyatdan keçirilir, bu barədə ovçuluq biletində qeyd olunur. Yivli ov silahına icazə o ovçulara verilir ki, onların 5 ildən az olmayaraq müddətdə istifadəsində yivsiz ov silahı olsun”.

 

DİN əməkdaşının sözlərinə görə, mülki silahın istifadəsi bir sıra şəxslər üçün qadağandır: "Şəxsin mülkiyyətində yeddi ədəddən artıq odlu silah olduqda, haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı əks göstərişi olduqda, ağır cinayətlərə görə, silahdan, döyüş sursatından və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda, digər hüquqpozmalar törətdikdə, polis orqanlarında profilaktik, əməliyyat uçotunda olduqda və s. hallarda vətəndaş mülki silah ala bilməz".

Bəs istifadə necə tənzimlənir? Silahı aldıqdan sonra istənilən yerdə istifadə etmək olarmı?

Nurlan Əliyev deyir ki, aşağıdakı hallardan başqa mülki silahdan istifadə qadağandır: “Mülki silahın istifadəçisi onu həyatı, sağlamlığı, mülkiyyəti və ya mənzil toxunulmazlığını cinayətkar qəsdlərdən qorumaq, digər şəxs tərəfindən silahın ələ keçirilməsinin qarşısını almaq, insana hücum edən və ya əhaliyə təhlükə yaradan heyvanı məhv etmək, yardım çağırmaq üçün tətbiq edə bilər. Odlu silahı tətbiq etməzdən əvvəl şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq atəşi açılmalıdır.

İnsanların toplaşdığı və ya kənar şəxslərin ziyan çəkə biləcəyi yerlərdə, qadınlara, yanında azyaşlı uşaqlar olan şəxslərə, açıq-aşkar əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun əlamətləri olan şəxslərə, azyaşlı olduğu aşkar görünən və ya məlum olan şəxslərə qarşı onlar tərəfindən silahlı və ya qrup şəklində basqın hallarından başqa odlu silahın tətbiq edilməsi qadağandır”.
Ətraflı

 

Nəzərə alsaq ki, “Bravo”dakı hücum zamanı istifadə olunan silahlardan biri “Kalaşnikov” tipli avtomat, eləcə də mülki silah kateqoriyasına aid olmayan tapançalar (“Makarov”, “Colt”, “Blow TR 92D”), eyni zamanda Sirkin qarşısındakı insidentdə də eynilə tapança idi, onların bu silahları haradan əldə etməsi maraq doğurur.

Hərbi ekspert Üzeyir Cəfərlinin fikirləri bu suala cavab tapmağa yardımçı olur. Ehtiyatda olan polkovnik “Qafqazinfo”ya deyib ki, Vətən Müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdən müəyyən silah-sursatların digər bölgələrə, xüsusilə də Bakıya sızması böyük ehtimaldır: “Düşünürəm ki, Bakıdakı silahlı insidentlərdə istifadə edilən silahların oradan gətirilib-gətirilmədiyini hüquq-mühafizə orqanları müəyyənləşdirə bilər. Hətta keçən dəfə mediada bir şəxsin pulemyotla tutulması xəbərinə rast gəldim. Böyük ehtimalla savaş günlərində kimsə həmin silahlardan ələ keçirib. Silah əldə qalırsa, o, mütləq bir gün özünü göstərəcək. Xüsusilə də cinayətkarlar üçün bu, fürsət yaradır. Hüquq-mühafizə orqanları işi gücləndirməlidir. Bu hadisələr ard-arda oldu deyə, insanlarda ajiotaj yaratdı. Amma milyonluq şəhər üçün bu şeylərin yaşanması təəccüblü olmamalıdır. Çünki bəzən xırda qarətlər silahlı insidentlə nəticələnə bilir”.

 

Mövzu ilə əlaqədar Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbasın da mövqeyini öyrəndik. Millət vəkili “Qafqazinfo”ya bildirib ki, o, hər iki Qarabağ Müharibəsini görmüş biri kimi bu cür silahlanmanın adətən düşməndən götürülən qənimət silahlar hesabına artdığını güman edir: ““Bravo” marketdəki hadisə sırf planlaşdırılmış terror hadisəsi idi. Sirkin qarşısındakı insident isə kriminal qruplar arasındakı mübahisə idi. Qaldı ki, bütün müharibələrdən qənimət kimi götürülən silahlar olur. Görünür ki, I Qarabağ Müharibəsindən sonra olduğu kimi, II Qarabağ Müharibəsindən sonra da götürülən həmin silahlar kimlərinsə əlinə keçib, satıblar. DİN bu adamlara qarşı mübarizə aparır.

