Mətbuatın Naxçıvan əsilli şəxslərin cənazələrinin Bakıdan təyyarə ilə Naxçıvana aparılması sahəsində problemi gündəmə gətirməsindən sonra meyitlərin daşınması mövzusu ətrafında müzakirələr başlayıb. Bəs hüquqi aktlarda bu məsələ necə əksini tapıb?
BakuPost-un araşdırması zamanı bu məsələnin Nazirlər Kabinetinin bir müddət əvvəl qəbul etdiyi "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda qismən əksini tapdığı, ancaq daşınmaya dair prosedurun və tələblərin hələ tam müəyyənləşmədiyi, Qaydalara əsasən Nazirlər Kabinetinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə daşınmaya dair tələbləri müəyyənləşdirməyi tapşırdığı üzə çıxıb.
Beləliklə, Qaydalara əsasən Qəbiristanlıqlarda sanitariya-gigiyena normalarına riayət olunmasına nəzarət Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək. Dəfn mərasiminə hazırlıqla bağlı meyitlərin yuyulması və dəfnlə bağlı digər xidmətlərin göstərilməsi zamanı yaranan tullantı suları təmizləyici və dezinfeksiyaedici maddələrlə zərərsizləşdirildikdən sonra kanalizasiya sisteminə axıdılmalıdır. Ölmüş şəxsin cənazəsinin qəbiristanlığa aparılması və ya daşınması tabutlarda həyata keçirilməlidir. Ölmüş şəxsin cənazəsi qəbiristanlığa nəqliyyat vasitələri ilə daşınarkən, aşağıdakı sanitariya-gigiyena normalarının tələbləri gözlənilməlidir:
- cənazələrin yeyinti məhsulları daşınan avtomobil nəqliyyatı vasitələrində daşınmasına yol verilməməlidir;
- cənazələr avtomobil nəqliyyatı vasitələri ilə daşınarkən, həmin nəqliyyat vasitələrinin konstruksiyası və təchiz edilmiş avadanlıqların xüsusiyyətləri, habelə tabutun qabariti və çəkisi nəzərə alınmalıdır;
- cənazələr daşındıqdan sonra avtomobil nəqliyyatı vasitələri mütləq onların sahibləri tərəfindən təmizlənməli və dezinfeksiya edilməlidir;
- cənazənin dəmir yolu, su və hava nəqliyyatı vasitəsilə daşınması zamanı, cənazə dibinə nəmliyi hopduran maddələr və ya əşyalar döşənmiş, hermetik lehimlənmiş və sinklənmiş tabuta yerləşdirilməli və onun daşınması üçün metal tabutun hermetik taxta qutuya qoyulması ölmüş şəxsin qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkən digər şəxslər tərəfindən təşkil edilməlidir.
Cənazənin dəmir yolu, su və hava nəqliyyatı vasitəsilə daşınmasına dair tələblər daşıyıcıların təklifləri əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müəyyən edilir. Şəxsin meyitinin, həmçinin meyitin qalıqlarının və ya külü saxlanılan urnanın ölmüş şəxsin qohumları, qanuni nümayəndələri və ya onu dəfn edəcək digər şəxslər tərəfindən gömrük sərhədindən keçirilməsi göndərən ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş ölüm faktı haqqında müvafiq tibbi arayış və ya onun notarial qaydada təsdiq edilmiş surətinin, yaxud diplomatik nümayəndəlik və ya konsulluqlar tərəfindən verilən ölüm haqqında şəhadətnamə və ya onun notarial qaydada təsdiq edilmiş surətinin və ölmüş şəxsin şəxsiyyətini təsdiq edən sənədlərin surətinin aidiyyəti gömrük orqanlarına təqdim edilməsi yolu ilə həyata keçirilir.
Meyit 24 saat ərzində dəfn olunmadıqda, onun çürüməsinin qarşısının alınması üçün ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya onu dəfn edəcək digər şəxslərin müraciəti əsasında müvafiq tibb müəssisəsi tərəfindən profilaktik tədbirlər görülür. Ölüm səbəbi təhlükəli yoluxucu xəstəliklər olduqda, meyitlərin daşınmasına və dəfninə, onların daşındığı tabutların və nəqliyyat vasitələrinin dezinfeksiya edilməsinə dair tələblər Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir. Radiasiya fonu qanunla müəyyən edilmiş normadan yüksək olan meyitlərin dəfni "Əhalinin radiasiya təhlükəsizliyi haqqında” qanunun və bu Qaydaların tələblərinə riayət olunmaqla həyata keçirilməlidir. Oxu24.com
ŞƏRHLƏR