Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədən Azərbaycana arvadının cinsiyyət orqanında narkotik gətirməkdə təqsirləndirilən Emin Məmmədov və həyat yoldaşı L.M-ə hökm oxunub.
Oxu24.com -un verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Emin Məmmədov 10 il, arvadı isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
E. Məmmədovun arvadı istintaq zamanı azadlıqda olsa da, həbs edilməyib. Onun himayəsində azyaşlı uşağı olduğu üçün onun 14 yaşı tamam olanadək hökmün icrası təxirə salınıb.
İttihama görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı olan xanım sərnişin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında gömrükçülər tərəfindən yoxlama zamanı o, cinsiyyət orqanında gizlətdiyi və qoruyucu rezinin içərisinə qablaşdırılan 427 ədəd çəhrayı rəngli həbləri çıxararaq təhvil verib.
Həmin şəxs həblərin “ekstazi” adlandırıldığını, həmin həbləri həyat yoldaşının istəyi ilə onun tanışlarından pul müqabilində aldığını, ölkə ərazisində dövriyyəsinin qadağan olduğunu bildiyindən daxili orqanında gizlədərək gömrük nəzarətindən keçirməyə çalışdığını etiraf edib.
Onu qarşılamağa gələn həyat yoldaşı Emin Məmmədov Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində gömrükçülər tərəfindən saxlanılıb.
Oxu24.com
ŞƏRHLƏR