Düzdür, DİN mütəmadi silah tapılmasına dair məlumatlar açıqlayır. Amma istənilən halda diqqətdən yayınmağı bacaran şəxslər var”.

 

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl isə hesab edir ki, bu cür hadisələr dünyanın hər yerində, ən inkişaf etmiş ölkələrində belə baş verir. Bizdə ona görə xüsusi gərginlik yaradır ki, bu bir-birinin ardınca baş verib: “İki silahlı hadisənin bir-birinin ardınca baş verməsi təbii ki, cəmiyyətin psixologiyasına təsir edən, gərginlik yaradan faktorlardan biridir. Dünyada silahların gəzdirilməsinə icazə olmadığı üçün Azərbaycanda da yalnız ov tüfənglərini gəzdirmək mümkündür. Amma digər silahların əldə olunması Azərbaycanda başqa ölkələrdən daha asandır. Çünki Azərbaycan 30 il ərzində iki Qarabağ müharibəsi aparıb. Hər iki müharibədə canlı itkilərlə yanaşı, hər iki tərəf həm də silahlar itirib. Bura həm avtomat silahlar, həm də tabel silahları daxildir. Azərbaycan tərəfdə bu silahlar tapılanda hamı gətirib onları dövlətə təhvil verməyib. Bəziləri hansısa məqsədlər üçün saxlayıb. Yəni başqa ölkələrə nisbətən, Azərbaycan müharibə aparan dövlət olduğuna görə, silah əldə etmək problem olmayıb”. 

 

Ekspertin sözlərinə görə, artıq bu məsələlər Daxili İşlər Nazirliyinin əsas hədəflərindən olmalıdır. Bu, həm ictimai təhlükəsizlik baxımından, həm də insanların qorxu içərisində yaşamaması üçün lazımdır: “Perspektivdə silahların qanunsuz olaraq əldə olunması mütəşəkkil cinayətkarlığa keçə bilər, mütəşəkkil cinayətkar dəstələr yarana bilər. Maddi vəziyyət gərginləşdikcə, bahalaşma getdikcə, bunlar müəyyən təhlükə yarada bilər. DİN bu sahədə müəyyən işlər görür. Çox istərdik ki, bunun mütəşəkkil cinayətkarlıq formasına keçidinin qarşısı alınsın. Əməliyyat tədbirləri keçirilib kimdə qanunsuz silahlar varsa, tapılıb təhvil verilsin. Xalqa müraciət də etmək olar ki, kimdə silahlar varsa, nə vaxtsa tapıblar və indi istəyirlər dövlətə təhvil versinlər, elə bilməsinlər ki, onları cinayətkar kimi qəbul edəcəklər. Əksinə, onlar könüllü təhvil verdiklərinə görə heç bir məsuliyyət daşımırlar. Profilaktika, maarifləndirmə işləri bu baxımdan çox vacibdir”. 

Dünya təcrübəsinə gəlincə, ABŞ dünyada silah gəzdirən vətəndaşların sayına görə ilk yerdədir. Amerikada yaşayan ailələrin 44 faizinin evində ən azı bir silah var. Burada bəzi ştatlarda hətta heç bir sənəd göstərmədən sadəcə mağazaya girib silah almaq mümkündür. Orada hər il orta hesabla 50 min nəfər silahlı insidentlər zamanı həyatını itirir.

ABŞ-dən sonra mülki silahlanmaya görə, sonrakı yerləri isə Hindistan, Çin, Pakistan, Rusiya tutur. Azərbaycana qonşu olan ölkələrdən ilk “10-luq”da Türkiyə də var. Bununla belə silahlı cinayətlərin statistikasına görə, El Salvador (91%), Braziliya (72%) və Honduras (59%) dayanır. Bu ölkələrin əksinə İslandiya və İrlandiyada əhali silah almaqda sərbəst olduğu halda polislər silahsız fəaliyyət göstərir.

Amin Nəzərli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı”- Hakim qarşısında