Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8141
az

Bayram Səfərovla bağlı gözlənilməz addım - Qarabağ icmasının rəhbəri niyə dəyişdi?

10:0521 Dekabr, 2018
804
SİYASƏT
  • A
 İcmanın II qurultayında sədrlik peşəkar diplomata - XİN əməkdaşına keçdi; Azərbaycan 2019-cu ilə Qarabağla bağlı ön hazırlıqları gücləndirir; təzə il böyük dönüş ili olacaq?..

Dünən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni idarə heyəti təsdiqlənib. İcmanın II qurultayında təzə idarə heyəti seçilib və yekun qərara əsasən, Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın yeni sədri seçilib. Məlumata görə, Asif Cahangirov isə icra heyətinin sədrinin müavini vəzifəsinə seçilib. Digər müavin Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov olub.

Tural Gəncəliyev 1980-ci ildə Şuşa şəhərində doğulub. Ali təhsillidir. Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkili - Ombudsman Aparatında və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Hazırda XİN-in Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsində çalışır.

Arayış üçün onu da bildirək ki, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması 1992-ci il martın 24-də ATƏM-in (ATƏT) Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılıb. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə konfliktin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib. Bu mənada Dağlıq Qarabağın Azərbaycanlı İcması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib.

2009-cu ildə Bakıda icmanın I Qurultayı keçirilib. Həmin qurultayda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri və icmanın rəhbəri seçilib. İcma Dağlıq Qarabağın 65 mindən çox olan azərbaycanlı əhalisini birləşdirən təşkilatdır.

*****

Qeyd edək ki, budəfəki tədbir kifayət qədər gözlənilməz olub. Hər halda, qurultay və ona hazırlıqla bağlı yerli KİV-də heç bir informasiya getməmişdi. İcmanın artıq köhnə sədri Bayram Səfərov da qəzetimizə bir neçə gün öncə verdiyi geniş müsahibədə bu haqda heç nə bildirməmişdi. Ən çox diqqət çəkən məqam isə 9 ildir sədr işləyən Bayram Səfərovun yerinə, ümumiyyətlə, bu vəzifəyə ilk dəfə peşəkar diplomatın gətirilməsidir. Şübhə yox ki, yenilik bilavasitə Azərbaycan rəhbərliyinin iradəsi ilə həyata keçib.


Görünür, rəsmi Bakı Qarabağ məsələsi ətrafında xüsusən də Ermənistandakı son proseslərdən sonra yaranmış həssas bir durumda əhəmiyyəti artan bu posta yalnızca vətənpərvər bir insanın başçı olmasını yetərli saymır. Eyni zamanda, həmin şəxsin beynəlxalq siyasət və diplomatiya sahəsində bilikli və savadlı olmasını, Dağlıq Qarabağ ətrafında proseslərdən yaxşı baş açmasını və çevik olmasını, bütövlükdə beynəlxalq müstəvidə icmanın fəal olmasını və Qarabağ gerçəyini dünyaya daha effektli çatdırılmasını istəyir. Razılaşaq ki, Bayram Səfərov özünün bütün müsbət keyfiyyətlərinə, vətənpərvərliyinə rəğmən, diplomat və siyasətçi deyildi.

Bu mənada baş verən bu qəfil dəyişiklik 2019-cu ildə Dağlıq Qarabağla bağlı mühüm bir gözləntiyə hazırlıq (işarə) və ya onun anonsu da sayıla bilər. Məsələ ondadır ki, başa çatmaqda olan 2018-ci il Qarabağ probleminin həlli baxımından dönüş ili olmasa da, bəzi maraqlı, hətta ümidverici gəlişmə və məqamlarla yadda qalıb.


Məsələn, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın yeni rəhbəri Nikol Paşinyan arasında Düşənbədə Qarabağla bağlı ilk şifahi anlaşma olub. Bunun nəticəsi olaraq, təmas xəttində gərginlik azalıb, rəsmi Bakı Ermənistanda hakimiyyətə gəlmiş yeni qüvvəyə unikal bir imkan verib ki, parlament seçkilərini keçirsin, hökuməti formalaşdırsın. Bir şərtlə ki, seçkidən sonra rəsmi İrəvan Qarabağ məsələsində əvvəlki xunta rejimindən fərqli olaraq, konstruktiv mövqe tutsun.

Azərbaycanın bu jestinə düşmən tərəfin necə cavab verəcəyini yeni ilin ilk aylarında görəcəyik. Bir sıra ekspertlərə görə, artıq legitimlik qazanmış Paşinyan hökuməti Qarabağla bağlı Bakı ilə hansısa razılaşmaya gedə də bilər. Bunu ən əvvəl işğalçı ölkənin düşdüyü ağır blokada rejimi və getdikcə Rusiyadan artan asılılıq diktə edir. Başqa yandan, Ermənistanın "demokratik rəhbəri” anlayır ki, əgər Qarabağ məsələsində Bakı ilə o da anlaşa bilməsə, o zaman vəd elədiyi islahatlar boşa çıxacaq və böyük müharibə qaçılmaz olacaq.    

O sırada Ermənistanın yeni rəhbərliyinin Qarabağdakı separatçı rejimi birbaşa danışıqlara qoşmaq kimi əsassız tələbindən birdəfəlik imtina edəcəyi gözlənilir. Yaxud separatçı rejim danışıqlara qoşulacaqsa da, qeyd etdiyimiz kimi, bu, yalnız Minsk Qrupunun mandatı çərçivəsində mümkün olacaq. Həmin mandata görə, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması maraqlı tərəflərdir. Yəni nizamlama prosesində onların hər ikisi eyni statusa malikdir və sonda onların da mövqeyi ciddiyə alınacaq.      

Bütün hallarda istisna deyil ki, Qarabağın azərbaycanlı icmasının rəhbərliyinə diplomatiyanı və xaric dilli yaxşı bilən kadrın gətirilməsi bu istiqamətdə həm də ön hazırlıqlardan biridir. Həmçinin bu, Qarabağa dair hansısa böyük anlaşmanın uzaqda olmadığının mesajı da hesab oluna bilər. 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi
Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi
Mehriban Əliyeva     başsağlığı     verdi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır